close

Rusiyada miqrantlarla bağlı qaydalar sərtləşə bilər: azərbaycanlıları nə gözləyir?..

Rusiyada miqrant. Foto: tartanparty/shutterstock

İqtisadçı: “Sərtləşmə yeni müraciət edənlərə və zamanı dolmuş miqrantlara şamil olunacaq”

“Crocus City Hall”da baş verən terror hadisəsindən sonra Rusiyada miqrantlar üzərində nəzarətin gücləndiriləcəyi gözlənilir.

Rusiya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bununla bağlı yeni qanun layihəsi hazırlayıb.

Dumanın Əmək və Sosial Siyasət Komitəsinə təqdim edilən layihə dəstəklənib.

Qanuna edilən sərtləşmələr nəticəsində miqrantlar üçün əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırılacaq.

Çalışanlara isə işlədikləri layihələri başa vurduqdan sonra ölkəni tərk etmək tələbi qoyulacaq.

Hazırkı qanunvericiliyə görə, xarici vətəndaşlarla əmək müqaviləsi müddətsizdir.

Dumanın Əmək və Sosial Siyasət Komitəsinin rəhbəri Yaroslav Nilov qanun layihəsinin sərtləşdirilməsinin tərəfdarıdır:

Yeni qaydalar xarici vətəndaşların ölkədə qalmasına nəzarəti sadələşdirəcək. Bundan əlavə, zəruri hallarda əmək müqaviləsinin özü həmişə uzadıla bilər. Bəli, əmək bazarında işçi çatışmazlığı var, amma təhlükəsizlik birinci yerdə olmalıdır”.

Rusiya Dövlət Duması, Mənbə: Ultraskrip/shutterstock

Deputat hesab edir ki, miqrantların Rusiyada hərəkətinə və yaşadıqları yerlərə də ciddi nəzarət olmalıdır:

Bütün sərhəd keçid məntəqələrində belə, əcnəbi vətəndaşlar üçün barmaq izi nəzarəti tətbiq edilməlidir. Bundan əlavə, Rusiyada mənzil qanunvericiliyinə uyğun olaraq onların yaşayış yeri məsələsini həll etmək lazımdır”.

Qanun layihəsinin bu həftə Dumada ilkin oxunuşu nəzərdə tutulub.

Rusiya Elmlər Akademiyasının Demoqrafik Tədqiqatlar İnstitutunun bu ilin fevralına olan məlumatına görə, Rusiyada 4 milyona yaxın qeyri-qanuni miqrant var. Bu rəqəmin daha artıq olduğu ehtimal edilir.

Rusiya uzun illərdir ki, Azərbaycanda iş tapmayan insanların üz tutduğu əsas ölkədir.

2023-cü ilin 9 ayında Azərbaycandan Rusiyaya 350 minədək adamın getdiyi bildirilir.

100 min nəfər işləmək üçün getdiyini qeyd edib.

Miqrantlara qarşı qaydalar sərtləşdiyi təqdirdə, bu, Rusiyada yaşayan azərbaycanlılara necə təsir edəcək? Belə olan halda, Azərbaycana axın baş verərsə, ölkədə əmək bazarında işsizlərin sayı arta bilərmi?

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyir ki, sərtləşmə yeni müraciət edənlərə və zamanı dolmuş miqrantlara şamil olunacaq:

Natiq Cəfərli
Foto: Meydan.TV

Çox güman ki, biz bunun nəticələrini görəcəyik. Amma keçmişdə də, Rusiyada buna bənzər hadisələr baş verəndə orada yaşayan azərbaycanlılar seçim kimi ən son Azərbaycanı düşünürdülər. Əvvəlki illərdə də Rusiyada iqtisadi çətinliklər olanda, başqa problemlər yaşananda azərbaycanlılar daha çox Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan və Belarusa köçməyə üstünlük verirdilər. Azərbaycanda iş-gücləri, dolanışıqları olsaydı, buradan getməzdilər. Ona görə də bu, böyük bir axının yaranacağını söyləməyə əsas vermir. Bəli, problemlər ola bilər. İnanmıram ki, axın çox ciddi və kütləvi olacaq”.

İqtisadçı deyir ki, Azərbaycan hökuməti Rusiyadakı miqrantların işğaldan azad olunmuş ərazilərdə əmək fəaliyyəti ilə məşğul olması istiqamətində işlər görə bilər:

Rusiyada işləməyə gedən miqrantların çoxu da həmin ərazilərdən olan insanlardır. Hesab edirəm ki, bununla bağlı xüsusi proqrama ehtiyac var. Onlar qayıdıb öz torpaqlarında məskunlaşsınlar. Biznes fəaliyyəti ilə, fermerliklə, başqa işlə məşğul olsunlar. Çünki Rusiyada məşğul olan soydaşlarımızın böyük əksəriyyəti kifayət qədər əməksevərdirlər. Onlar Rusiyada 14-15 saat çalışıb, ailələrini dolandırırlar. Bu potensialdan istifadə etmək lazımdır”.

Martın 22-də Moskva yaxınlığındakı “Crocus City Hall”da baş verən terror hücumundan sonra şübhəli şəxs qismində həbs olunanlardan dördünün Tacikistan vətəndaşı olduğu bildirilib.

Dalerjon Mirzoev, Murodali Rachabalizoda, Muhammadsobir Fayzov və Şəmsidin Fəriduniyə qarşı “mütəşəkkil dəstənin tərkibində terror aktı törətmək” ittihamı irəli sürülüb.

“Crocus City Hall”dakı terrordan sonra taciklərin Rusiyada fiziki təzyiqlərə məruz qaldığı deyilir.

Ana səhifəDünyaRusiyada miqrantlarla bağlı qaydalar sərtləşə bilər: azərbaycanlıları nə gözləyir?..