close

Həbsdə olan aktyorun cəzası azaldıldı

Rza Rzayev. Foto: Wiki

Rza Rzayevin cəzası 2 ildən 1 il 6 aya endirilib

Bir ildir ki, həbsdə olan aktyor – “Dolu” filmindəki “Drakon” obrazı ilə məşhurlaşan Rza Rzayevin cəzası azaldılıb.

Mayın 31-də Xəzər Rayon Məhkəməsinin hakimi İlham Cəfərzadə buna qərar verib.

Qərara əsasən, Rza Rzayevə münasibətdə Amnistiya Aktı tətbiq edilərək onun 2 il həbs cəzası 6 ay azaldılaraq 1 il 6 aya endirilib.

Aktyorun vəkili apreldə məhkəməyə müraciət edərək müvəkkilinin qalan cəzadan azad olunmasını istəmişdi. Lakin Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn Hüseynli vəkilin müraciətini icraata götürüb baxmaqdan imtina etmişdi.

Qərardadda bildirilirdi ki, bu cür hallarda məhkum özü məhkəməyə müraciət etməlidir.

Sonradan Rza Rzayev özü də məhkəməyə ərizə verərək cəzasının qalan hissəsindən azad olunmasını xahiş etmişdi.

Onun ərizəsinə mayın 13-dən Xəzər Rayon Məhkəməsində baxılırdı.

Rza Rzayev 2023-cü ilin mayında həbs olunub.

O, Cinayət Məcəlləsinin 221.3-cü (silah və ya silah qismində istifadə edilən əşyadan istifadə etməklə xuliqanlıq) maddəsilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.

Aktyor Ali Məhkəməyə kassasiya şikayəti versə də, hökm dəyişməyib.

Aktyor 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi vuraraq, xuliqanlıq etməkdə ittiham olunur.

Aktyorla məktəb direktoru arasında qalmaqal 2018-ci ildən başlayıb.

Həmin vaxt Tural Mirzəliyev 220 saylı məktəbin direktoru vəzifəsində çalışırdı.

Rza Rzayevin bacısı Zeynəb Rzayeva həmin məktəbdə direktor müavini olub.

O, işdən azad ediləndən sonra qardaşı ilə məktəb direktoru arasında mübahisə yaşanıb.

Rza Rzayev özünü təqsirli bilmir.

Onun sözlərinə görə, məktəb direktoru bacısını təhqir edib, onların ünvanına ağır ifadələr işlədib.

Ana səhifəSosialHəbsdə olan aktyorun cəzası azaldıldı