close

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı proqramını açıqlayıb

Mənbə: “SevilFest”

Nüfuzlu festivallarda mükafatlar almış filmlər yerli tamaşaçılara nümayiş etdiriləcək

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 8 gün boyunca nümayiş olunacaq filmlərin və tədbirlərin siyahısını açıqlayıb.

Təşkilatçıların yaydığı məlumata görə, qadınların haqq və azadlıqları uğrunda mübarizə hekayələrini, müxtəlif həyat təcrübələrindən bəhs edən sənədli filmləri “Festivallardan seçmələr” (“Best of Fests”) adlı xüsusi proqramda nümayiş etdirəcək festival bu il də 15-22 sentyabr tarixlərində Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda keçiriləcək.

IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı son illərin rezonans doğuran, nüfuzlu film festivallarında nümayiş edilən, mükafatlı sənədli filmləri Azərbaycan auditoriyası üçün gətirir.

Bu il nümayiş olunacaq sənədli filmlərdən biri IDFA – Amsterdam Beynəlxalq Sənədli Filmlər Festivalında əsas mükafata layiq görüldükdən sonra beynəlxalq maraq əldə etmiş “Apoloniya, Apoloniya” (Leo Qlob) filmidir. Bu film Danimarkanın növbəti Oskar film mükafatları üçün qısa siyahıda yer alır.

Sundance Film Festivalında yarışmış “Sirenalar” (Rita Bağdadi), Xarkov beynəlxalq Film Festivalının qalibi “Mənim adım Mutludur” (Ayşe Toprak & Nik Rid), “Hot docs” Beynəlxalq Sənədli Film Festivalının qalibi “İran Xanımın əri” (Mərcan Xosravi), nüfuzlu Venesiya film festivalının müsabiqədən kənar proqramında nümayiş edilmiş “Aradüzəldən” (Benedetta Argentieri), Berlin Beynəlxalq Film Festivalının qalibi “Tehranda yeddi qış”(Steffi Niderzol) kimi filmləri də festival çərçivəsində ölkə sənədli filmsevərləri üçün nümayiş etdiriləcək.

Həmçinin seçki komissiyası tərəfindən dünyanın bir çox ölkəsi və yerli rejissorlar tərəfindən göndərilmiş çoxsaylı sənədli filmlər içərisindən xüsusi etina ilə seçilmiş və “Beynəlxalq qısametrajlı sənədli film”, “Yerli qısametrajlı sənədli film” və “Tammetrajlı sənədli film” kateqoriyaları üzrə nümayiş ediləcək olan filmlər müsabiqə proqramında yer alır.

Bu il festival çərçivəsində dünya kino tarixinin əfsanələrindən hesab olunan rejissor Anyes Vardanın retroperspektivi baş tutacaq ki, izləyicilər rejissorun yaradıcılığında xüsusi yer tutan dörd sənədli filmi geniş ekranlarda izləmək fürsəti əldə edəcəklər.

Dünyanın bir çox ölkəsindən dəvət edilən xarici mütəxəssislər festival günlərində müxtəlif ustad dərsləri və panel müzakirələr fonunda yerli rejissorlar, kinosevərlər ilə görüşəcəklər. Azərbaycanlı fotoqraf Rəna Əfəndi ilə yerli auditoriyanın görüşü və kinorejissor Anyes Qodarın masterklassı bu baxımdan əhəmiyyətli hesab olunur.

Ana səhifəXəbərlərIV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı proqramını açıqlayıb