Döyüşlərə dörd günlük fasilə verilib
İsrail və HƏMAS döyüşlərə dörd günlük fasilə verilməsinə razılaşıb.
Qətərin vasitəçiliyi ilə imzalanan razılaşmaya görə, İsrail bəzi fələstinli məhbusları azad edəcək, əvəzində HƏMAS-ın girov götürdüyü 50 nəfər israilli qadın və uşaq geri veriləcək.
HƏMAS “Telegram”-da yayımladığı bəyanatda bildirib ki, İsrail bunun müqabilində əksəriyyəti qadın və uşaq olmaqla 150-yə yaxın fələstinli məhbusu azad etməyə razılaşıb.
“Bloomberg” yazır ki, bu, razılaşmanın ilk mərhələsidir. Döyüşlərin dayandırılmasının uzadılması ilə nəticələnə biləcək ikinci mərhələdə HƏMAS-ın azad etdiyi hər 10 girova görə fasilə daha bir gün uzanacaq.
Qətər hökumətinin noyabrın 22-də verdiyi açıqlamada bildirilir ki, fasilə həm də humanitar ehtiyaclar üçün nəzərdə tutulub. Yanacaq da daxil olmaqla, ərzaq, geyim, tibbi vasitə kimi çoxsaylı yardım gəlməsinə imkan verəcək.
Fasilənin başlama vaxtı 24 saat ərzində elan ediləcək və ilkin mərhələdə dörd gün davam edəcək.
İsrailin Baş naziri Benyamin Netanyahu hökuməti bu razılaşmanın müharibənin bitməsi demək olmadığını bildirib:
“İsrail bütün girovları evlərinə qaytarmaq, HƏMAS-ın məhvini başa çatdırmaq və Qəzzadan İsrail dövlətinə yeni təhlükənin olmamasını təmin etmək üçün müharibəni davam etdirəcək”