close

Kəndlilərdən pul almayan pinəçi

Fotolar: Meydan TV

“Varlı pul verən, kasıb isə haqq kəsən deyil”

“Uşaqlıqdan texniki işlərə marağım vardı. Bəzən bacımın kuklalarına geyim tikirdim. 1989-cu ildən bu sənətdəyəm. Rusiyada hərbi xidmətdən sonra Astaradan olan bir talış dostumdan pinəçiliyi öyrəndim. Üç il sonra ölkəmə qayıdıb elə bu sənətlə məşğul oldum. Öncə Məişət evində, sonra isə müstəqil pinəçi kimi fəaliyyətimi davam etdirdim”.

Bunu Meydan TV-yə Göyçayın Şəhadət kəndindən olan pinəçi Famil Hacıyev deyir.

Deyir ki, ailədə 7 uşaq olublar, amma bu sənətə yalnız onun marağı olub:

Tək mən bu sənətə yönəldim və ömür boyu özümü axtarsam da, bu sənətdə tapdım. Peşəmə xəyanət etməmişəm. Əksinə sənətimlə dincəlirəm, yenilənirəm. Hirslənəndə çəkmə təmir edirəm ki, hirsim soyusun”.

“Çətin günlərdə belə sənətimə xəyanət etmədim”

Famil  Hacıyevin bir ayağında ciddi problem olsa da, bu, onu işindən soyutmur, əksinə, hər gün kənddən rayon mərkəzinə, balaca pinəçi dükanına gəlir.

Bu sənətlə isə 34 ildir ki, məşğuldur.

Pinəçi deyir ki, 90-cu illərdə rayon mərkəzində 10-dan çox pinəçi olub:

O dövr üçün sifarişlər çox, çəkmələr dəri, sənətkara isə maraq böyük idi. Lakin 90-cu illərin müharibə və iqtisadi çətinliklərindən dolayı bir çox sənətkarlar kimi, pinəçilər də rayonu tərk etməli oldu. Hazırda üç pinəçi ilə bu sənət varlığını qoruyub saxlayır. Ancaq sifarişlər az, sifarişçilər kaprizlidir. Bir müddət insanlar pinəçi sənətinə aşağı sənət kimi baxırdı, bəyənmirdilər. Kiminsə ayaqqabısının təmirini şəxsiyyətə sığışdırmırdılar. Ancaq o çətin günlərdə belə sənətimə xəyanət etmədim, əksinə pinəçi kimi şəxsimlə qürur duymuşam”.

Sovet dövründə dəri ayaqqabılar dəbdə idi deyə çoxlu dəri ayaqqabı sifarişi götürüb tikirdim. Həm də dəri baha idi, çeşid çox deyildi. Ayaqqabılar bir mövsümlük deyildi. Səhər tezdən günün sonuna qədər çalışırdım. İndi sifariş çox deyil, çünki bazarda ayaqqabı çeşidi çox və dözümsüz. Altlıqları tez sıradan çıxır. Geyinir, atır, gedib təzəsini alır. Çünki 8-10 manatlıq ayaqqabının təmiri 2-3 manat edirsə, gedib təzəsini alır. Gün olur 2-3, gün olur 10 manat qazanıram. Bəzən də elə də olur ki, bir həftə sifarişim olmur. Hətta olur ki, bu otağın icarəsini – 40 manatı güclə çıxarıram. Kənddə də sifarişlərim olur, ancaq onlardan pul götürmürəm, devizimdir. Yoldan kimsə ötüb keçir, görürəm ayaqqabısı yaxşı vəziyyətdə deyil, çağırıb düzəldib verirəm, pul almıram. Hər sənətçinin bir sifariş dövrü olur, mənim də işimin məhsuldar dövrü payızdır. Yaz və yayın borcunu payızda çalışıb ödəyirəm. Varlı pul verən, kasıb isə haqq kəsən deyil”, – belə deyir Famil Hacıyev.

“İlan dərisindən min manatlıq çəkmə tikmişəm”

Pinəçi əsasən qadın ayyaqabılarə təmir edir. Deyir ki, onun üçün kişilərlə işləmək çətindir. Qadınlar həm anlayışlı olur, həm də görülən işi qiymətləndirir.

İşində isə düzgünlük və dəqiqliyə diqqət yetirir.

Aldığı sifarişi zamanında təhvil verir ki, ona olan inam itməsin. İndiyə qədər ən baha tikdiyi ayaqqabı 1000 manat, ən çox təmir etdiyi ayaqqabılar isə 400 dollarlıq olub.

Həyatda və işdə bahalığa deyil, keyfiyyətə önəm verdiyini deyir:

Səbirlə çalışanam, ancaq yoldaşlı çalışa bilmərəm, çünki mənim üçün etibar, düzgünlük önəmlidir. Əyrilik görəndə inciyirəm. İşimi kimsə bəyənmədiyini deyərsə, ondan da inciyirəm. Haqlı olsalar, başqa. Ən fərqli, ən tələbatlı çəkməçiyəm. Payızda ən çox sifarişi mən götürürəm. İlan dərisindən zamanında 1000 manatlıq çəkmə tikmişəm. Bir dəfə çəkməçi kimi xoşbəxt olmuşam. O da Rusiyada çalışarkən teatrdan  təmirə 100 cür ayaqqabı gətirdilər. Sutka yarıma təmir edib 400 dollar ödəniş aldım. O teatrdan sonra da çox sifarişlər olurdu. İnsana deyil, gətirilən ayaqqabıya baxıb qiymət deyirəm. 500 dollarlıq ayaqqabının da, on manatlıq ayaqqabının da öz təmir qiymətini deyirəm. Yoxsa balaca otaqda deyil, mərkəzdə yer götürüb xidmətə qaçaram, çoxlu pul qazanaram”.

“Kişilərə ayaqqabı bəyəndirmək, ödəniş almaq olmur, işə də qiymət vermirlər. Qadınlar isə düzgünlüyə riaət edir. Prinsipə görə çalışıram ki, təmir etdiyim ayaqqabı geri dönməsin. Təmir etdiyim çəkmə qayıtmayıb. Bir dəfə altlığına görə geri qaytarıblar o da satılan altlıqla dəyişmişdim, ondan sonra dəyişmədim”, – deyə o bildirir.

“Rayonda altıncı dərəcəli çəkməçiyəm”

Zəhmətkeş pinəçi işinə lazım olan avadanlıqları əsasən özü hazırlayır, digərlərini isə alır. Alətləri qədimdir, elektrik enerjisindən asılılığı yoxdur:

Əsas instrumentlərim qayçılar, kəlbətinlər, tutqaclar, bizlər və bıçaqlardı ki, hamısını özüm düzəldirəm. Çünki işimə nə yaradığını özüm bilirəm. Sapları, bir də qadın ayaqqabıları üçün altlıqları alıram. İran istehsalı olan saplar ucuzdur, kiloqramı 18-20 manatdır, ancaq keyfiyyətlisi rus istehsalıdır deyə 40-45 manata alıram. Bir kiloqramı bir il mənə bəs edir. Elektrikdən asılı deyiləm, çünki alətlərim qədimdir, digər pinəçilərin işi elektrikdən asılıdır, mənim yox”.

Özü də tək pinəçilik üzrə deyil, digər peşələr üzrə də dərəcələri var. Hər zaman üzərində çalışır və özünü inkişaf etdirir deyə müxtəlif peşələr, texniki bacarıqlar öyrənməkdə maraqlıdır.

Qonşuluqda olan digər peşə adamlarından da yeniliklər öyrəndiyini deyir:

“Tək çəkməçi deyiləm, məişət, kənd təsərrüfatı avadanlıqlarını, minik və ağır texnika maşınlarını təmir edirəm, təbabətlə məşğulam. Həkimdən məni səhv müalicə etdikləri üçün qorxuram, 20 il həkim yanlışlığından dərman atmışam. Xalq təbabəti ilə məşğul olan bir həkim mədəmi sağaltdı. O vaxtdan bitkilərə keçdim, özüm kitabını oxuyub təbabətlə məşğul oluram. Bitkilərdən məlhəm hazırlayıram. Həm də dəri məmulatı üzrə texnoloqam, polis məktəbini bitirmişəm, işləmişəm bir müddət məktəbin özündə, ancaq Rusiyada”.

O, Göyçayda dülgərliyi də öyəndiyini qeyd edir:

“Göyçayda dülgər xarratlığı bitirmişəm. Üçüncü dərəcəli çilingər, maşinist, kamera vulkanizatoram, ikinci dərəcəli elektrikəm. Uşaqlıqdan bekar deyiləm, ömür boyu müxtəlif peşələrdə özümü yoxlayıram. Sonucda pinəçini həmişəlik sənət seçsəm də, hələ öyrənirəm. Rayonda altıncı dərəcəli çəkməçiyəm. 20 il öncə imtahan verərək bu dərəcəni almışam Rusiyada. Məndən başqa dərəcəsi olan yoxdur burda. İndi də arıçılığa yazılmışam və bəzək əşyalarından işlər öyrənirəm. Ayağıma görə çox qala bilmirəm, yoxsa eyni enerji ilə çox işlər görərəm gün sonuna qədər. Məni öyrənmək, sənət yaşadır”.

“Sənəti seçən düşünməsin ki, ac qalacaq”

Peşəkar pinəçi illərdir rayonda bu sənəti təbliğ etsə də tələbə yetişdirə bilməyib.

Deyir ki, indiki gəncləri belə səbrli və az qazanclı işlər cəlb etmir.

Bir tək qız övladı var ki, o da kargüzarlıq sənətinə yönəlib, ancaq pinəçi indiki dövrdə peşə öyrənilməsini gənclərə məsləhət görür.

Artan işsizliyə və minnətsiz qazanca görə onun da tövsiyəsi belədir:

Tələbələrim yoxdur, bir tək bacım oğlu maraq göstərdi, ancaq səbri çatmayıb yarımçıq qoydu. Bu işlərə səbr, diqqət, məsuliyyət, maraq lazımdır. Kim gəlir, səbri çatmır. Qızıma, gənclərə deyirəm bir neçə sənət, peşə öyrənin. Ayağım aparatda bu sənətdə çörəyimi az da olsa, qazanıramsa, demək, sənət etibarlıdır. Halallıq sevən və söz götürməyənlər üçün gözəl sənətdir. Hamı müəllim, həkim, mühəndis olmaz, bəs ayaqqabını, maşını, texnikanı kim təmir edəcək? Sənəti seçən düşünməsin ki, ac qalacaq. Milyonçu olmayacaq, ancaq ac da qalmayacaq”.

Ana səhifəBölgəKəndlilərdən pul almayan pinəçi