close

Vaşinqton danışıqlarının 4 gün davam edəcəyi bildirilir

Foto: Twitter

Antoni Blinken: Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır

Mayın 1-də səhər saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş olub.

ABŞ dövlət katibi Antoni Blinken “Twitter” səhifəsində yazıb ki, iki ölkə arasında dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır.

“Bu həftə yeni binamız – Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə sülh danışıqları aparırıq. Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”, – deyə Blinken qeyd edib.

Dövlət Departamenti Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-ın paytaxtındakı danışıqların birinci günü başa çatan zaman optimizm ifadə edib.

Departamentin mətbuat katibinin müavini Vedant Patel gündəlik brifinqində deyib ki, iki ölkə arasında sülh mümkündür:

Biz inanırıq ki, birbaşa diplomatiya ilə dialoq baş tutur”.

“Turan”-ın “Vaşinqton uğurlu nəticəni necə təsəvvür edir” sualına V.Patel “bu, bu iki ölkədən asılıdır” – deyə cavab verib:

Nəhayət, biz Cənubi Qafqazda sülhün mümkün olduğuna inanırıq. Bizim axtardığımız budur: Dağlıq Qarabağ regionunda bu iki ölkə arasında sülh və sabitlik”.

Təlim Mərkəzində keçirilən danışıqların 4 gün çəkəçəyi bildirilir.

Foto: Twitter

ABŞ-ın rəhbərlik etdiyi dialoqa Rusiyanın mövqeyi ilə bağlı suala Dövlət Departamentinin adının çəkilməsini istəməyən digər rəsmisi “Turan”a deyib ki, ruslar bunu mənfi qəbul etsələr, məyus olarlar.

“Ən vacibi tərəflərin harada baş verməsindən asılı olmayaraq – Vaşinqtonda, Brüsseldə və ya Moskvada bir-biri ilə əlaqə qura bilməsidir. Məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və ləyaqətli sülhdür”, – deyə Dövlət Departamentinin həmin sözçüsü fikrini yekunlaşdırıb.

Vaşinqton danışıqları ərəfəsində Azərbaycan xarici işlər nazirliyinin sözçüsü Ayxan Hacızadə ”Twitter” səhifəsində iki ölkə arasında sülhün vaxtının çatdığını yazıb:

“Azərbaycanla Ermənistan arasında ərazi bütövlüyü və suverenliyə əsaslanan sülhün vaxtı çatıb”.

Laçın dəhlizində nə baş verib?

Aprelin 23-də Azərbaycan birtərəfli olaraq Ermənistanla sərhəddə – Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub.

Dövlət Sərhəd Xidməti bildirib ki, məqsəd Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələr üçün canlı qüvvə, silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısını almaqdır.

Aprelin 24-də Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistanı dərhal mövcud razılaşmalara qayıtmağa çağırıb:

Hədsiz narahatlıqla atəşkəs rejiminin pozulması hallarının artmasını qeyd edirik. Biz tərəfləri dərhal mövcud razılaşmalara qayıtmağa çağırırıq”.

Biz həmçinin xarici Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri Rusiyaya qarşı qarayaxma kampaniyası da daxil olmaqla, vəziyyəti qızışdırmaq cəhdlərinə qarşı xəbərdarlıq edirik”, – deyə Rusiya Xarici İşlər Nazirliyi vurğulayıb.

ABŞ və Fransa isə hadisədən narahatlıqlarını ifadə edərək bu addımın pisləyib, bunun sülh prosesinə mane ola biləcəyini ehtimal ediblər.

Münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətVaşinqton danışıqlarının 4 gün davam edəcəyi bildirilir