close

Kinotənqidçi: ““Alatava” bloger səviyyəsində çəkilmiş həvəskar serialdır”

“Alatava”. Foto: “kinoinfo.az”

Ekspertlər son günlərin ən çox müzakirə olunan serialından danışıblar

“İctimai Televiziya”nın efirində yayımlanan “Alatava” son günlərin ən çox müzakirə olunan serialıdır.

On hissəli bədii film kriminal komediya janrındadır. Bu janr 1990-cı illərdən etibarın müstəqil kino trendi hesab edilir.

Kriminal komediyalarda, adətən, kiçik cinayətkar qrupun təsadüfən böyük cinayətkarlara rastlaşmasından və böyüklə müqayisədə kiçiyin əxlaqi üstünlüyünün önə çəkilməsindən bəhs edilir.

Bu filmlərdə jarqonlara, söyüşlərə, çox rast gəlinir.

“Alatava” da məhz bu janrın yerli variantı kimi düşünülüb.

Serial kino nümayəndələri, eləcə də ictimaiyyət arasında birmənalı qarşılanmayıb, sosial mediada da geniş müzakirələrə səbəb olub.

Bir çoxlarının fikrincə, serialda sosial problemlərdən daha çox söyüşlər önə çıxır. Bəziləri isə serialda toxunulan mövzuların söyüşləri arxa plana keçirdiyini deyirlər.

“Alatava” serialında uşaq evindən çıxan gənclərin öz həyatlarını qurmaq üçün keçdikləri psixoloji və fiziki çətinliklər əks olunub. Həmçinin insan alverinin (uşaq alveri) bir qadını necə bir faciəyə sürüklədiyini görürük. Eyni zamanda, gənc qızların ailədaxili psixoloji şiddətə məruz qalması və bununla mübarizə aparması da serialın mövzuları arasındadır. “İş adamı” adı altında hər “işi” görən şəxslər də seriala gətirilib. Burada çox vacib mesajlar var”, – izləyicilərdən biri sosial mediada yazır.

Meydan TV serialla bağlı bu sahənin ekspertlərinin münasibətini öyrənib.

“Demək olmaz axı serial başdan-ayağa söyüşdür”

Kino və teatr prodüseri, rejissor, ssenarist İntiqam Hacılı “Alatava” serialını uğurlu iş hesab edir:

Fotolar: İntiqam Hacılının şəxsi arxivindən

Azərbaycanda indiyə kimi çəkilən serialların 90 faizini bəyənməmişik. Bizi serialların mövzusu və aktyor oyunu qane etməyib. Bu serialı uğurlu hesab edirəm. Ümumiyyətlə, insan həyatda necə danışırsa, filmdə də elə olmalıdır. Bəzən elə gün olur ki, gündə bir neçə dəfə ağzımdan söyüş çıxır. Bəzən də elə olur ki, həmin gün söyüş söymürəm. “Alatava” serialında da elədir və bu, normaldır. Demək olmaz axı serial başdan-ayağa söyüşdür. Həm də söyüş onsuz da efirə verilmir. Məhz buna fokuslanmaq lazım deyil. Söyüşü eşitmə, mövzuya bax”.

“Alatava” serialı mövzu baxımından çox maraqlıdır. Orada qaldırılan problemlər, əngəllər var ki, bu gün həyatımızda yaşayırıq. Orada jurnalistika sahəsi var, deputat var, seçki var. Seriala bu tərəfindən baxmaq lazımdır. Oradakı daha maraqlı mövzulara fokuslan, nə qədər maraqlı və zövqverici olduğunu görəcəksən”, – deyə o bildirib.

““Alatava” televiziya üçün çəkilmiş bir serialdır”

Kinoşünas Aygün Aslanlı “Alatava” serialından böyük gözləntisinin olmadığını deyir. Həmçinin vurğulayır ki, serial uğurlu alınıb:

Aygün Aslanlı. Mənbə: AKİ

“Ekran qarşısına Kventin Tarantino və ya Pedro Almadovarın filminə baxırammış kimi oturmuram. “Alatava” televiziya üçün çəkilmiş bir serialdır. Əlixanı “Youtube”da çəkdiyi xırda filmlərdən tanıyırıq. “Alatava”ya baxanda Əlixanın işlərində xeyli irəliləyişin olduğu görünür. Serialda Azərbaycan televiziya məkanı üçün çox yeniliklər var. Onların toxunduqları mövzuları çoxları cəsarət edib dilə gətirmir. Serialda qadın mövzusuna yanaşmalarını, qadın obrazlarının təsvirini bəyənirəm. Müstəqil jurnalistika ilə bağlı olan toxunuşlar da diqqətçəkəndir. Aktyor Abbas Qəhrəmanın deputat obrazı, varlı təbəqənin xüsusi zövqləri, məncə, bunlar hamısı çox cəsarətli toxunuşlardır. Məhz bunlara görə seriala məmnuniyyətlə, baxıram”.

“Hekayənin konfliktində də sünilik, quramalıq vardı”

Kinotənqidçi Sevda Sultanova serialın yalnız üç bölümünü izləyib. Üç bölümdən gəldiyi qənaət isə belədir:

Sevda Sultanova. Foto: S.Sultanovanın şəxsi arxivindən

“Alatava” bloger səviyyəsində çəkilmiş həvəskar serialdır. Üç bölümə baxdığım üçün serialla bağlı indi dediklərim bir qədər natamam qiymətləndirmə olacaq. Amma vaxtım olan kimi digərlərini də izləyib geniş yazmağı planlaşdırıram. İlk iki bölümdən, serial mənə bloger səviyyəsində həvəskar çəkiliş kimi gəldi – dialoqlardan tutmuş kamera rakurslarına kimi. Hekayənin konfliktində də sünilik, quramalıq vardı. Söyüşdən yeri gəli-gəlmədi istifadə edilməsi isə ssenaristlərin sanki material qıtlığından əziyyət çəkməsi, personajların xarakterinə uyğun leksikon tapa bilməməsi təəssüratını yaratdı. Üçüncü bölüm digər iki bölümə nisbətən daha peşəkar təsir bağışladı. Serialda diqqətimi çəkən bir neçə istedadlı gənc aktyor oldu ki, onları mütləq serial haqda yazacağım məqalədə vurğulayacağam”.

“Alatava”nın ideya müəllifi və rejissoru Əlixan Rəcəbovdur.

Çox hissəli filmdə əməkdar artist Sənubər İsgəndərli, aktyorlar Taleh Yüzbəyov, Kamran Ağabalayev, Abbas Qəhrəman, Azər Aydəmir, İlkin Xəlil, Vüsal Əhmədzadə, İlkin Bəxtiyar, Ədalət Əbdülsəmədov, aktrisalar Zemfira Əbdülsəmədova, Fəridə Şahbazova, Rumiyyə Ağayeva, Aydan Həsənzadə, Kəmalə Onur çəkiliblər.

Ana səhifəMədəniyyətKinotənqidçi: ““Alatava” bloger səviyyəsində çəkilmiş həvəskar serialdır”