close

Ruhanilər üçün xüsusi prokurorluq Həsən Ruhaniyə cinayət işi açıb

Mənbə: Reuters

İranın sabiq prezidenti valyuta bazarına müdaxilədə ittiham olunur

İranın sabiq prezidenti Həsən Ruhaniyə cinayət işi açılıb.

Bunu İranın Ədliyyə Nazirliyinin sözçüsü Məsud Satayşi ötən gün media üçün keçirdiyi mətbuat konfransında deyib.

Xəbəri “İsna” agentliyi yayıb.

Onun sözlərinə görə, sabiq prezidentə din xadimləri üçün xüsusi prokurorluqda iş qaldırılıb.

“O, ruhanilər qiyafəsindədir və onun barəsində xüsusi prokurorluqda işlər qaldırılıb”, – deyə o bildirib.

Satayşi deyib ki, Həsən Ruhani valyuta bazarındakı pozuntulara və birjaya müdaxilələrdə ittiham edilir.

Ədliyyə sözçüsü qeyd edib ki, Ruhani valyuta, eləcə də birjaya müdaxilələri ilə bağlı qanun qarşısında hesabat verməlidir.

Həsən Ruhaninin ittihama münasibəti hələ ki açıqlanmayıb.

Həsən Ruhani əvvəllər İranın Ali Rəhbəri Ayətullah Xomeyninin Məclisdəki nümayəndəsi təyin edilib.

O, 1989-cu ildən 2005-ci ilə qədər 16 il müddətində Təhlükəsizlik Şurasının katibi olub.

Sabiq İran prezidenti Hatəminin 2000-2005-ci illərdə Təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsini tutub.

İranın Qərblə nüvə proqramı ilə bağlı danışıqlarda iştirak edən əsas simalardan biri olub.

Təhlükəsizlik Şurasının katibi və Məclisin vitse-spikeri kimi xarici nümayəndələrlə nüvə proqramı barədə diplomatik müzakirələrdə, o cümlədən MAQATE-ilə danışıqlarda iştirak edib.

Buna görə İranda “diplomatiyanın şeyxi” adını alıb.

2013-cü ildə İran İslam Respublikasının 7-ci prezidenti seçilib.

Ana səhifəXəbərlərRuhanilər üçün xüsusi prokurorluq Həsən Ruhaniyə cinayət işi açıb