close

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul edib

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Sanksiyaya məruz qalan mal və texnologiyanın üçüncü ölkələrə satışı məhdudlaşdırılır

Avropa İttifaqı Ukraynaya hərbi müdaxiləsi ilə əlaqədar Rusiyaya qarşı növbəti, 11-ci sanksiya paketini qəbul edib.

Bu, Aİ-yə üzv ölkələrin iyunun 21-də birgə əldə etdikləri razılaşmadan sonra həyata keçirilib.

Ən son qəbul edilən sanksiya paketinə nələr daxildir?

Ticarətlə əlaqəli olanlar

– Sanksiyaya məruz qalan mal və texnologiyanın üçüncü ölkələrə satışı Aİ tərəfindən məhdudlaşdırılır.

– Aİ, Aİ-dən üçüncü ölkələrə ixrac edilən qabaqcıl texnologiya və ya aviasiya ilə bağlı materialların Rusiya vasitəsilə tranzitini qadağan edir.

– Aİ Rusiyanın hərbi-sənaye kompleksini birbaşa dəstəkləyənlər siyahısına 87 yeni qurum əlavə edib. Bu da onların ikili istifadə və qabaqcıl texnologiya məhsulları üçün daha sərt ixrac məhdudiyyətlərinə məruz qalması deməkdir. İndiyə qədər olan siyahıda Rusiya və İran qurumları var idi. Bu dəfə Çin, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Suriya və Ermənistanda qeydiyyatdan keçmiş şirkətlər də əlavə edilib.

– Aİ Ukraynada döyüş meydanında Rusiya silahları və ya bu cür əşyaların istehsalı üçün lazım olan avadanlıqlarda tapılan 15 yeni texnoloji əşyanı Rusiyaya ixrac etməyəcək.

– Aİ üçüncü ölkədə emal edilmiş sanksiya tətbiq edilmiş dəmir və polad malların idxalçılarından istifadə edilən materialların Rusiyadan gəlmədiyini sübut etmələrini tələb etməklə, dəmir və polad malların idxalına məhdudiyyətləri sərtləşdirir.

– Sanksiyaya məruz qalan malları Rusiyaya sata bilməyən bəzi şirkətlər bu malların istehsal hüququnu Moskvaya satıb. Məqsəd Rusiyanın onları yerli istehsal etməsidir. Aİ indi AB hüdudlarından kənarda sanksiya tətbiq edilən malların istehsalı üçün mülkiyyət hüquqlarının satışına, lisenziyalaşdırılmasına, ötürülməsinə və ya Rusiyaya göndərilməsinə qadağa qoyub.

– Aİ Rusiyaya dəbdəbəli avtomobillərin ixracına qoyulan qadağanı mühərrik ölçüsü 1.900 sm³-dən yuxarı olan bütün yeni və ikinci əl avtomobillərə və bütün elektrik və hibrid avtomobillərə şamil edir.

Nəqliyyatla bağlı olanlar

– Paketdə Rusiya qoşqulu və yarımqoşqulu yük maşınlarına Aİ-yə malların daşınmasına tam qadağa daxildir. Bu, Rusiya yük yolu operatorlarının Aİ-də yük daşımalarına qoyulan qadağadan yayınmağı dayandırmaq üçün nəzərdə tutulub. Çünki mövcud sanksiyalara əsasən, Rusiyada qeydiyyatdan keçmiş yük maşını fərqli qeydiyyata malik birinə dəyişdirildikdən sonra Rusiya qoşqularının hərəkətinə icazə verilirdi.

– G7-nin məhsullara tətbiq etdiyi qiymət məhdudiyyətindən yayınmaq üçün Rusiya xam nefti və ya neft məhsulları kimi sanksiyaya məruz qalmış Rusiya yüklərinin gəmidən gəmiyə daşınması ilə məşğul olan gəmilər Aİ limanlarına buraxılmayacaq.

– Neft idxalı qadağası və ya G7 qiymət həddi altında olan Rusiya neftini nəql edərkən naviqasiya izləmə sistemlərini söndürən gəmilərin Aİ limanlarına daxil olmasına icazə verilməyəcək.

Enerji tədbirləri

– Aİ-nin yeni paketi Rusiya neftinin boru kəməri ilə Almaniya və Polşaya idxalı imkanlarına son qoyur. Hər iki ölkə onsuz da Rusiyanın “Dostluq” boru kəməri ilə neft idxal etməyəcəklərini bəyan etsə də, Aİ-nin rəsmi qadağası onlara hüquqi nəticələr olmadan Rusiya ilə müqavilələri dayandırmağa imkan verir.

– Paket Qazaxıstan neftini Rusiya vasitəsilə Aİ-yə nəql edən Xəzər Boru Kəməri Konsorsiumu boru kəmərinin saxlanmasına imkan vermək üçün mövcud ixrac qadağalarına ciddi məhdudiyyətlər təqdim edir.

– Yeni paket Yaponiyanın aldığı Saxalin nefti üçün qiyməti həddindən azadlıq müddəti 2024-cü il martın 31-dək uzadıb.

Başqa nələr var?

– Aktivlərin dondurulması siyahısına 100-dən çox fiziki və hüquqi şəxs əlavə edilib. Bura yüksək rütbəli hərbçilər, müharibə ilə bağlı qərar qəbul edənlər, ukraynalı uşaqların Rusiyaya qanunsuz deportasiyasında iştirak edən şəxslər, Ukrayna vətəndaşlarına qarşı siyasi motivli qərarlar qəbul edən hakimlər daxildir. Eyni zamanda, mədəni irsin talanmasına görə məsuliyyət daşıyan şəxslər, iş adamları, təbliğatçılar, habelə Rusiya kəşfiyyatını, işğal olunmuş ərazilərdə fəaliyyət göstərən bankları və Rusiya silahlı qüvvələri ilə işləyən qurumları kritik texnologiya və proqram təminatı ilə təmin edən Rusiya İT şirkətləri də siyahıdadır.

Bundan əlavə, 11-ci sanksiya paketi Rusiya mediasının Aİ-də yayımına qoyulan qadağanı sərtləşdirib.

Siyahıya əlavə beş kanal da daxil edilib.

Sanksiya paketinə bəzi hərbçilər, dövlət nümayəndələri və blogerlər də daxil edilib. Onların arasında müdafiə nazirinin mavini Tatyana Şevtsova, ilhaq edilmiş Krımın “mədəniyyət naziri” Tatyana Manejina, Voronej vilayəti, Krasnodar və Stavropol diyarlarının qubernatorları da var.

Hərbçilərdən isə Rusiya quru qoşunları baş qərargahının rəisi Aleksandr Lapin və Rusiya Baş Qərargahı baş əməliyyat idarəsinin rəisi Sergey Rudskoy hədəflənib.

Bundan əlavə, Krasnoyarsk diyarının keçmiş qubernatorunun oğlu Artyom Ussu, keçmiş baş prokuror Yuri Çaykanın oğulları İqor və Artyomu, hərbi blogerlər Yevgeni Poddubnını, Andrey Medvedevi, Semyon Peqovu və Aleksandr Sladkovu, politoloq Sergey Karaqanov, Rosneftin mətbuat katibi və 1-ci Kanalın aparıcısı Mixail Leontyev da sanksiya siyahısındadır.

Bir sözlə, yeni paketə indiyədək olan sanksiyalardan yayınan 30 hüquqi şəxs salınıb.

Siyahıya həmçinin müdafiə sənayesi kompleksinin daha 87 müəssisəsi, o cümlədən üçüncü ölkələrin İran dronlarının satışı ilə bağlı şirkətlər də daxil edilib.

Avropa İttifaqının xarici işlər komissarı Jozep Borrel deyib ki, yeni sanksiyalar Rusiyanı resurslardan və deməli, Ukraynada apardığı qanunsuz müharibəni maliyyələşdirmək imkanından daha çox məhrum edəcək.

11-ci sanksiya paketinə cavab olaraq Rusiya Xarici İşlər nazirliyi açıqlama verib.

O bildirib ki, Moskva da özünün qadağan siyahısını genişləndirəcək və siyahıya Aİ nümayəndələrinin adlarını daxil edəcək.

Ana səhifəDünyaAvropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul edib