close

Ən vacib

İşğaldan azad olunmuş ərazilər. Foto: AAYDA

Zərdüşt Əlizadə

“… ciddi düşünsək, görərik ki, hakimiyyət bu 25%-in qaytarılması üçün hədsiz vacib olan barış potensialından bilərəkdən vaz keçir”

Erməni işğalı altında olan Qarabağ ərazisinin 75 faizi hərb yolu ilə azad edildi. Qalan 25 faizinin üzərində Azərbaycan Respublikasının suverenliyinin bərpası naminə 3 ilə yaxındır ciddi danışıqlar və bəzən atışmalar gedir, fəqət müsbət nəticə hasil olmur. Bu üç il ərzində Prezident İlham Əliyev neçə kərə yumruğunu qovzayıb erməni tərəfini “Dəmir yumruq”la hədələsə də, çe fayda? Neçə dəfə vəd versə də ki, Qarabağ erməniləri Azərbaycanın digər vətəndaşları kimi dövlətimizdə olan hüquqlardan istifadə edib feyziyab olacaqlar, Ermənistan və arxasında Rusiya dayanan erməni irredentistləri iki ayağını bir başmağa soxub bir addım belə geri çəkilmirlər.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bəhanələrinin canı da budur ki, “digər Azərbaycan vətəndaşlarının istifadə etdikləri hüquqlar” dəysin sizin təpənizə, biz belə hüquq istəmirik.

Bəli, 30 ildir bizi öz doğma erməni məmurlarımız, komandirlərimiz və hampalarımız eşşək kimi çırpırdı, lakin biz onunla təsəlli tapırdıq ki, bizi döyənlər elə doğma özümüzkülərdir.
Bilirik ki, Azərbaycanın tabeliyinə keçsək, bizi yenə döyəcəklər, fəqət bu dəfə döyənlər yad və hətta düşmən millətdən olan məmur və polis olacaq.
İstəmirik!

Gözəl bilirik ki, ana dilimizdən istifadə hüququnu da məhdudlaşdıracaqsınız, həmin dəqiqə də olmasa, tədricən, necə ki, talış dilinə ögey münasibət sizin dövlət siyasətinə çevrilib.

Ağzımızı açıb hüququmuzu tələb etsək, polis dərhal cibimizdən narkotik tapacaq, necə ki, talış mədəniyyətinin fədaisi Hilal Məmmədovun cibindən tapmışdı və şərləyib salmışdı qazamata.
Bizi Milli Məclisdə deputat yeri ilə şirnikləndirməyin, bilirik ki, razılaşsaq, axtarıb içərimizdən bir nəfər Fəzail Ağamalı, Razi Nurullayev və Asim Mollazadənin tayını tapıb salacaqsız parlamentə, o da əhalinin dərdinə qalmaq əvəzinə, hakimiyyətə züy tutacaq. Belələri bizim də aramızda boldur.

Bəsdir bizə bələdiyyə nağılını danışdınız, Azərbaycanın cəmi bələdiyyə işçiləri  maaşını hökumətdən alıb icra hakimiyyətinin ağzına baxır, qara qəpiklik səlahiyyəti yoxdur. Yarandıqları vaxt bütün torpaqları icra hakimiyyəti başçılarının rəhbərliyi ilə satıb qurtarıblar, daha satılası heç nə qalmayıb. Qarabağda isə satılası torpaq ümumiyyətlə yoxdur, bütün “azad olunmuş” ərazi bölünüb doğma-əziz aqroholdinqlər arasında, heç nə vaxtsa qayıdası köçkünlərə səmərəli əkinçilik üçün kifayət qədər torpaq qalmayıb.

Müxtəsər, istəmənik. Qovursunuz, buyurun qovun, odey, görün Qərbdə nə qədər erməni təəssübkeşi əllərində dəsmal halımıza ağlayıb Azərbaycana şıllaq atmağa amadədir!
Biz ermənilər isə ayaq altda qalmarıq, Krasnodar və Qlendeyl çəmənləri bizi gözləyir.

Bəli, hal-qəziyyə belədir, mürəkkəb vəziyyətə məzəli-bədii yanaşmanı kənara qoyub ciddi düşünsək, görərik ki, hakimiyyət bu 25%-in qaytarılması üçün hədsiz vacib olan barış potensialından bilərəkdən vaz keçir. Beynəlxalq ictimaiyyətin və erməni tərəfinin Azərbaycandakı qanunların aliliyinin və insan haqlarının acınacaqlı vəziyyəti barədə dedikləri danılmaz həqiqətdir, çox da hakimiyyət və onun qulbeçələri üzə durub danırlar.

Yalnız ermənilərin deyil, həm də azərbaycanlıların gələcəyi mənafeyi naminə bu biabırçı vəziyyəti dəyişmək, köklü demokratik islahatlara getmək dəmidir.

Müftə karbohidrogen ehtiyatlar hesabına tüfeyli həyat sürmənin möhləti tükənir, bu quruluş isə hər hansı səmərəli idarəçilik qabiliyyəti göstərmir, lap gündə beş dənə Neft Fondundan əlavə vəsaitin ayrılması və Əlinin papağının Vəlinin başına qoyulması barədə prezident fərmanı verilsə də, xeyri yoxdur.

Axı bu 25% ərazinin dinc yolla Azərbaycana qaytarılması çox vacib vəzifədir. Yəni bu 25% torpağın qaytarılmasından daha vacib vəzifə varmı?

Dərindən fikirləşəndə, Azərbaycan hakimiyyətinin son yarıməsrlik siyasətinə diqqətlə yanaşanda, görürük ki, bəli, Qarabağ torpağından daha vacib, ən vacib vəzifə var.
Nədir bu ən vacib vəzifə?
Hakimiyyətin qorunması vəzifəsi!

Azərbaycanda çox az düşünən və vicdanlı adam tapılar ki, dövlətimizdə qanunun tətbiqində və insan hüquqları müstəvisində qeyd etdiyim qüsurların mövcudluğunu inkar etsin. Bəli, dövlətimiz həm rəiyyətin gözündə, həm də beynəlxalq müşahidəçilərin rəyində səmərəsiz avtoritar quruluş sahibidir. Belə quruluşlar tarixən zavala məhkumdurlar. Zahiri bəzək-düzəyin dövlətin davamlılığına zərrə qədər müsbət təsiri yoxdur. Düşmən Ermənistanın bizdən bərbad gündə olması və çəngdə bizə basılması heç kəsi aldatmasın, bizim bəxtimiz gətirmişdi ki, düşmənimiz bizdən də betər gündə idi. Eşq olsun başdan məfrağ erməni millətçilərinə!

Dünya müstəvisində amansız rəqabət gedir və burada heç nə bizim və ermənilərin meyarları ilə ölçülmür. Tamam başqa, gerçək meyarlar işləyir.

Çox özümə sual verirəm ki, erməni tərəfinin iradlarını zərərsizləşdirmək üçün deyil, dövlət üsuli-idarəsini təkmilləşdirmək naminə nə üçün hakimiyyət hamının bildiyi və azı yüz kərə təklif edilmiş islahatlara getmir?

Nə üçün hakimiyyət illər boyu bütün “dövlət konsern”lərinin nəhəng ziyanla işləməsinə dözür? Bu konsernlərdəki əndazəsiz korrupsiyanı niyə cilovlamır? Bu dövlət MMC-lərində oğurlanan vəsaiti Neft Fondunun pulları ilə ört-basdır etməkdən usanmırmı?

Nə üçün məhkəmə sistemini prezident aparatının sifarişlərindən azad etmir? Nə üçün bütün dünyada səmərəli məhkəmə mühakiməsini təmin edən bəlli tədbirləri bizim zavallı Azərbaycanda tətbiq etmir?

Nə üçün vətəndaşları vəhşicəsinə döyən, işgəncə verən cani polis nəfərlərinə həddini göstərmir, onları cəzalandırmır?

Nə üçün Milli Məclisi tədricən də olsa, vicdansız və əqidəsiz ikiayaqlı məxluqatdan təmizləmir, axı bu əhali içərisində kifayət qədər abırlı və savadlı vətənpərvər insan var, onlar heç bir təmənna olmadan vətən naminə bilik və bacarıqlarını sərf etməyə hazırdırlar?

Nə üçün bu hökumət  büdcə vəsaitinin xərclənməsini dövlət sirri kimi gizlədib xalq malının gözgörəsi tarmar edilməsinə şərait yaradır?

Nə üçün aşkarlıq və şəffaflıq tələblərini azca pozan rəhbər işçilər dərhal qovulmur, on illərlə vəzifəsindən qarət aləti kimi istifadə edir?

Nə üçün işi-peşəsi xalqın maraqlarını qorumaq olan “keşik it”lərini – müstəqil QHT-ləri – məhv edib onların yerinə bir əlində aftaba, o biri əlində sabun-dəsmal tutan  fürsətçi məxluqatı ortaya salıb?

Nə üçün bələdiyyələr haqqında qanunu dəyişdirib onların həqiqətən səlahiyyətli yerli özünüidarə hakimiyyət qurumuna çevrilməsinə, əhaliyə həqiqətən öz içərisindən bacarıqlı və təşəbbüskar adamları bələdiyyəyə seçməsinə imkan vermir?  Avropadan öyrənmək istəmir, bacarmır, heç olmasa Türkiyəyə baxıb öyrənsin.

Nə üçün vəzifəli dövlət məmurlarının xalqın gözünü deşən, dövlətin ali səfində tüğyan edən korrupsiyadan xəbər verən cahi-cəlallı möhtəşəm saraylarını sıravi vətəndaş görür, hakimiyyət görmür?

Nə üçün səhiyyə və təhsil sistemlərindəki danılmaz tənəzzülü hamı görür və deyir, tək hakimiyyət bunu anlamır?

Nə üçün öz əhalisinin qidasını təmin etməyə imkanı olan Azərbaycan kəndlisi zavallı gündə, xaricdən ərzaq idxal edən işbazlar pulu xəzəl kimi göyə sovurur?

Bu “nə üçün”lərin syahısını uzadıb bu məkanda yaşayan insanların həyatının bütün sahələrini sadalamaq olardı, fəqət bu sualın cavabını vermək dəmidir.

Cavab isə çox sadədir. Bu islahatlar hakimiyyətə təhlükədir və lazım deyil. Əgər Azərbaycanda bu sahələrdə demokratik islahatlar aparılsa, bu dövləti cəzasız olaraq qarət etmək imkanı əldən çıxacaq. Bu islahatlar ölkədə ədalətli siyasi rəqabət mühiti yaradıb hakimiyyətə ağaya itaət edən müti və sözəbaxan məxluqatı deyil, vətən naminə, səmərəli qərarlar uğrunda çalışan və döyüşən vətəndaşları gətirə bilər. Bax, bu təhlükəni dəf etmək məqsədilə Ulu öndərin tövsiyələri əsasında “ramizmehdiyev”lər otuz ildir bu səmərəsiz istibdad quruluşunu dövlətimizdə bərqərar ediblər və edirlər.

Odur ki, tərəzinin bir gözünə Qarabağ müşkülünün dinc həlli, dövlətimizin şəni-hörməti, o biri gözünə hakimiyyəti qoruyub bu dövləti talamaq fürsəti qoyulur və artıq heç kəsdə azacıq belə şübhə oyatmayan seçki edilir.

Vəssalam, şüttəmam.

Odur ki, Qarabağın qalan 25%-nin də dinc yolla deyil, hərb yolu ilə qaytarılması ehtimalı vurub kəlləçarxa çıxır. Yenə yüzlərlə şəhid…

Əsas odur ki, vətənşivən məxluqat bəxtəvər olsun.

Qarabağ da, bütün Azərbaycan da bizimdir! Halalca malımızdır!

Ana səhifəMənim FikrimcəƏn vacib