Ehtimal olunur ki, Rusiyanın “Admiral Vladimirski” gəmisi tədqiqat fəaliyyəti ilə məşğuldur
Rusiyada hərbi proqram var ki, həmin proqram çərçivəsində Danimarka, İsveç, Norveç və Finlandiya sularında külək elektrik stansiyalarını, qaz kəmərlərini, rabitə kabellərini və s. müəyyənləşdirirlər.
Bu barədə Danimarka (DR), İsveç (SVT), Norveç (NRK) və Finlyandiya (Yle) ictimai yayımının birgə araşdırmasında deyilir. Yerli televiziyada araşdırmanın videoversiyası aprelin 19-u axşam yayınlanacaq.
“Rusiya dənizdə qərb infrastrukturunun xəritəsini yaratmaq niyyətindədir. Bunun üçün suüstü və sualtı mülki və hərbi gəmilər GUGI hərbi proqramı çərçivəsində məlumat toplayır”, – Norveç kəşfiyyatının rəhbəri Nils Andreas Stensones deyib.
Danimarka əks-kəşfiyyatının rəhbəri deyib ki, infrastruktur xəritəsini Qərblə böyük münaqişə baş verəcəyi təqdirdə Şimal dənizində təxribatların planlaşdırılması üçün hazırlayırlar. Norveç kəşfiyyatının rəhbəri isə bəyan edib ki, bu proqram Rusiya üçün çox mühümdür və Moskvadan nəzarət edilir.
Jurnalistlər Rusiya gəmilərindən ələ keçirilmiş xəbərləri analiz ediblər. Onlar aydınlaşdırıblar ki, Şimal dənizində xəyalət-gəmilər üzür, yəni bu gəmilər avtomatik identifikasiya sistemini söndürüb və olduqları yer haqqında məlumat vermir.
Tədqiqat gəmisi
Belə nümunələrdən biri Rusiyanın “Admiral Vladimirski” gəmisidir. Gəmi rəsmi olaraq tədqiqat fəaliyyəti ilə məşğuldur, lakin jurnalistlərin məlumatına görə, onun bilavasitə kəşfiyyatla əlaqəsi var. Məsələn, 2022-ci ilin noyabrında gəmi identifikasiya sistemini söndürərək, Katteqat boğazında dövrə vurub və öz mövqeləri haqda Rusiyadakı hərbi-dəniz bazasına fasiləsiz xəbər göndərib.
Jurnalistlər gəminin yerləşdiyi yeri aşkarladıqdan sonra ona yaxınlaşmağa cəhd ediblər. Onlar göyərtədə əynində zirehli gödəkcə, əlində silah olan kişi görüblər.
Əldə olunmuş məlumatlar əsasında müəyyənləşdirlib ki, “Admiral Vladimirski” bir ay ərzində Baltik dənizi, Böyük Belt və Katteqat boğazları, Şimal dənizi ətrafında üzüb. Gəminin marşrutu mövcud olan və planlaşdırılan ofşor külək elektrik stansiyalarından keçib.
Rusiya gəmisi, ehtimal ki, xəritəyə dənizin dibində dəniz külək elektrik stansiyalarının yerini köçürüb. Dəniz analitiki X.İ.Satton jurnalistlərə deyib ki, bir yerə yığılmış kabellərə bircə bombanın düşməsi bütünlükdə külək elektrik stansiyasını sıradan çıxara bilər.
Niderland və Böyük Britaniya
Rusiya gəmisi payızda Belçika və Niderland yaxınlığındakı dəniz külək elektrik stansiyaları və digər infrastruktur obyektlərinin yanında görünüb. Jurnalistlər hesab edirlər ki, bu kəşfiyyatı da “Admiral Vladimirski” gerçəkləşdirib.
BBC-nin yazdığına görə, araşdırma zamanı Böyük Britaniya Kral Donanmasının keçmiş eksperti “Admiral Vladimirski”nin Britaniya və Niderland sahili yaxınlığında yeddi külək elektrik stansiyasının ətrafdında üzdüyünü izləməyə kömək edib. Nəşrin mənbələri qeyd edib ki, ölkənin rəsmi simaları Rusiyanın infrstrukturun dəniz obyektlərini xəritəyə salmaq niyyətində olduğundan xəbərdardır.
2023-cü ilin fevralında Niderland kəşfiyyatı xəbərdarlıq edib ki, Rusiya Şimal dənizi ölkələrinin dəniz infrstrukturuna qarşı təxribat hazırlaya bilər. Orada bəyan ediblər ki, ruslar gizli olaraq Niderlandın infrstruktur obyektlərinin, o cümlədən internet-kabellərin, qaz kəmərlərinin və külək elektrik stansiyalarının yerini xəritəyə köçürürlər, bununla yanaşı, casusluğa və təxribata hazırlığa işarə edən digər hərəkətlərə yol verirlər.
Digər şübhəli gəmilər
“Admiral Vladimirski” şimal sularında qəribə marşrutu olan yeganə gəmi deyil. Jurnalistlər son 10 ildə şübhəli səfər sxemləri olan ən az 50 Rusiya gəmisi haqda öyrəniblər. Bu cür gəmilərin faktiki sayı daha çox ola bilər.
Bundan başqa, araşdırmada qeyd olunduğuna görə, Rusiya hərbi-dəniz doktrinasını dəyişib ki, yeni doktrina hərbi əməliyyatlar üçün istənilən gəmilərdən istifadəyə imkan verir. Rusiya Şimal dənizində təxribatlar üçün mülki gəmilərdən tutmuş yük gəmilərinə və balıq ovu üçün nəzərdə tutulmuş qayıqlaradək istifadə edə bilər.