close

Müğənni Dənizkənarı Bulvar İdarəsindən şikayətlənir

Foto: Meydan TV

“Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar”

Müğənni Nura Suri Dənizkənarı Bulvar İdarəsindən şikayətlənib.

O, “Facebook” səhifəsində yazıb ki, skuter sürənlərin əlindən Dənizkənarı bulvarda rahat gəzmək mümkün deyil.

Müğənni bir müddət öncə Bulvarda skuter sürülməsinə qadağa qoyulmasını xatırladıb. Buna əməl edilmədiyi üçün Dənizkənarı Bulvar İdarəsini qınayıb.

Nura Suri, Foto: “Telegram”

Deyib ki, Bulvarda icazəsiz bir stəkan çay da satmaq mümkün deyil, çünki ciddi nəzarət var:

Skuterlərdə insanların üstünə şütüyən məxluqların əlindən Bulvarda addım atmaq mümkün deyil. Skuterlər yenə icarəyə verilir, guya qadağan olunmuşdu. Qoyulan qadağa işarələrinə baxan yoxdur. Deməli, Bakıda dənizi zəbt edib pul qazanırlar, hər yerdə pullu “plyaj”lardır, Bulvarda kafe əlindən yer yoxdur, bunlar yetməyib, skuterdən də qazanırlar. İnsanlar nə etsin? Kasıblar yaşamasın bu şəhərdə? Bakını Dubay kimi varlılar şəhəri edin, kasıbları göndərin başqa yerdə yaşasınlar. İnsanlara rahat yaşamaq üçün şərait yaradın, belə olmaz”.

Müğənni həmçinin Bulvardakı qadağa işarələri olan yerlərdə skuter sürənlərin videolarını da çəkərək səhifəsində yerləşdirib.

Pozuntuya Bulvarda icarəyə verilən skuterdən istifadə edənlər deyil, kənardan gələnlər yol verir”

Dənizkənarı Bulvar İdarəsi bir ay əvvəl skuterlərlə bağlı qadağanı ləğv edib və şərtlərini açıqlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva da Meydan TV-yə açıqlamasında bunu xatırladıb:

“Bizə əvvəlcə skuter sürənlərdən şikayətlər daxil oldu. Onlar Bulvarda skuter sürülməsinə qarşı çıxırdılar. Bunu nəzərə aldıq, Bulvarda skuterlərə qadağa qoyuldu. Ardınca isə skuter sürənlərin şikayətləri gəldi. Hər iki tərəfin də şikayətindən sonra ortaq bir nöqtə tapmağa çalışdıq. Hər bir vətəndaşın Bulvarda səmərəli vaxt keçirməyə haqqı var. Hazırda Bulvarda yalnız müəyyən edilmiş yerlərdə skuter sürmək olar. Həmçinin saatda 17 kilometr sürət həddini keçmək qadağandır”.

Bulvarda skuterlər. Foto: Xezer-xeber

Qurum sözçüsünün dediyinə görə, qadağa pozuntusuna Bulvarda icarəyə verilən skuterdən istifadə edənlər deyil, kənardan gələnlər yol verir:

Bulvarda skuterləri icarəyə verənlərdə həmin təlimatlar var. Onlar istəsələr də, həmin sürət həddini keçə bilmirlər. Lakin kənardan gələn skuterlərə həmin proqramı tətbiq edə bilmərik. Hər halda nəzarət və xəbərdarlıq edilir. Gərək skuter sürən insanlar özləri də məsuliyyətli olsunlar ki, digər insanların istirahətinə maneə törətməsinlər”.

Son bir neçə ildə Bakıda elektrik skuterlərinin icarəsi xeyli artıb və çoxsaylı mobil tətbiqlər fəaliyyətə başlayıb.

Yol polisi. Foto: DİN

İstənilən şəxs küçədə mobil tətbiq vasitəsilə skuter icarəyə götürərək istədiyi ünvana gedə bilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli daha öncə bildirmişdi ki, skuter idarə edənlər də digər hərəkət iştirakçıları kimi məsuliyyət daşıyır və qaydaları pozduqları təqdirdə cərimələnirlər:

“Skuterlər mopedlərə oxşar xüsusiyyətlər olduğu üçün onların hərəkəti “Yol hərəkəti haqqında” Qanunun 46-cı maddəsində nəzərdə tutulduğu kimi vəzifə və hüquqlara sahibdir. Hər bir skuter idarə edən şəxs nəzərdə tutulmuş qaydada yolun sağ hissəsi ilə bütün qaydaları icra etməklə bu növ qeyri-mexaniki vasitələri idarə edə bilərlər. Dəbilqədən istifadə etmədikdə 40, digər hallara görə, yəni İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən isə 20-100 manat məbləğində cərimələr müəyyən olunub”.

Ana səhifəSosialMüğənni Dənizkənarı Bulvar İdarəsindən şikayətlənir