close

İran Prezidentinin ölümü: daxili çəkişmələr, sui-qəsd, yoxsa qəza…

Foto: İRNA

Fazil Mustafa: “Şayiələr üzərindən danışmaq doğru olmaz, rəsmi mövqeyi gözləmək lazımdır”

İran İslam Respublikasında Prezident İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan da daxil olmaqla rəsmi şəxslərin mayın 19-da həlak olduğu helikopter qəzası dünyanın siyasi gündəminin əsas mövzusudur.

“Politico.eo” nəşri yazır ki, son illərdə Rəisinin rejimə sədaqəti və onun qəddar üsulları Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyini ali lider kimi dəyişdirmək potensialı ilə bağlı fərziyyələri də gücləndirdi:

Bu, ona bütün böyük siyasi qərarlar haqqında son sözü verəcəkdi. Baxmayaraq ki, bu yüksəliş üzərində tənqidlər gec görünmədi. Amma Rəisinin 2021-ci ildə prezident seçkilərində qələbəsi ilə bağlı şərait onun potensial lider kimi etibarını sarsıtmışdı. Çünki o, yalnız opponentlərin kütləvi diskvalifikasiyası və rekord dərəcədə aşağı seçici fəallığı sayəsində qələbəsəni təmin etmişdi. İnsanların çoxu səs verməməyi üstün tutdu, çoxlu sayda isə səsvermə bülletenlərini korladı”.

Vaşinqtonun Demokratiyaları Müdafiə Fondunun baş əməkdaşı Behnam Ben Taleblu nəşrə deyib ki, Rəisi İranın inqilabi elitasının daha gənc hissəsini təmsil edirdi:

Foto: İRNA

O, Xameneyinin sükan arxasında olmasını istədiyi insanlardan idi. Amma Rəisinin ölümü onun varisi üçün seçim prosesini daraldır. Xameneyinin öz oğlu isə potensial namizədlərdən biridir”.

Rəisinin ölümü bir çox iranlılar arasında Seyid Əli Xameneyinin oğlu Müctəbanın atasının yerinə keçmək uğrunda yarışda öncül olacağına inamı artıracaq”, – deyə nəşr yazır.

Bütün bunların fonunda hadisənin qəza və ya sui-qəsd səbəbindən baş verməsi bəzi sualları aktuallaşdırır.

Ekspert: “İranın bir çox dövlətlərlə münasibətləri pis olsa da, xarici amili qəbul etmirəm”

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl qəzanın Azərbaycanın Prezidenti ilə görüşdən sonra baş verməsinə diqqət çəkərək deyir ki, hər iki ölkə başçısının təması müsbət notlarla yadda qalıb:

Son illərdə Tehran-Bakı münasibətləri gərginlik həddinə çatsa da, 19 may görüşündə isti mesajlar verildi və bunlar hər iki tərəfin maraqlarına uyğun idi. Ona görə ölümlə nəticələnən qəzanın baş verməsi çox təəssüfləndiricidir”.

“”Bəs təxribatdır, yoxsa qəzadır?” sualına gəldikdə ilk ağla qəza gəlsə də, detallı axtarışlar aparılmalıdır. Helikopter sərhəddən havaya qalxanda duman o qədər də yox idi. Yayılan videodan yer görünürdü və duman tam şəkildə yeri əhatəyə almamışdı. Ehtimal ki, müəyyən məsafə qət etdikdən sonra dumana düşürlər, o zaman burada qərar vermə peşəkarlığı olmayıb. Bu qərarı Prezidentin mühafizəsinin rəisi verməliydi. O, ölkə başçısını inandırmalıydı ki, hansı vəziyyətlə üzləşə bilərlər, ona görə enməlidirlər. Görünür, mühafizənin rəisi bu istiqamətdə addım atmayıb”, – deyə İlham İsmayıl əlavə edib.

Ekspert həmçinin helikopterin 1979-cu ilin istehsalı olması, ilk dəfə 1981-ci ildə uçuşa çıxması və müasir cihazlarla təmin edilmədiyini vurğulayıb:

İlham İsmayıl
Foto: Meydan TV

Ən azı təəccüb və təəssüf doğurur ki, ölkə başçısı az qala 1 saylı bort sayılan, amma 50 yaşı olan helikopterlə havaya qalxır. Ümumiyyətlə,  helikopter o qədər primitiv təsir bağışlayır ki, onu adi vəziyyətdə qəzaya uğraması mümkündür. Üçüncüsü, hadisə qayalıqlarda yox, meşə ərazisində olub. Bütün hallarda peşəkarlığın o səviyyədə olmaması, mühafizənin ölkə başçısını inandıra bilməməsi və helikopterin müasir tələblərə cavab verməməsi qəzaya şərait yaradıb. Çünki helikopter müasir olsaydı, qarşıdakı maneə cihazlarda görsənərdi. Bu helikopterdə belə cihazlar yoxdur. Sadaladıqlarım qəza ehtimalını özündə ehtiva edir”.

Təxribata gəlincə, İlham İsmayıl xarici amili istisna edir:

“İranın bir çox dövlətlərlə münasibətləri pis olsa da, xarici amili qəbul etmirəm. Düzdür, Abbas Cuma kimi yəhudi-türk düşməni olan jurnalist tələsik Tehrana uçaraq yazıb ki, hamı Azərbaycanla İsraildən danışır, Ermənistan mediası da məqaləni tirajlayıb. Bəs daxildən təxribat ola bilərmi? Bunu az ehtimal edirəm. Çünki İran Prezidentinin funksiyası ilə Ayətullah Seyid Əli Xameneyinin səlahiyyətləri arasında xeyli fərq var. Düzdür, İran mediasında və siyasi dairələrində Əli Xameneyinin yaşının çoxluğu, onun yerinə Rəisinin iddialı olması barədə fikirlər səslənirdi. Ona görə də yaxın 2 ayda proseslərin sakit keçəcəyini düşünmürəm, onsuz da İran sakit ölkə deyil, xüsusən Bəlucistanda yenidən etirazlar ola bilər”.

Keçmiş səfir: “Daxili qrupların qarşıdurması nəticəsində sui-qəsd ehtimalı daha inandırıcı görünür”

Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli qəzanı hava ilə bağlamaqdan əvvəl texniki heyətin qeyri-peşəkarlığından danışmağın vacibliyini qeyd edib:

Çünki İranda texniki heyətlə və texnologiyayla bağlı ciddi problem var. Xatırlayırsınızsa, öz mülki təyyarələrini vurmuşdular. Yəni İranda texnologiya baxımından yetərsizlik ciddi bir problemə çevrilib”.

Nəsib Nəsibli
Foto: Meydan TV

Nəsib Nəsibli əsas suallardan biri kimi 3 helikopterdən yalnız Prezidentin və xarici işlər nazirinin olduğu heyətin qəzaya düşməsini sorğulamağı gərəkli sayır:

“İkinci sual “Niyə marşrutu dəyişmişdilər?” mövzusu ətrafında olmalıdır. Yəni suallar çoxdur və bu qədər səhv etmək ağla gəlmir. Ona görə də daxili qrupların qarşıdurması nəticəsində sui-qəsd ehtimalı daha inandırıcı görünür.  Hər halda İran regionda güc mərkəzi olan dövlətdir. Bütün hallarda bu hadisənin tam təfsilatı ilə yaxın zamanlarda aşkarlanacağı barədə fikir yürütmək çətindir. Bəlkə, 30-40 il sonra detalları açılacaq. Lakin fakt budur ki, ölkə başçısı öldü, yaxud öldürüldü”.

Deputat: ” Belə bir hadisənin qapadılması mümkün deyil”

Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafa bu cür hadisələrlə bağlı ehtimallar irəli sürməyi doğru saymır:

Çünki hava şəraiti və helikopterin nasazlığı ilə bağlı bilgiyə sahib deyilik, pilotların şəxsiyyətindən məlumatsızıq. Ona görə də şayiələr üzərindən danışmaq doğru olmaz”.

Fazil Mustafa rəsmi açıqlamanı gözləməyin tərəfdarıdır:

Foto: Meydan TV

Rəsmi mövqe nəyin üzərində dayanacaqsa, onu qəbul etmək olar. Burada söhbət sıravi vətəndaşdan yox, İran kimi dövlətin Prezidentindən və xarici işlər nazirindən gedir. Belə bir hadisənin qapadılması mümkün deyil”.

Mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycandan qayıdarkən helikopteri qəzaya uğrayıb.

Nəticədə İbrahim Rəisi də daxil olmaqla, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Əli Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslər həlak olublar

Ana səhifəSiyasətİran Prezidentinin ölümü: daxili çəkişmələr, sui-qəsd, yoxsa qəza…