Onun Azərbaycana təhvil veriləcəyi deyilir
Azərbaycanlı jurnalist Əfqan Sadıqovun Tbilisidə yaşadığı evin qarşısında saxlanıldığı bildirilir. Bu barədə onun həyat yoldaşı Sevinc Sadıqova “Facebook” sosial şəbəkəsində açdığı canlı yayımda bildirib.
Sadıqova deyib ki, Əfqan uşaqları ilə birgə evdən çıxarkən onların gözünün önündə saxlanılıb. Sevinc Sadıqova ərinin Azərbaycan hakimiyyətinin sifarişi ilə gürcü polislər tərəfindən saxlanıldığını deyir:
“Əfqanı saxlayanların əynində hər hansı polis forması yox idi, sonradan geyindilər. Əfqanı cinayətkar kimi qollarını bağlayaraq apardılar, qara avtomobilə mindirdilər”.
Sevinc Sadıqova onun Azərbaycana təhvil veriləcəyini ehtimal edir:
“Mənim telefonumu almağa cəhd etdilər, vermədim. Adam hər hansı qanunu pozmayıb, nə ölkə daxilində, nə xaricində. Onun həbsi sırf siyasi sifarişdir. Bizə nə ölkənin daxilində, nə də xaricində yaşamağa izin verirlər”.
Bir gün öncə Əfqan Sadıqov vəkili ilə birlikdə Gürcüstanın xalq müdafiəçisi (Ombudsman) Levan İoseliani ilə görüşüb. Bu barədə özü “Facebook” hesabında paylaşım edib:
“Görüş çox normal keçdi. Ombudsman mənim Gürcüstandan çıxışıma maneə (qadağa qoyulduğuna) yaradıldığına təəssüf hissi keçirdiyini bildirdi. Görüşdə Ombudsman bildirdi ki, Gürcüstanın Daxili İşlər Nazirliyinə ünvanladıqları sorğuya ilkin cavab gəlib və onlar bu məsələdən məlumatsız olduqlarını, bu barədə araşdırma apararaq ən qısa zamanda məsələyə aydınlıq gətirəcəklərini bildiriblər.
Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Sadıqovun Tbilisidə həbs edildiyini təsdiqləyib. Gürcüstanın yerli mediası yazır ki, Əfqan Sadıqov 2024-cü ildən hədə-qorxu ilə pul tələb etmə cinayətinə görə axtarışda olub:
“O, Azərbaycana ekstradisiya olunmaq üçün həbs edilib”.
İyulun 18-də Əfqan Sadıqovun Tbilisi Hava Limanından Türkiyəyə uçuşuna izin verilməmişdi. Həmin vaxt Meydan TV-yə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova demişdi ki, sərhəd polisindən onlara Əfqan Sadıqovun pasportunun sistemdə görünmədiyi, yalnız Azərbaycana uça biləcəyi bildirilib.
Nə həmin vaxt, nə də indi məsələ ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyindən hər hansı açıqlama almaq mümkün olub.