close

İtaliya Rusiya mədəniyyətinə sanksiyaları zorakılıq aktı adlandırıb

İtaliya-Rusiya. Foto: Casablanca Stock/shutterstock

“Müharibəyə görə mədəniyyəti ləğv etmək dəlilikdir”

İtaliya Rusiya ilə mədəni əlaqələri qadağan etmək cəhdlərini zorakılıq aktı adlandırıb.

Rəsmi Moskva Ukraynada hərbi əməliyyatlara başlayandan sonra Rusiya mədəniyyətini boykot edən ölkələrdən biri də İtaliya olub.

Artıq bir ildən çoxdur ki, rusiyalı sənətçilərə bu ölkənin mühüm sənət səhnələrində çıxışlar qadağan edilib.

Hətta bir müddət öncə Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov bildirib ki, bir sıra rus mədəniyyət xadimlərinin, xüsusən Valeri Gergiev, Denis Matsuev, Sergey Poluninin çıxışları ləğv edilib.

Səfirin sözlərinə görə, İtaliyada yalnız Rusiyanın Ukraynaya qarşı keçirdiyi hərbi əməliyyatları açıq şəkildə qınayan ifaçılar aparıcı klassik musiqi məkanlarında çıxış etməyə dəvət olunurlar.

Paramonov bunu siyasi səbəblərə görə mədəniyyət xadimlərinə qarşı ideoloji senzura və ayrı-seçkilik kimi qiymətləndirib.

İtaliyanın mədəniyyət nazirinin müavini Vittorio Zqarbi hesab edir ki, Rusiya ilə mədəni əlaqələri qadağan etmək və rus sənətçilərinin Qərbdə çıxışlarının qarşısını almaq cəhdləri zorakılıq aktıdır.

Siyasətin Raxmaninovla, Dostoyevski ilə nə əlaqəsi var? Müğənnilərin oxumasına, rəqqasələrin rəqs etməsinə mane olmaq zorakılıqdır. Bu, olimpiadada iştirak etməyə icazə verilməyən idmançılara da aiddir. Müharibəyə görə mədəniyyəti ləğv etmək dəlilikdir. Biz mədəniyyətin müharibənin əksi olduğunu təşviq etməliyik”, – Zqarbi deyib.

2022-ci il fevralın 24-də Rusiya Ukrayanada hərbi əməliyyatlara başlayıb.

Bundan sonra ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, eləcə də bir sıra digər dövlətlər Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

Sanksiyalar mədəniyyətdən də yan keçməyib.

Milan-Bicocca Universitetində rus yazıçısı Fyodor Dostoyevski ilə bağlı mühazirənin ləğvinə cəhd, həmçinin İtaliyada yaşayan rus yazıçısı Nikolay Lilinə qarşı sosial şəbəkələrdə hücumlar olub.

Avropa Yayım Birliyi Rusiyanı iki ildir ki, “Eurovision” beynəlxalq mahnı müsabiqəsindən kənarlaşdırıb.

Həmçinin Rusiya nümayəndə heyəti ikinci ildir ki, Beynəlxalq Kann Film Festivalına buraxılmayıb.

Amerika kinostudiyaları da Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyada filmlərin yayımını ləğv edib.

Amerikanın “Metropoliten” teatrı opera müğənnisi Anna Netrebkonu, “La Skala” opera teatrı isə dirijor Valeri Gergiyevi səhnədən uzaqlaşdırıb.

Putin Qərbdə rus mədəniyyətinin ləğvini nasist Almaniyasındakı hadisələrlə müqayisə edib.

Ana səhifəMədəniyyətİtaliya Rusiya mədəniyyətinə sanksiyaları zorakılıq aktı adlandırıb