close

İnzibati həbsdə olan fəalın təhdid olunduğu bildirilir

Foto: Məhərrəm Əkbərovun şəxsi arxivindən

“Məhərrəmi Türkiyədəki fəaliyyətinə görə atası ilə təhdid ediblər”

30 sutka inzibati həbs cəzası alan “İnqilabın Səsi” platformasının üzvü Məhərrəm Əkbərovun Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsində təhdid olunduğu deyilir.

Bu barədə “Amerikanın Səsi”nə “Demokratiya 1918” Hərəkatının sədri Əhməd Məmmədli məlumat verib.

Məmmədlinin sözlərinə görə, Məhərrəm Əkbərov həbs olunandan sonra onun barəsində araşdırma aparılıb və ailəsi ilə təhdid olunub:

Məhərrəmi Türkiyədəki fəaliyyətinə görə atası ilə təhdid ediblər. Sorğu-sual ediblər ki, sənin oradakı solçularla nə əlaqən var? Atası da iki il əvvəl şərlənərək həbs olunub, hazırda həbsdədir. Anası isə Azərbaycanda bankların birində işləyir. Anasını da işdən çıxarmaqla hədələyiblər”.

O, Məhərrəm Əkbərovun hakimiyyətə müxalif mövqedə olduğu üçün təhdid olunduğunu hesab edir:

Deyiblər ki, əgər fəaliyyətinə davam etsən, atan barəsində daha bir maddə ilə iş açarıq: “Atasının həbsini ona qarşı istifadə edirlər”.

DİN iddiaları əsassız sayır

Ancaq Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov deyilənlərin əsassız olduğunu bildirib:

Siyasi baxışına və fəaliyyətinə görə heç kim həbs olunmur. İddialar əsassız olmaqla yanaşı şəxsi mülahizədir”.

İyulun 15-də “İnqilabın Səsi” platformasının üzvü, Türkiyənin Orta Doğu Texnik Universitetinin (ODTÜ) tələbəsi Məhərrəm Əkbərovun Xırdalanda, yaşadığı evin yaxınlığından aparıldığı bildirilir.

Dostları onun saxlanılmasının siyasi olduğunu deyirlər.

Ana səhifəSiyasətİnzibati həbsdə olan fəalın təhdid olunduğu bildirilir