close

İranda casusluqda ittiham olunan şəxs Azərbaycanda da məhkəmə qarşısına çıxarılır

Foto: Meydan TV

Validə Musayeva dövlətə xəyanətdə ittiham olunur

İranda təxminən 2 il yarım həbsdə saxlandıqdan sonra 2023-cü ilin iyulunda Azərbaycana təhvil verilən Validə Musayevanın yenidən məhkəməsi başlayır. İranda narkotik, casusluq ittihamlarıyla mühakimə edilən Validə Musayeva Azərbaycana təhvil veriləndən sonra Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə ittiham irəli sürülüb.

Bu ittihamla Validə Musayeva haqqında cinayət işinə Gəncə Ağır Cinayətlər məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyilə baxılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 15-də keçiriləcək.

Azərbaycan vətəndaşı olan Validə Musayeva Türkiyədən İrana gedəndən sonra saxlanılıb.

Onun Azərbaycanın hüquq-mühafizə orqanlarının gizli əməkdaşı olduğu və narkotik ticarətilə məşğul olan qruplar haqqında məlumat toplamaq məqsədilə İrana göndərildiyi iddia edilib. Bu ittihamla o, uzun müddət İranın Ərdəbil, Təbriz şəhərlərindəki həbsxanalarda saxlanılıb, daha sonra Tehrandakı məşhur Evin həbsxanasına köçürülüb. Validə Musayevanın anası onun İranda həbsdə olduğu dövrdə bir müddət təkadamlıq kamerada saxlandığını, təzyiqlərə məruz qaldığını bildirmişdi. Məlumata görə, təzyiqlər nəticəsində vəziyyəti pisləşdiyinə görə o, Evin həbsxanasından Tehrandakı Əminabad Psixiatriya Xəstəxanasına köçürülüb və bir müddət orada saxlanılıb.

Validə Yusifova Əbülqasım Salavatinin sədrliyi ilə Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində mühakimə olunub. Ona narkotiklərin qanunsuz dövriyyəsi ittihamı üzrə bəraət verilib, casusluq ittihamı isə qüvvədə saxlanılıb.

Anasının bildirdiyinə görə, məhkəmə başa çatandan sonra Validə Musayeva yenidən dindirilib, ona qarşı irəli sürülən bütün ittihamların götürüldüyünü və tezliklə azadlığa buraxılacağını bildiriblər. Bir müddət sonra – iyulun 27-də isə o, Azərbaycana  təhvil verilib.

Ana səhifəSiyasətİranda casusluqda ittiham olunan şəxs Azərbaycanda da məhkəmə qarşısına çıxarılır