close

Jurnalist Nərgiz Absalamova saxlanılıb

Nərgiz Absalamova. Foto: Ülviyyə Əli

DİN onunla bağlı araşdırma aparıldığını deyir

Jurnalist Nərgiz Absalamova saxlanılıb. Ona qarşı da “AbzasMedia”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı ilə eyni, qaçaqmalçılıq ittihamı ilə cinayət işi açıldığı bildirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Meydan TV-yə faktı təsdiqləyib. Bildirib ki, jurnalist Nərgiz Absalamova saxlanılıb, onunla bağlı araşdırma aparılır.

Nərgiz Absalamovanın Xətai rayon Polis İdarəsinə aparıldığı, vəkilinin olmadığı bildirilir.

Nərgiz Absalamova daha öncə “AbzasMedia” rəhbərlərinə açılan cinayət işində şahid qismində dindirilib.

“AbzasMedia”nın baş redaktoru Sevinc Vaqifqızı noyabrın 21-nə keçən gecə saat 2 radələrində ölkəyə qayıdarkən Bakıdakı hava limanında təyyarə yerə enən kimi saxlanılıb. Ondan əvvəl isə “AbzasMedia”nın direktoru Ülvi Həsənli noyabrın 20-də səhər saat 5 radələrində evinin qarşısında taksiyə minərkən saxlanılıb.

Noyabrın 20-də “AbzasMedia”nın ofisində və Ülvi Həsənlinin evində, Sevinc Vaqifqızı saxlandıqdan dərhal sonra isə gecə saat 3 radələrində onun yaşadığı mənzildə axtarış aparılıb.

Saytın ofisindən 40 min avro pul tapıldığı iddia olunub. Ülvi Həsənli isə orada pul olmadığını, 40 min avronun ofisə onu tapdığını iddia edənlərin özləri tərəfindən qoyulduğunu bildirib.

Həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsilə ittiham irəli sürülüb.

Saytın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov da noyabrın 20-də saxlanılıb. İki gün ərzində onun yeri, nədə ittiham olunduğu barədə heç bir məlumat verilməyib. İki gün sonra onun da eyni cinayət işi üzrə saxlandığı məlum olub. Noyabrın 23-də Xətai Rayon Məhkəməsində onun da barəsində həbs qərarı çıxarılıb.

Təqsirləndirilən şəxslərin heç biri qaçaqmalçılıq ittihamını qəbul etmir.

Ana səhifəXəbərlərJurnalist Nərgiz Absalamova saxlanılıb