close

“Tərtər işi”: İşgəncədə ittiham olunan polkovnik məhkəmə qarşısına çıxarılır

“Tərtər işi”, Foto: Meydan TV

Digər şəxslərlə bağlı istintaq davam edir

 “Tərtər işi” üzrə təqsirləndirilən polkovnik Vüsal Ələsgərovla bağlı istintaq tamamlanıb. O, 2021-ci ilin dekabrında bu iş üzrə icraat təzələnəndən sonra hadisələr zamanı işgəncə verməyə görə təqsirləndirilir.

Meydan TV-nin əldə etdiyi məlumata görə, təqsirləndirilən polkovnik haqqında cinayət işinin materialları tanış olmaq üçün onun özünə və vəkilinə təqdim olunub. İş yaxın günlərdə məhkəməyə göndəriləcək.

Tərtər hadisələri zamanı saxlanılan hərbçilərə işgəncə verməkdə təqsirləndirilən polkovnikin işinə hansı məhkəmədə baxılacağı hələ dəqiq məlum deyil:

“Ya Tərtər, ya da Bakı Hərbi Məhkəməsində baxılmalıdır”, – prokurorluqdakı mənbə deyib.

Mənbə bildirib ki, Vüsal Ələsgərov barəsində başqa bir cinayət işi də olub. Lakin həmin cinayət əməli üzrə qanunla məsuliyyətə cəlbetmə müddəti keçdiyinə görə xitam verilib.

“Tərtər işi” üzrə icraat yenilənəndən sonra işgəncə verməyə görə cinayət məsuliyyətinə cəlb olunan digər şəxslərlə bağlı isə istintaq davam edir.

2021-ci ilin dekabrında “Tərtər işi” üzrə istintaq yenilənəndən sonra işgəncələrə görə cinayət məsuliyyətinə cəlb olunanların sayı 17 nəfərə çatıb. Onlardan 12 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Onların arasında bir nəfər general da var. Bu, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucovdur.

Bir nəfər isə axtarışdadır. Daha dörd nəfər icraat yenilənməmişdən öncə həbsdə idi. Sadəcə, icraat yenilənəndən sonra başqa şəxslərə qarşı işgəncələrdə də iştiraklarıyla bağlı məlumatlar üzə çıxdığına görə onlara yenidən ittiham verilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə ittiham verilib.

İcraat yenilənəndən sonra zərərçəkmişlərin sayı da artıb və hazırda onlar 400 nəfərdən çoxdur.

İcraat yenilənəndən sonra dövlətə xəyanət və başqa ağır ittihamlarla 20 ilə qədər həbs cəzasına məhkum edilmiş 19 nəfərin işinə yenidən baxılıb. Onlar haqqında hökm ləğv edilib, işlər istintaqa qaytarılıb, ardınca da 5 il sonra bəraət verilib.

Ana səhifəSiyasət“Tərtər işi”: İşgəncədə ittiham olunan polkovnik məhkəmə qarşısına çıxarılır