close

Rəsmi statistika yeni iş yerlərinin artdığını deyir

Azərbaycanda işsizlik. Foto: zef art/shutterstock

Ekspert isə düşünür ki, o iş yerləri var idi, sadəcə indi rəsmiləşdirilib

2023-cü ilin doqquz ayında Azərbaycanda 60,9 min yeni iş yeri açılıb.

Dövlət Statistika Komitəsinin hesabatında belə deyilir.

Qeyd edilir ki, illik müqayisədə yeni iş yerlərinin sayı 9,1 minə yaxın, yəni 17,6 faiz artıb. Ötən ilin eyni dövründə bu rəqəm 51,8 min olub.

Məlumatda bildirilir ki, bu dövrdə yaradılmış iş yerlərinin 92,6 faizi qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 80,4 faizi Bakının, 1,2 faizi Naxçıvanın, 18,4 faizi digər regionların payına düşüb.

Dövlət Statistika Komitəsi
Mənbə: stat.gov.az

İqtisadçı Natiq Cəfərli düşünür ki, 2023-cü ilin ilk 9 ayında 10 min 800 insan iş yerini itirib. İlk baxışdan açılan iş yerlərinin bağlanandan çox olması müsbət görünsə də, dərinə enəndə, problemlər olduğu görünür:

“Bu ilin ilk 9 ayında “yeni” kimi qeydiyyata alınan 60 min 900 iş yerlərinin əksəriyyəti əvvəllər də olub, indi rəsmiləşdirilib. Bunların çoxu “yeni iş yerləri” deyil. Amma real olaraq 11 minə yaxın insan işini itirib. Bu, çox ciddi məsələdir”.

İqtisadçı bildirir ki, hökumətin iqtisadi komandası son zamanlar ölkə iqtisadiyyatında baş verən neqativ tendensiyaları izah etməkdənsə, məsuliyyətlərini hiss edib, problemləri görməkdənsə, “gurultulu” bəyanatlar verirlər:

“Çıxıb izah etsinlər ki, ölkədə ÜDM nədən MDB ölkələri arasında ən az artan olub, niyə bu il iqtisadi artım cəmi 0,5 faizdir ki, bu da faktiki artım deyil, hətta ressesiya tendensiyasıdır. Və ya, çıxıb izah etsinlər ki, nədən gələn il büdcədə vergidən daxilolmalar kəskin azalır, niyə gələcək nəsillər üçün nəzərdə tutulan Dövlət Neft Fondundan bu ilə nisbətən 2024-cü ildə daha çox vəsait götürüləcək…”.

Natiq Cəfərli
Foto: Meydan.TV

Natiq Cəfərli bildirir ki, Azərbaycan iqtisadiyyatındakı pis tendensiyalar, məmləkətin qarşısında isə böyük maddi xərclər tələb edən çağırışlar var. Yaxın 6-7 ildə təkcə işğaldan azad olunan torpaqların bərpasına əlavə 50-60 milyard manat vəsait lazım olacaq:

“Bu vəsait isə indi yoxdur, ölkənin pul qazanması üçün iqtisadi azadlıqların genişlənməsinə, iqtisadi aktivliyin artması üçün isə yeni vergi-gömrük qanunvericiliyinə, ədalətli məhkəmə sisteminə ehtiyac var. Bu addımlar üçün yüksək və effektiv təşəbbüskarlığı olan iqtisadi komanda, yeni idarəetmə fəlsəfəsinə keçid lazımdır”.

İqtisadçı Fərid Mehralızadə də bildirir ki, işsizliklə bağlı statistikalar reallığı əks etdirmir. Bunun bir səbəbi də pay torpaqlarından real istifadə ilə bağlı hökumətin monitorinq aparmamasıdır. Nəticədə, pay torpağı olanlar rəsmi məşğul sayılır, bu da həqiqi işsizliyin önünə pərdə çəkir:

Fərid Mehralızadənin şəxsi arxivindən

Son məlumata görə, Azərbaycanda 1 milyon 750 min şəxs kənd təsərrüfatında məşğul hesab olunur. Ölkədə 5 milyon 200 min iqtisadi fəal əhali var. Bunun təxminən 30 faizdən bir qədər artıq hissəsi kənd təsərrüfatındadır. Amma biz bu insanların nə qədərinin real olaraq çalışdığını bilmirik. Yanaşma Azərbaycanda işsizliyin real səviyyəsinin az göstərilməsinə xidmət edir”.

İqtisadçı düşünür ki, elə bu səbəbdən uzun illərdir Azərbaycanda rəsmi işsizlik 6 faiz ətrafındadır.

2023-cü ilin 9 ayında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olub. Onlardan 890,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 828,9 min nəfəri isə qeyri-dövlət sektorunda çalışıb.

Ana səhifəİqtisadiyyatRəsmi statistika yeni iş yerlərinin artdığını deyir