close

İşdən çıxarılan müəllimlərlə bağlı açıqlama

Foto: https://edu.gov.az/

Təhsil İdarəsi: “Onlara iki həftə öncədən rəsmi məktub göndərilmişdi”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) 285 saylı orta məktəbin müəllimləri Təranə Yusifova və Təranə Rzayevanın işdən çıxarılmasına aydınlıq gətirib.

BŞTİ-dən Meydan TV-nin sorğusuna cavab olaraq bildirilib ki, valideyn müraciətlərinin yetərli sayda olmaması səbəbindən 2023-2024-cü tədris ilində məktəbdə olan 3 günüuzadılmış qrupdan ikisinin fəaliyyəti dayandırılıb.

“İki qrupun dayandırılacağına dair iki həftə öncədən (15.09.2023) müəllimlərə rəsmi məktub göndərilib. Həmçinin günüuzadılmış qrupların tərbiyəçiləri tərəfindən şagird qəbulu ilə bağlı uşaqlarla maarifləndirici söhbətlər aparmaq, valideyn iclasları təşkil etmək üçün məktəbdə bütün şərait yaradılıb”, – BŞTİ-nin məlumatında deyilir.

Həmçinin qeyd olunub ki, “Dövlət ümumi təhsil müəssisələrində günüuzadılmış qrupların təşkili Qaydası”na əsasən, günüuzadılmış qrup məktəbin tədris-maddi bazası imkan verdiyi halda valideynlərin (digər qanuni nümayəndələrin) yazılı ərizələri əsasında I-IV sinif şagirdlərindən təşkil olunur.

Şagird qrupa tədris ilinin əvvəlində həmin tədris ili müddətinə qəbul edilir və hər qrupda şagird sayı 20 nəfərdən ibarət komplektləşdirilir.

2023-cü il oktyabrın 5-də Bakıda yerləşən 285 saylı orta məktəbin müəllimləri Təranə Yusifova və Təranə Rzayeva Meydan TV-yə müraciət edərək, məktəbin direktoru Nuranə Yəhyayeva tərəfindən qanunsuz olaraq işdən çıxarıldıqlarını bildiriblər.

Müəllimlərin sözlərinə görə, məktəb direktoru onlara valideynlərlə danışaraq, qrup toplamağa mane olub.

Ana səhifəSosialİşdən çıxarılan müəllimlərlə bağlı açıqlama