close

İsrail İranı Bakıdakı səfirliyinə terror planlaşdırmaqda günahlandırdı

İsrail-İran. Foto: Sunshine Seeds/shutterstock

Rəsmi Tehrandan hələ ki reaksiya yoxdur

İsrailin xarici işlər naziri Eli Koen Azərbaycandakı İsrail səfirliyinə baş tutmayan hücuma görə İranın məsuliyyət daşıdığını bildirib.

İsrail mediasının yazdığına görə, nazir Eli Koen iyulun 12-də Serbiyaya rəsmi səfəri zamanı belə bir açıqlama verib.

İran terroru qlobal təhdiddir”, – deyən nazir açıqlamasını əsaslandırmaq üçün əlavə edib ki, son bir neçə gündə İsrailin Bakıdakı səfirliyinə hücum cəhdində, eləcə də son aylarda Kipr və Yunanıstanda israillilərə və yəhudilərə qarşı hücum cəhdlərində İran izlərini görüblər:

“İran hücuma cəhd edən terror hüceyrəsini maliyyələşdirib və ona göstərişlər verib”.

E.Koen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə qarşı çıxmaq üçün bir araya gəlməyə çağırıb.

İran İslam Respublikası israilli nazirin açıqlamasına hələ ki reaksiya verməyib.

İyulun 10-da Əfqanıstan vətəndaşı Favzan Musa Xanın Bakıda terror aktı törətməkdə ittiham olunaraq həbs edilib.

Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı məlumatda deyilirdi ki, Əfqanıstan vətəndaşı üçüncü ölkənin səfirliyinin yerləşdiyi ərazidə müşahidə aparırmış:

“1990-cı il təvəllüdlü Favzan Musa Xan terror aktı planında digər şəxslərlə qabaqcadan əlbir olub. Favzan Musa Xan cinayət əməllərini törətmək niyyəti ilə Azərbaycana gəlib. O, Bakıda yaşadığı müddətdə üçüncü dövlətin Azərbaycandakı Səfirliyinin yerləşdiyi ərazinin koordinatlarını müəyyənləşdirmək və terror aktını planlaşdırmaq məqsədilə səfirliyin binasının ətrafında müşahidə aparıb”.

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti üçüncü ölkənin konkret hansı olduğunu açıqlamayıb.

Ana səhifəSiyasətİsrail İranı Bakıdakı səfirliyinə terror planlaşdırmaqda günahlandırdı