close

Terri Foks və Ümid marafonu

Foto: Meydan Tv

Yadigar Sadıqlı

Terri Foksun şücaəti təkcə onkoloji xəstəliklərə diqqəti artırmadı, həm də əngəlli insanlara, onların problemlərinə və imkanlarına münasibəti dəyişdi

1980-ci il arpelin 12-də Terri Foks adlı 22 yaşlı kanadalı gənc ölkəsinin ən şərq nöqtəsində, Sent Cons şəhərində ayağının ucunu Atlantik okeanının suyuna saldı, həmin sudan iki şüşə doldurub götürdü. O, bütün Kanadanı şərqdən qərbə qaça-qaça qət etmək, həmin şüşələrdən birini yadigar saxlamaq,  digərini isə qərb sahilində Sakit okeana boşaltmaq niyyətində idi.

Təxminən 8 000 km qaçmaq sağlam adam üçün belə heç asan sayılmaz. Terri isə sağlam deyildi. Onun suya saldığı ayağı protezli idi: üç il əvvəl xərçəng səbəbindən dizdən yuxarı kəsilmişdi. Bu səbəbdən də planlaşdırdığı iş tamamilə ağlasığmaz görünürdü.

***

Terri Foks 1958-ci ildə Kanadanın Vinnipeq şəhərində anadan olub. İki qardaşı və bir bacısı vardı. 1966-cı ildə ailəsi ölkənin Britaniya Kolumbiyası əyalətinə köçüb.  Terri uşaqlıqdan idmana xüsusi həvəs göstərirdi, amma parlaq idman istedadı ilə seçilmirdi. Oxuduğu məktəbin idman müəllimi və basketbol məşqçisi ona “sənin hər iki əlin soldur” deyirdi.

Amma onda idmançı üçün vacib olan bir keyfiyyət vardı: uduzmağı, təslim olmağı sevmirdi və istədiyinə nail olana qədər əziyyət çəkməyə, məşq etməyə hazır idi. Elə həmin idman müəllimi xatırlayır: “O, heç bir səhər məşqini buraxmırdı. Mən məktəbə gələndə artıq qapının ağzında gözləyirdi, hamıdan da axırda gedirdi”.

O, basketbol təmrinləri ilə yanaşı məşqçinin məsləhəti ilə uzaq məsafələrə qaçmağa başlayır. Əslində bu işi heç sevmirdi, amma nəyin bahasına olursa olsun, məqsədinə çatmaq istəyirdi. Terrinin zəhməti boşuna getmir: orta boyuna baxmayaraq, tezliklə məktəb basketbol komandasının əsas oyunçularından birinə çevrilir, məzun ilində də dostu Duq Alvard ilə birlikdə məktəbin ən yaxşı idmançısı seçilir.

İdman müəllimi olmaq istəyən Terri Saymon Frezer universitetinə daxil olur. O, burada da basketbol komandasına üzv olur. Mayk Maqnil adlı tələbə yoldaşı sonralar deyəcək ki, əslində daha istedadlı basketbolçular vardı, amma Foks öz çalışqanlığı ilə onlara arxada qoymağı bacardı.

1976-cı il dekabrında dizindən ağrı hiss etməyə başlayır, amma basketbol yarışlarından kənarda qalmaq istəməyərək həkimə müraciət etmir. O güman edir ki, ağrı bir ay əvvəl uğradığı yüngül avtoqəza zamanı dizinin zədələnməsi ilə əlaqədardır. Həmin vaxt o, idarə etdiyi avtomobili arxadan pikapa vurmuşdu.

Dörd ay sonra ağrı artıq dözülməz olanda Terri axır ki, həkimə müraciət etməyə məcbur olur. Diaqnoz dəhşətli olur: osteosarkoma, yəni xərçəng. Terri gecikdiyindən yeganə çıxış yolu amputasiya idi. Onun ayağını dizindən 15 sm yuxarıdan kəsirlər, üstəlik, 16 ay kimya terapiyasına məruz qalır.

19 yaşı gənc taleyin bu zərbəsini mərdanə qaşılayır: əməliyyatdan bir ay keçməmiş protez ayaqla gəzməyə alışır, yayda isə əlil arabalarında çıxış edən “Vancouver Cable Cars” basketbol komandasına qoşulur. Tezliklə komandanın əvəzedilməz oyunmusuna çevrilərək iki dəfə ölkə çempionu olur.

Əməliyyatdan sonra Terri Foksu xərçəng problemi ciddi düşündürür. O hesab edir ki, xəstəliyin öyrənilməsinə ayrılan vəsait artırılsa, daha çox insan sağ qalar və ya amputasiyaya uğramaz. Terri problemə diqqət cəlb etmək haqqında düşünür və bunun yollarını axtararkən əməliyyat öncəsi oxuduğu jurnal məqaləsini xatırlayır.

Məqalə Dik Traum adlı amerikalı haqqında idi. Avtomobil qəzası nəticəsində ayağının birini itirən Dik fəal həyat tərzindən imtina etməmişdi. O, 1976-cı ildə Nyu York marafonunda iştirak edərək məsafəni sona qədər qaçmağı bacardı və beləcə, marafon məsafəsini qət edən ilk amputasiyalı idmançı oldu.

Terri düşünürdü ki, onu qayğılandıran problemə adekvat diqqət ayrılması üçün bir marafon yetərli olmayacaq, qat-qat daha miqyaslı bir şey fikirləşmək lazımdır və Kanadanı şərqdən qərbə qət etmək fikrinə gəldi. Bu zaman o, hər gün ən azı 42 km – bir marafon məsafəsi – qət edəcəkdi. Məqsədi isə xərçəngin tədqiqi üçün hər kanadalıdan 1 dollar (məqalədə Kanada dolları nəzərdə tutulur) yığmaq idi. Həmin vaxt Kanada 24 milyon adam yaşayırdı.

Bu, inanılmaz dərəcədə çətin və ağrılı iş idi. Protez nə qədər ustalıqla hazırlansa da, ayaq ağrımağa başlayır, döyənək və suluq yaranırdı. Üstəlik, sağlam ayağa da çox güc düşürdü. Çünki sol ayaqla təkan verən Terri elə həmin ayaq üstdə düşür, bundan sonra protezli ayaqla addım atırdı. Amma bunlar, eləcə də məqsədini bölüşdüyü yaxınlarının bədbin münasibəti onu fikrindən daşındırmadı.

Planı həyata keçirmək üçün məşqlərə, həm də sponsor axtarışlarına başlayır. 1979-cu ilin sentyabrında 27 km məsafəyə qaçışda iştirak edir. Bu arada sponsorlar da tapılır. “Ford” şirkəti avtofurqan ayırır,  “İmperial Oil” benzinlə təchiz etməyə boyun olur, “Safeway” supermarketlər şəbəkəsi isə yemək talonları və nağd pul vəd edir, “Adidas” da idman ayaqqabıları ilə təmin edir.

Bu zaman Foks sponsorlar üçün qəti tələb qoymuşdu: yardım təmənnasız olmalı, kimsə onun qaçışından reklam və qazanc məqsədilə istifadə etməməli, ümumiyyətlə, hər hansı şərt irəli sürməməlidir. Məktəb yoldaşı Duq Alvard furqonu idarə etməyi, Terri üçün yemək bişirməyi, məsafə boyu su ötürməyi və digər işləri öhdəsinə götürdü.

***

“Ümid marafonu” adı verilən qaçış 1980-ci il aprelin 12-də başladı. Sent Cons şəhərinin aid olduğu Nyufaundlend və Labrador əyalətində insanların reaksiyası Terrinin gözlədiyi kimi olmur. Əksəriyyət marafona biganə yanaşırdı və ianələr də az idi. Mətbuatın da marağı az idi. Amma 10 min əhalisi pıan Kanal-Port-o-Bask şəhərinin əhalisi 10 min dollar bağışlayanda Terri ruhlandı.

Qaçış asan keçmirdi. Apreldə hava hələ soyuq idi. Amma Terri protezli ayağının görünməsi üçün şortla qaçmağa üstünlük verir. Yorulan və ağrıyan Terri acıdil olur və əsəbini dostu Duqun üstünə tökürdü. Amma günahın özündə olduğunu bilirdi. Bir dəfə dostuna “mənə sona qədər dözmək üçün sən də böyük mətanət nümayiş etdirməlisən” dedi. Mayın ortalarından Terrinin kiçik qardaşı, yumor hissi ilə seçilən Darrel onlara qoşuldu və komandada əhvalı yüksəltdi.

Amma ictimai rezonansın zəifliyi Foksu narahat edirdi. İanələr də gözləntiləri doğrultmurdu. Fransızdilli Kvebek vilayətində yerli dili bilməyən qrup çətinliklərlə üzləşir. Yol boyu sürücülərin münasibəti ürəkaçan deyildi. Arxadan siqnal verərək yoldan çəkilməsini istəyirdilər, bəzən isə yolun kənarına sıxırdılar. Bəzi sürücülər maşını saxlayaraq aparmağı təklif edirlər, bu da onların marafondan xəbərsiz olduğunu göstərir. Belə hal Terrini məyus edirdi.

Ruh düşkünlüyü tamamilə dibə çökəndə, adətən belə hallarda olduğu kimi, yenidən ruhlandıran hadisə baş verdi. İyunun 22-də Terri Kvebekin ən böyük şəhəri olan Monreala gəldi. Onkoloji cəmiyyət ona burada bir qədər ləngiməyi və 200 km məsafədə yerləşən paytaxt Ottavaya iyulun 1-də, Kanada günü bayram ediləndə daxil olmağı tövsiyə etdi.

Monrealda bir neçə gün keçirən Terri burada “Four Seasons” hotellər şəbəkəsinin yaradıcısı Aysedor Şarpla tanış olur. Şarpın oğlu Kristofer də cəmi iki il əvvəl dəri xərçəngindən vəfat etmişdi. O, Terri və komandasına marşrut boyu öz hotellərində qalmağa və yeməyə izn verir. Bundan əlavə, əhəmiyyətli ianə etməyi və başqa şirkətləri də buna səsləməyi öhdəsinə götürür.

İyulun 1-də Terri Ottavaya gəlir və burada Kanadanın general-qubernatoru Edvard Şreyer və baş nazir Pyer Trüdo (indiki baş nazirin atası)  ilə görüşür, Kanada futbolu üzrə növbət çempionatının ilk oyununun açılışını edir və başqa tədbirlərə dəvət olunur. Paytaxtdakı bu qəbul Terri Foksu məşhurlaşdırır və Ümid marafonu milli hadisəyə çevrilir.İndi onu yol kənarında gözləyir, alqışlarla qarşılayır və ötürürdülər. Onun şərəfinə “Qaç, Terri, qaç” (Run, Terry, run) mahnısı bəstələnir.

İyulun 11-də Kanadanın ən böyük şəhəri Torontoya yaxınlaşanda yerli hokkey azarkeşlərinin kumiri, “Toronto Maple Leafs” komandasının kapitanı Derril Sittler ona qoşulur. Şəhərin mərkəzi meydanında minlərlə adam qarşılayır. Terri burada da bir neçə tədbirdə fəxri qonaq kimi iştirak edir; o cümlədən, beysbol üzrə “Toronto Blue Jays” və “Cleveland Indians” arasında matçın ilk simvolik atışını edir.

Terri Foks. Foto: Wikipedia

Həmin il NHL-in bütün ulduzları matçında geydiyi formasını ona bağışlayan Sittler sonralar deyəcək: “Uzun illərimi idmançılar arasında keçirsəm də Foks qədər cəsur və dözümlüsünü görməmişəm”. Torontoda 100 min dollar ianə yığan Foks qaçışını davam etdirərkən həmin dövrdə ölkənin ən populyar idmançısı, əfsanəvi hokkeyçi Bobbi Orrla görüşür. Orr “Planters Peanuts” şirkəti adından onkoloji tədqiqatlara 25 min dollar ianə edir.

Terri Foks öz doğum günündə də istirahətdən imtina edir. O, iyulun 28-də Qreyvenherstə qədər qaçaraq 22 yaşını burada qeyd edir. Səkkiz min əhalisi olan şəhərdə 14 min dollar ianə yığılır.

1980-ci ilin yayı olduqca isti keçir. Terri özünü çox yorğun hiss edir. Ağır fiziki yük həm amputasiya olunan, həm sağlam ayağına mənfi təsir göstərir. Kəsilən ayağında döyənək yaranır, bəzən qan gəlir. Sol ayağında dizində ağrı hiss edir. Amma bir müddət ağrıkəsicilərlə qaçışı davam etdirir.

Avqustun son günlərində öskürməyə başlayan Terri soyuqladığını güman edir. Sentyabrın 1-də kəskin öskürək onu qaçışı dayandırmağa məcbur edir. Tander Bey şəhərində xəstəxanaya aparılan gəncə dəhşətli cavab verilir: xərçəng qayıdıb və ciyərlərinə yayılıb. Terri Foks 143 gün çəkən və 5373 km məsafəni əhatə edən marafonunu dayandırmalı olur. Bu zaman yığılan pul 1,7 milyon dollar idi.

***

Derril Sittler və “Toronto Maple Leafs” klubunun hokkeyçiləri növbə ilə qaçaraq Ümid marafonunu bitirməyi təklif edirlər. Amma Terri razı olmur. O, yenidən sağalacağına və marafonu özünün bitirəcəyinə ümid edirdi. Sentyabrın 9-da CTV kanalı xeyriyyə telemarafonu keçirir və nəticədə daha 10,7 milyon dollar yığılır. Amma ianə toplanışı bununla bitmir.

Sentyabrın 19-da general-qubernator Terri Foksu Kanada ordeni ilə təltif edir. O, bu yüksək mükafatın ən gənc kavaleri olur. Britaniya Kolumbiyası vilayəti onu ən yüksək mülki mükafatı – Zoğal ordeni ilə təltif edir. Mövcud olduğu 23 il ərzində bu mükafatı cəmi 13 nəfər alıb ki, onların da az hala hamısı Britaniya kral ailəsinin üzvləri, Kanadanın dövlət adamlarıdır. Bundan əlavə 1980-ci ildə Kanadanın ən yaxşı idmançısı seçilərək  Lu Marş mükafatına layiq görüldü.

Terri Foks 1981-ci il iyunun 28-də, 23-cü doğum gününə bir ay qalarkən vəfat etdi. Ölüm xəbəri yayılandan dəfninə qədər Kanadanın dövlət bayraqları endirildi. Onun hədəf aldığı məbləğ – 24 milyon dollar özü hələ həyatda ikən, 1981-ci ilin fevralında yığıldı.

Ölümündən bir müddət sonra, 1981-ci ilin sentyabrında Kanadada birgünlük Terri Foks qaçışı keçirilir. Aysedor Şarpın təşkilatçısı olduğu və 800 yaşayış məntəqəsində 300 min nəfərin iştirak etdiyi qaçışda 3,5 milyon dollar vəsait yığıldı. O zamandan etibarən bu tədbir ənənəvi şəkil alıb və internetdə rast gəldiyim ən son məlumata görə xərçənglə mübarizə üçün 850 milyon dollardan artıq vəsait toplanıb. Bu il Terri Foks qaçışı sentyabrın 17-ə planlaşdırılıb.

1988-ci ildə Terri Foks fondu, 2007-ci ildə isə fondun nəzdində Terri Foks tədqiqat institutu yaradıldı.

Kanadanın bir çox yerlərində Terri Foks abidəsinə rast gəlmək olar. Onlardan biri Atlantik okeanı sahilində  Ümid marafonunun başladığı, biri də Sakit okean sahilində bitməli olduğu yerlərdə quraşdırılıb. Biri “Atlantik sıfırıncı mil”, biri də “Pasifik sıfırıncı mil” adlanır.

Foksun adı xeyli məktəblərə, idman qurğularına və meydançalarına, hətta gəmiyə verilib. 2017-ci ildə Kanadanın 150 illiyi münasibətilə buraxılan 10 poçt markasının biri Terriyə həsr olunub. O, 2004-cü ildə 1,2 milyon insanın iştirak etdiyi “Ən böyük kanadalı” rəy sorğusunda ikinci yeri tutdu.

1983-cü ildə “Terri Foksun əhvalatı”, 2005-ci ildə “Terri” adlı bədii filmlər çəkildi. Bundan əlavə, Foks haqqında bir neçə sənədli film var.

2010-cu il Vankuver olimpiadasının açılış mərasimində Olimpiya bayrağını daşıyan 8 nəfərdən biri Terrinin anası idi. Olimpiadada xüsusi şücaət göstərən idmançılar üçün Terri Foks mükafatı təsis edildi. Mükafata kanadalı fiqurlu konkisürən Coanni Roşett və sloveniyalı xizəkçi Petra Maydiç layiq görüldülər. Yarışlar zamanı Roşett anasının ölüm xəbərini almışdı. Maydiç isə məşq zamanı yıxılaraq qabırğasını sındırmışdı. Buna baxmayaraq, hər ikisi yarışlara davam etdilər və bürünc medal qazandılar.

Terri Foksun şücaəti təkcə onkoloji xəstəliklərə diqqəti artırmadı, həm də əngəlli insanlara, onların problemlərinə və imkanlarına münasibəti dəyişdi. 1994-cü ildə Terri Foks şərəf zalı yaradıldı. Buraya əngəlli insanların həyatının yaxşılaşdırılmasına önəmli töhfələr verən adamların adı daxil edilir.

Ana səhifəMənim FikrimcəTerri Foks və Ümid marafonu