close

Navalnıya daha 19 il həbs cəzası verildi

Aleksey Navalnıy, foto: Reuters

Rusiyalı siyasətçi ekstremizmdə ittiham olunub

Moskva Şəhər Məhkəməsi Aleksey Navalnıya ekstremist birlik yaratmaq ittihamı ilə 19 il həbs cəzası verib.

Bu barədə TASS məlumat yayıb.

Hökmdə bildirilir ki, Aleksey Navalnı ona çıxarılan 19 il həbsi xüsusi rejimli çəzaçəkmə müəssisəsində çəkəcək.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 282.1-ci maddəsinin 3-cü hissəsinə görə, Navalnı ekstremist birlik yaratmaqda və orada iştirakda ittiham olunurdu.

Onun hətta ekstremizmlə bağlı çağırışlar etdiyi də ittihamda əksini tapıb.

İstintaq rusiyalı siyasətçini ekstremist fəaliyyətdə günahlandırmaqla yanaşı, yetkinlik yaşına çatmayanları onların həyatı üçün təhlükəli fəaliyyətə cəlb etməkdə də günahlandırıb.

Dövlət ittihamçısı Navalnının 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Xüsusi rejimli cəzaçəkmə müəssisələrində xüsusilə təhlükəli residiv törədən və ömürlük həbs cəzasına məhkum edilmiş şəxslər saxlanılır. Belə rejim məhkumların saxlanması üçün daha sərt qaydaları, həmçinin hərəkət, ünsiyyət və asudə vaxt azadlığının məhdudlaşdırılmasını nəzərdə tutur.

İş üzrə ikinci təqsirləndirilən digər şəxs Navalnının “YouTube” kanalının keçmiş texniki direktoru Daniel Xolodnıdır.

O, xidməti vəzifəsindən istifadə edərək ekstremist fəaliyyəti maliyyələşdirməkdə və ekstremist dəstədə iştirakda ittiham olunur.

Onun hökmü hələ açıqlanmayıb.

Aleksey Navalnı 2021-ci ilin fevralında Almaniyadan Rusiyaya qayıdarkən “Şeremetev” Hava Limanında saxlanılıb.

Onun barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrumetmə cəzası ilə dəyişdirilib və o, 3.5 il müddətinə azadlıqdan məhrum edilib.

2021-ci ilin avqustunda Tomskdan Moskvaya uçarkən hava limanında zəhərlənən rusiyalı müxalifətçi Aleksey Navalnı Almaniyaya aparılıb.

O, kimyəvi maddə ilə zəhərlənməsində Rusiya Prezidenti Vladimir Putini günahlandırıb.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunun olmadığını bildirib.

Rusiyaya qayıtdıqdan sonra saxlanılan Aleksey Navalnı və onun bir neçə müttəfiqi 2022-ci il yanvarın 25-də “terrorçu və ekstremistlər” siyahısına salınıb.

2022-ci ilin mart ayında Rusiyanın müxalifət lideri sayılan Navalnı mənimsəmədə və məhkəməyə həqarətdə təqsirli bilinərək 9 il həbs cəzasına məhkum olunub.

Lefortovo Məhkəməsinin qərarına əsasən, Navalnı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Müxalifət lideri həmçinin 1.2 milyon rubl cərimələnib.

Ana səhifəXəbərlərNavalnıya daha 19 il həbs cəzası verildi