close

İlham Əliyev: “Sülh olmasa, nə Ermənistan, nə də Azərbaycan üçün yaxşı olacaq”

Foto: president.az

Ölkə başçısı deyib ki, Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları var

“Əgər Ermənistan sülh istəmirsə, sülh olmayacaq. Tarixdən bilirik ki, sülh sazişini imzalamayan ölkələr də var. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olacaq”.

Bu fikirləri mayın 3-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşada eks-prezident Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda keçirilən beynəlxalq konfransda səsləndirib.

Əliyev əlavə edib ki, bu, Azərbaycan üçün də yaxşı olmayacaq:

Ona görə də biz hələ də ümid edirik ki, onlar məntiqli davranacaqlar, sabiq Minsk Qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər”.

Sülh sazişinin layihəsinə gəldikdə ölkə başçısı deyib ki, Azərbaycan Ermənistana sazişin layihə variantının dörd nüsxəsini, dörd yeni variantını göndərib:

Onlar öz qeydlərini bildirdilər. Biz onların sonuncu şərhini 40 gündən çoxdur ki, gözləyirdik. Biz bu şərhi, sadəcə, bir həftə bundan əvvəl aldıq. Bu da Vaşinqtondakı görüşdən əvvəl idi, çünki onlar onsuz da Vaşinqtondakı görüşün mənasız olduğunu başa düşdülər”.

“Ermənistanın şərhində Azərbaycana qarşı ərazi iddiaları var. ABŞ və Avropa İttifaqının rəsmiləri ilə çoxsaylı danışıqlarımda Ermənistana və ABŞ-a tamamilə aydın idi ki, burada ikiistiqamətli yanaşma olmalıdır. Birincisi, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, ikincisi, Azərbaycan hökuməti və Qarabağın erməni icması ilə danışıqlar. Sülh sazişinin mətninə mövcud olmayan Dağlıq Qarabağı salmaq üçün istənilən cəhd qeyri-məhsuldardır”, – deyə Əliyev vurğulayıb.

Mayın 3-də Ermənistanın Baş nazir Nikol Paşinyan da parlamentdə sülh sazişindən danışıb:

“Bəli, masanın üstündə bir sənəd var. Mən bu sənəd haqqında bu tribunadan – açıq şəkildə danışdım. Danışıqlar getdiyi üçün hər hansı müsbət və ya mənfi rəy danışıqların gedişinə təsir edəcək. Qoy heç nə deməyək”.

Mayın 1-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.

ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, iki ölkə arasında dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır.

Bu həftə yeni binamız – Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, – deyə Blinken qeyd edib.

Danışıqlar daha 2 gün də davam edəcək.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

“Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətİlham Əliyev: “Sülh olmasa, nə Ermənistan, nə də Azərbaycan üçün yaxşı olacaq”