close

İlqar Məmmədov Asim Mollazadənin, Mirəlioğlu Mirkişilinin rəqibi oldu

İlqar Məmmədov və Asim Mollazadə. Kollaj: Meydan TV

Ədalət Partiyası seçkilərə qatılsa da, sədr, məclis sədri və müavini iştirak etməyəcək

Demokratik İslahatlar Partiyası (DİP) 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə iştirakla bağlı qərar qəbul edib.

Bu barədə partiyanın Siyasi Şurasının yaydığı məlumatda qeyd olunur ki, hələlik partiyanın 17 seçki dairəsi üzrə namizədi təsdiqlənib.

Onlardan 8 dairə Bakıdan, Sumqayıtdan 2, Gəncə, Mingəçevir, Salyan, Saatlı, Masallı, Lənkəran və Gədəbəyin hər birindən 1 namizəd olacaq”.

Partiyanın sədri Asim Mollazadənin namizədliyini 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürdüyü qeyd olunub. Həmin dairədən YAP-dan Xaliq Hüseynov, REAL Partiyasının sədri İlqar Məmmədov namizədliklərini irəli sürüb.

Asim Mollazadə 2000-ci ildən Milli Məclisin deputatıdır və həmin il AXCP-nin proporsional seçki siyahısından parlamentə mandat qazanmışdı.

O, 2005-ci ildən 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən namizədliyini irəli sürür.

Partiyanın artıq seçkilərdə iştirakla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim etdiyi əlavə olunub.

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) 43 namizədlə növbədənkənar seçkilərə qatılacaq.

Partiyanın Ali Məclisinin sədr müavini Aytəkin İmranova Meydan TV-yə deyib ki, bir sıra üzvlər qanunvericiliyi və siyasi mühiti əsas gətirib seçkilərdə iştirakın əleyhinə idi:

“Ancaq sonda səsçoxluğu ilə məclis seçkilərdə iştirak barədə qərar çıxartdı”.

Mirmahmud Mirəlioğlu, Meydan TV

Aytəkin İmranova partiyanın sədri Mirmahmud Mirəlioğlunun 43 saylı Sumqayıt ikinci seçki dairəsindən namizəd olacağını bildirib.

Həmin dairədən YAP-ın namizədi Tahir Mirkişilidir. Milli Məclisin V və VI çağırış deputatı olan Tahir Mirkişili 2020-ci ildə 42 saylı Sumqayıt birinci seçki dairəsindən mandat almışdı. Bu dəfə 42 saylı Sumqayıt birinci seçki dairəsində YAP-ın namizədi Hicran Hüseynovadır. H.Hüseynova 2020-ci il növbədənkənar seçkilərdə 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) dəstəyi ilə deputat mandatı almışdı.

Ədalət Partiyasının Ali Məclisi iyulun 18-də növbədənkənar seçkilərdə iştirak etmək haqda qərar çıxarıb. Bu barədə partiyanın təşkilati məsələlər üzrə sədr müavini Mütəllim Rəhimli Meydan TV-yə danışıb. Mütəllim Rəhimli deyib ki, hələlik 17 nəfərin namizəd olacağı təsdiqlənib və yaxın günlərdə sənədlər MSK-ya təqdim olunacaq.

Mütəllim Rəhimli özünün 16 Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürəcəyini qeyd edib:

Ədalət Partiyası.

“Ancaq partiyanın sədri İlyas İsmayılov, Ali Məclis sədri Meydan Babayev və sədrin digər müavini Elxan Şükürlü seçkilərdə iştirak etməyəcək”.

16 saylı Yasamal ikinci seçki dairəsindən YAP AzTU-nun Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyevi dəstəkləyir. Həmçinin, REAl Partiyasının hazırkı deputatı Erkin Qədirli də 16 saylı Yasamal ikinci seçki dairəsindən namizədliyini irəli sürüb.

Parlament seçkiyə gedir

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.
İyunun 28-də İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı sərəncam imzalayıb.

Mərkəzi Seçki Komissiyasının 15 iyul məlumatına görə, 431 nəfər namizədliyini irəli sürüb.
İyulun 17-də YAP seçki siyahısını açıqlayıb.

1 sentyabr seçkilərini AXCP boykot edir, Yeni Azərbaycan, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi, Ümid, REAL və digər partiyalar isə iştirak edəcəklərini açıqlayıblar.

Ana səhifəSiyasətİlqar Məmmədov Asim Mollazadənin, Mirəlioğlu Mirkişilinin rəqibi oldu