close

Jurnalistləri Mudafiə Komitəsi Nərgiz Absalamovanı azad etməyə çağırdı

Nərgiz Absalamova. Foto: Meydan TV

“Jurnalistlərin həbslərinin davam etməsi qəbuledilməzdir”

Jurnalistləri Mudafiə Komitəsi (CPJ) jurnalist Nərgiz Absalamovanın həbsini pisləyən bəyanat yayıb.

Komitə Azərbaycan hakimiyyətini “AbzasMedia” saytının həbs olunmuş bütün jurnalistlərini azad etməyə çağırıb.

““AbzasMedia” jurnalistlərinin həbslərinin davam etməsi qəbuledilməzdir. Həbslər yalnız onu göstərir ki, Azərbaycan hakimiyyəti media orqanını cəsarətli antikorrupsiya xəbərlərinə görə bağışlamaq iqtidarında deyil”, – CPJ-nin proqram direktoru Karlos Martinez de la Serna deyib.

“Jurnalistlər ictimai maraqlara xidmət edən reportajlarına görə cəzalandırılmamalı və ya diplomatik çəkişmələrə alət edilməməlidir. Azərbaycan hakimiyyəti Nərgiz Absalamovanı, onun “AbzasMedia”dan olan həmkarlarını və bütün digər haqsız yerə həbs edilən jurnalistləri dərhal azad etməlidir”, – bəyanatda deyilir.

Daha öncə “AbzasMedia”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və saytın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs olunub.

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi onlar barəsində müvafiq olaraq 4 ay, 3 ay 29 gün və 3 ay 27 gün həbs qətimkan tədbiri seçib.

Nərgiz Absalamova noyabrın 30-u Bakı Şəhər Baş Polis İdarəsinə dəvət edilib və daha sonra saxlanılıb. Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

“AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Nərgiz Absalamovaya qarşı da qaçaqmalçılıq ittihamı irəli sürülüb.

Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə səkkiz ilədək həbs cəzası gözləyir.

Korrupsiya araşdırmaları ilə tanınan “AbzasMedia” xəbər saytının jurnalistləri onlara qarşı irəli sürülən ittihamları qəbul etmir və həbslərinin peşə fəaliyyətləri, xüsusən də yüksək səviyyəli məmurların korrupsiyasına dair araşdırmaları ilə əlaqəli olduğunu qeyd edir.

Noyabrın 28-də daha bir jurnalist – “Kanal 13” internet televiziyasının rəhbəri və təsisçisi Əziz Orucov barəsində 3 aylıq həbs qətimkan tədbiri çıxarılıb.

Cinayət Məcəlləsinin 188.2 maddəsi (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma _ icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparma) üzrə ittiham olunan Əziz Orucov ittihamları rədd edib və həbsinin jurnalist fəaliyyətini məhdudlaşdırmağa yönəldiyini qeyd edib.

Sərhədsiz Reportyorlar, Amnesty International, Avropa Jurnalistlər Federasiyası və digər bir sıra yerli və beynəlxalq insan hüquqları təşkilatları, Avropa İttifaqının insan hüquqları üzrə xüsusi nümayəndəsi, habelə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçiləri Azərbaycan hakimiyyətini müstəqil mediaya qarşı təzyiqlərə son qoymağa, həbs edilən jurnalistləri azad etməyə çağırıblar.

Ana səhifəSiyasətJurnalistləri Mudafiə Komitəsi Nərgiz Absalamovanı azad etməyə çağırdı