close

Kim kimdən və nədən utanmalıdır

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Məni bu qəziyyədə kövrəldən bir məqam oldu…

Möhtərəm İlham Əliyev cənabları öz əyan-əşrəfinə buyurdu ki, polisə daş atanlar utanmalıdırlar.

İnsaf xatirinə, 2020-ci ilin yayında Milli Məclis önündə keçirilmiş mitinqin dərslərindən ibrət götürən prezident onu da əlavə etdi ki, Söyüdlü kəndində qızıl çıxaran xarici şirkət qazanc dalınca qaçanda təbiətin mühafizəsini və kənddə yaşayan insanların hüquq və sağlamlığını büsbütün unudubmuş. Sonra təbiətin mühafizəsi naminə cəfa çəkib səfa görən nazirliyin işçilərini də öz xidməti vəzifələrini lazımincə ifa etmədiklərinə görə məzəmmət etdi.

Möhtərəm prezident etiraf etdi ki, hər hansı şirkətin qazanc güdməsi tamamilə təbii və anlaşılan davranışdır. Lakin şirkətlər bu qazancın əldə edilməsi naminə gərək təbiəti və insanları unutmasınlar.

Nəhayət, prezident vurğuladı ki, kənd camaatını qızışdıran və polisin göz bəbəyi kimi qoruduğu sabitliyi pozmağa cəhd edən təxribatçı ünsürlər artıq qismən müəyyənləşdirilib və tutulub (ardı var). Prezidenti əsəbiləşdirən ən iyrənc hərəkət Söyüdlü sakinlərinin etiraz zamanı səliqəli və səhvsiz şüar yazılmış plakatlar qaldırması olub. Gədəbəyin dağ kəndi olsun, kəndlilərin şüarın yazılmasında Azərbaycan dilinin qaydalarını pozmaması əcnəbi düşmən əllərinin təsirindən şəksiz xəbər verir. Çünki Bakının mərkəzində şıdırğı bina tikən doğma milli biznesmenlərin yazdıqları plakatlarda mütləq səhvlər tapılır.

Baxın, bu səhvsiz yazılmış plakatlar Rusiya amilini artıq istisna edir. Zira bu işi rus casusları icra etsəydi, həmin plakatlarda bir yox, on səhv edilərdi. Yadınıza İngiltərədə Skripalların zəhərlənməsi hadisəsini salın. QRU agentləri Petrov və Boşirov neçə ağlasığmaz səhv və xəta törətmişdilər!

Uzağa getməyək¸lap elə Ukraynaya təcavüz əməliyyatı zamanı baş vermiş əfsanəvi axmaqlıqları xatırlayaq. Odur ki, başqa düşmən dövlət axtarmalıyıq.
Müxtəsər, Söyüdlü kəndində qızıl çıxaran, qaz vurub qazan dolduran şirkətin işi müvəqqəti dayandırıldı. Allahdan gizli deyil, məxluqdan niyə gizli olsun, külli-əhli-Azərbaycan çox gözəl bilir ki, neft kimindir, qızıl-gümüş kimin, aqroholdinqlərin sahibləri kimdir, yorğa inkişaf edən supermarketlərin qazancını kim götürür. Odur ki, qızıl çıxaran şirkətin müvəqqəti də olsa, bağlanması, təbii ki, möhtərəm cənablarının geniş ürəyinin qara camaata növbəti  lütfünün əlamətidir.

Xub, bu qəziyyə bizim məmləkətdə (oxucuya ərz edim ki, məmləkətin başında məlik, səltənətin başında sultan durar) dəfələrlə eyni tərzdə baş verən və təxminən eyni sonluqla nəticələnən qəziyyələr silsiləsində sıravi bir danədir. Bəli, tutulanlar polis idarəsində onlarla müstəsna nəzakətlə davranışdan sonra boyunlarına alacaqlar ki, strateji əhəmiyyəti olan Söyüdlü kəndinə düşmən dövlətin xüsusi xidmət qurumlarının tapşırığı ilə gəlib bizim əziz-xələf dövlətimizin milli dayaqlarını sarsıtmağa çalışıblar. Bunun üçün onlar xəbisliklə ikinci zəhərli tullantı ambarının qazılmasından, Təbii Sərvətlər və Ekologiya Nazirliyinin başçısının və işçilərinin səhlənkarlığından, məsuliyyətsizliyindən sui-istifadə etməyi planlaşdırıblar.

Nəhayətdə bizim dünyada analoqu olmayan məhkəmə sistemimiz onlara yağlı ittihamlarla üzvi surətdə uzlaşan samballı həbs cəzaları kəsəcək və onların ailə üzvləri  boyunları bükük düşəcək qazamatların qapılarına.

Məni bu qəziyyədə kövrəldən bir məqam oldu. Möhtərəm Ali Baş Komandan Söyüdlü kəndində bir əli qalxanlı, o biri əli zopalı zırpı polis nəfərləri ilə yaşlı kəndli qadınların arasında baş vermiş döyüş səhnəsini qiymətləndirərkən döyüş taktikasından, hətta bu qarşıdurma zamanı kimya elminin dövlətlərin sabitliyinə verdiyi bibər qazı kimi mütərəqqi elmi nailiyyətdən deyil, xalqımızın mənəvi mirasının təzahürü olan “utanmaq”dan söz açmışdı.

Bəli, utanmaq. Necə də gözəl sözdür! Bu sözü xalqımızın dövlət lüğətinə, hətta, ola bilsin ki, Konstitusiyaya da ayrıca bir maddə kimi, məsələn, “Vətəndaşların utanmaq azadlığı haqqında” başlığı ilə salmaq lazımdır.

Əminəm ki, xalqımızın həyatı bundan sonra ciddi təezdə dəyişə bilər. Bu yeni  maddə əslində yabançı xalqların təcrübəsindən mexaniki götürülüb bizim Ana Yasaya salınmış və  xalqımıza yad olan “ifadə azadlığı”, “toplaşmaq azadlığı”, “seçmək və seçilmək azadlığı” kimi əndrəbadi məfhumları sıxışdırıb onları ictimai həyatımızın lazımsız künclərindən birinə salacaq.
Bax, onda xalqımız hər oğurluq milyonlarla tutulan məmura qəti imkan tədbiri kimi həbs əvəzinə “utanmaq” cəzasının verilməsini tələb edəcək. Polis vətəndaşı vəhşicəsinə təpikləyib-yumruqlayıb döyürsə, onun cəzası yalnız utanmaq olacaq. Nazir büdcədən rəhbərlik etdiyi sahəyə ayrılmış vəsaiti dost-tanış və qohum-əqrəbanın köməyi ilə mənimsəyirsə, xalqdan və dövlət başçısından eşidə biləcəyi yeganə söz “utan” olacaq. Rüşvət ittihamı ilə həbslərə son qoyulacaq, indi tutulmuş bütün voyenkomlar və gömrük işçiləri azadlığa çıxıb öz topdağıtmaz ev-eşiyində asudə utanmağa başlayacaq.

Bu utanmaq fenomeni geniş yayılıb ictimai-siyasi həyatımızın bütün sahələrini ağuşuna alacaq. Plagiat elmi əsərlər sayəsində elmi adlar qazanmış zırrama alimlərimiz  non-stop utanacaqlar.

Mən nikbin birisiyəm, xoş və xam xəyallar dünyasını sevirəm. Bəlkə gün gələr, Azərbaycanın Elmlər Akademiyasına bağlanmış İsa Həbibbəyli cənabları da  utanmağa başlayar.
Bəlkə də, bəlkə də prezident aparatının Milli Məclisə təyin etdiyi iqtidarlı-müxalifətli vəkillərimiz də utanmağa başlayacaqlar.

Xarici alimlər Azərbaycana gəlib dünyada analoqu olmayan bu təzahürü öyrənməyə və anlamağa çalışacaqlar. Nə vaxtsa onlardan biri  “utanmaq”barədə yazdığı tədqiqata görə bəlkə də Nobel mükafatına layiq görüləcək. Onda millətin imzası nəhayət ki, düşəcək başqa millətlərin imzalarının sırasına, biz də bununla fəxr edəcəyik.

Bu məqamda bir haşiyə çıxıb bir fikri ifadə etmək istəyirəm. 44 günlük müharibədən sonra mən elə zənn edirdim ki, bu qələbə sayəsində əldə edilmiş etimad yükü İlham Əliyevin hakimiyyətini azı 10 il polis zopası və seçki fırıldaqları olmadan möhkəm saxlayacaq. Fəqət qazilərin və əsgərlərin müntəzəm intiharları və cəmiyyətin ən yuxarı səfinin nümayəndələrinin əndazəyə sığmayan tamahı və qudurğanlığı bu etimad yükünü qızmar günəş altinda əriyən buz kimi yoxa çıxarır. Bu da onu göstərir ki, tərpənmək vaxtıdır, yüz kərə deyilmiş və yazılmış yalançı və boğazdan yuxarı deyil, hamının gözəl anladığı gerçək islahatları başlamaq dəmidir.

Qaldı Söyüdlü kəndinin camaatına, əmin olsunlar ki, qızılın son qramı tükənməyincə, bu şirkət onların kəndindən əl çəkməyəcək. 

Ana səhifəMənim FikrimcəKim kimdən və nədən utanmalıdır