close

“Kiminsə cinsi orientasiyası deyil, məmurun rüşvət alması qınanmalıdır”

Nura Suri, Foto: Telegram

Müğənni ölkədəki bahalaşmanı və maaş artımının azlığını da qınayıb

“Cəmiyyətdə insanların şəxsi həyatı, maddi vəziyyəti, cinsi orientasiyası müzakirə olunmamalıdır. Məktəbdə saxta diplomla dərs deyən müəllimi, vaxtilə universitetdə oxuyanda qiymətlərini pulla yazdıran həkimi, rüşvət alan məmurları qınamaq, ictimai müzakirəyə çıxarmaq lazımdır”.

Müğənni Nura Suri Meydan TV-yə cəmiyyətdə onu narahat edən qayğılardan danışarkən belə deyib.

Müğənni təəssüflə qeyd edib ki, cəmiyyətdə ciddi məsələlər nəinki müzakirə olunmur, hətta narahatlıq yaratmır:

“Əfsuslar olsun ki, cəmiyyəti ən çox maraqlandıran onu-bunu müzakirə etmək, qeybəti efirə gətirməkdir. Hətta televizoru açırsan, efirlərdə də kimisə müzakirə edirlər. Bununla gündəm yaradırlar. Hələ ki, bizim cəmiyyəti belə şeylər maraqlandırır. Kiminsə qısa geyinməyini, kimləsə münasibətdə olmağını müzakirə etmək doğru deyil. Hanısa müəllim diplomunu pulla alıb, gəlib, rüşvət verib işləyir, uşaqları şikəst edir. Bu, müzakirə oluna bilər. Çünki cəmiyyətə xələl gətirən amildir. Hansısa həkim diplomunu pulla alıb, qiymətlərini pulla yazıdırıb. Arxası olub, hansısa klinikaya işə düzəlib, indi də həyatımızla oynayır. Bu, müzakirə oluna bilər. Hansısa məmur insanlarla pis rəftar edir, əzir, rüşvət alır, öz xeyrini, mənafeyini güdür, bəli, bu müzakirə oluna bilər. Amma kiminsə şəxsi həyatı, geyimi müzakirə olunmamalıdır”.

Müğənni Nura Suri ölkədə və dünyadakı bahalaşmadan da ciddi narahatdır.

Deyir ki, Azərbaycanda bahalaşma fonunda əhalinin həssas qrupuna daxil olan hissəsi daha çox əziyyət çəkir:

“Bu yaxınlarda həm Amerikaya, həm də Türkiyəyə getmişdim. Hər ikisində də ciddi qiymət artımı müşahidə etdim. Türkiyədə xüsusilə istehlak mallarının qiyməti məni çox təəccübləndirdi. Qiymət artımını beynim, hələ ki, həzm etmir. Azərbaycana gəlincə, başa düşə bilmirəm, bu qədər bahalaşma nəyə lazımdır? Hər şeyi bahalaşdırıb, sonra pensiyanı, maaşı qaldırmağa nə gərək var? Pensiya çox cüzi qalxır, amma qida məhsulları, dərmanlar sürətlə bahalaşır. Hamı xəstədir, dərmanlara pul xərcləyirlər. Bütün bunlar məni çox narahat edir”.

“İlk günlərdən fərqli olaraq indi aksiya haqqında mətbuatdakı xəbərlərin sayı azalıb. Sosial şəbəkələrdə də paylaşımlar nadir hallarda olur. Yəni aksiya hazırda gündəm deyil. Bir məqam da var, çoxu başa düşmür ki, söhbət dəqiq olaraq nədən gedir, çünki dəqiq açıqlama yoxdur. İnsanlara dəqiq başa salınmır ki, bu, nə üçün lazımdır. Nə baş verir. Saytları da qınayıram. Orada danışıq qabiliyyəti olmayan adamlardan müsahibə alıb, yayırlar. Özümüz-özümüzü pis duruma salmış oluruq. Bu məsələyə bir az ciddi yanaşmaq lazımdır. Nə baş verdiyini başa salmaq lazımdır. Könüllülərin ora getməyinə şərait yaratmaq lazımdır. Danışa bilən insanları danışdırmaq lazımdır”, – müğənni fikirlərini yekunlaşdırıb.

Ana səhifəMədəniyyət“Kiminsə cinsi orientasiyası deyil, məmurun rüşvət alması qınanmalıdır”