close

Korrupsiya faktlarını ifşa edənlərin həbsdə olduğu Azərbaycan “COP29 iqlim dəyişikliyi sammiti”nə hazırlaşır

Azərbaycan. Foto: environmentalistt/shutterstock

“Reuters” Azərbaycandan yazır

Azərbaycan Şərqi Avropa dövlətlərinin dəstəyini qazandıqdan sonra gələn il keçiriləcək “COP29 iqlim dəyişikliyi sammiti”nə ev sahibliyi etməyə hazırlaşır.

“Reuters” yazır ki, BMT-nin növbəti il iqlim sammitinin harada keçiriləcəyi ilə bağlı aylarla davam edən, geosiyasi dalana dirənən qərar tez zamanda diqqəti Azərbaycanın neft hasilatına və bu ölkədəki insan hüquqlarının vəziyyətinə yönəldib.

Azərbaycanın Ekologiya naziri Muxtar Babayev dekabrın 9-da sammit barəsindəki çıxışında deyib:

“Biz bütün ölkələrə, xüsusən də, Şərqi Avropa qrupuna ev sahibliyi edən Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə çox minnətdarıq”.

Muxtar Babayev. Foto: Azərtac.

Sayt yazır ki, Azərbaycanda həbsdə olan anti-korrupsiya tədqiqatçısı Qubad İbadoğlunun qızı Jalə Bayramova bu qərardan dəhşətə gəlib. O, korrupsiya faktlarını ifşa edənlərin həbsdə olduğu ölkənin belə tədbirə ev sahibliyi etməsini mənasız sayıb.

“COP29”-a kimin ev sahibliyi edəcəyi ilə bağlı qərar Rusiyanın Avropa Birliyi ölkəsinin hər hansı bir təklifinə veto qoyacağına söz verdikdən sonra dayandırılıb. Aİ Moskvanın Ukraynaya müdaxiləsinə görə ona qarşı sanksiyalar tətbiq edib. Moskva bu səbəblərdən veto qərarı verib.

Aİ üzvü olmayan Azərbaycan isə tədbirə ev sahibliyi etmək üçün “COP28” danışıqlarında iştirak edən 200-ə yaxın ölkənin təsdiqinə ehtiyac duyub.

Sayt qeyd edir ki, BMT-nin iqlim sammitinə sədrlik etmək ölkəyə, onun gündəliyinə və nəticələrinə böyük təsir göstərir.

Məsələn, BƏƏ-də keçirilən “COP28” sammiti 90 mindən çox nümayəndənin iştirak etdiyi ən böyük sammit olub.

Azərbaycanın Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə “Reuters”ə bildirib ki, Bakı tədbirin keçirilməsi üçün yaxşı təchiz olunub.

Azərbaycanın təklifi haqqında ilk məlumat yayılanda bəziləri qlobal iqlim danışıqlarının neft hasil edən ölkədə keçirilməsi ilə bağlı narahatlıqlarını bildiriblər. Nəticədə, Azərbaycan neft və qaz istehsalçısı və OPEC+ üzvüdür.

Ayxan Hacızadə. Foto: “azertag.az”

Ember enerji analitik mərkəzinin əməkdaşı Riçard Blek “X” sosial media platformasında belə yazıb:

“”COP28”-dən gələn yol, deyəsən, min il əvvəl Marko Polonun neftin alqı-satqısını sənədləşdirdiyi dünyanın ilk “neft paytaxtı” olan Bakıya aparacaq”.

Ayxan Hacızadə bu narahatlıqları başa düşdüyünü bildirib. Deyib ki, Azərbaycanın külək və günəş enerjisini əhatə edən enerji mənbələrini şaxələndirmək planları var.

Keçən il Avropa Komissiyası Rusiyadan uzaqlaşma strategiyası çərçivəsində Azərbaycanla təbii qazının idxalını iki dəfə artırmaq üçün anlaşma memorandumu imzalayıb.

Bu anlaşmalar çərçivəsində diqqətlər Azərbaycandakı insanların hüquqlarına yönəlib.

“COP28”. Foto: Reuters

Anlaşmadan sonra Azərbaycanda xeyli insan həbs edilib. Onlardan biri də London İqtisadiyyat Məktəbinin professoru Qubad İbadoğludur. O, iyulda Azərbaycanda yaşayan ailəsinə baş çəkərkən saxta pul və ekstremizmlə məşğul olmaqda ittiham edilərək, həbs olunub.

O, 2013-2019-cu illərdə neft, qaz və mineral ehtiyatların açıq və hesabatlı idarə edilməsini müdafiə edən Hasilat Sənayesində Şəffaflıq Təşəbbüsünün (MSŞT) idarə heyətində vətəndaş cəmiyyəti nümayəndəsi kimi iştirak edib.

ABŞ Dövlət Departamenti və Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı bu ilin əvvəlində onun həbsini pisləyib və azadlığa buraxılmasını tələb ediblər.

Sentyabrda Aİ həbslə bağlı araşdırma aparılmasını tələb etmək üçün birgə təklif qəbul edib.
MHŞT-ni yaradan təşkilat “Publish What You Pay”-ın sözçüsü Joe Bardwell bildirib ki, onlar Azərbaycana “COP29”-dan söz azadlığı və insan hüquqları ilə bağlı uçurum rekordundan yayınmaq üçün istifadə etmək fürsəti verirlər:

Böyük neft istehsalçısı kimi Azərbaycan öz tənqidçilərinə qulaq asmalı olacaq”.

Sayt yazır ki, Azərbaycanda son bir ayda isə jurnalist həbsləri ilə ad salıb.

Nərgiz Absalamova. Foto: Meydan TV

Noyabrın 30-da jurnalist Nərgiz Absalamova Bakı şəhər Baş Polis İdarəsinə şahid qismində ifadə vermək üçün dəvət edilib və daha sonra saxlanılıb.

Dekabrın 1-də Xətai Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. “AbzasMedia”nın həbs edilən digər jurnalistləri kimi Absalamovaya qarşı da “qaçaqmalçılıq” ittihamı irəli sürülüb.

Noyabrın 23-də Xətai Rayon Məhkəməsi “AbzasMedia”nın direktor müavini, ictimai fəal Məhəmməd Kekalov barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçib. Bir gün öncə isə Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, onun barəsində 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başladılıb.

Ülvi Həsənli, Sevinc Vaqifqızı və Məhəmməd Kekalov. Foto: Meydan TV

Noyabrın 21-də Xətai Rayon Məhkəməsi “AbzasMedia” xəbər saytının direktoru Ülvi Həsənli barəsində 4 ay, saytın baş redaktoru Sevinc Vaqifqızı barəsində 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hər iki jurnalist Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham olunurlar.

Həbslərdən sonra media qurumu ilə əməkdaşlıq etmiş şəxslər BŞBPİ-nə ifadə vermək üçün çağırılıb.

Noyabrın 20-də Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşlarının “AbzasMedia”nın ofisində axtarış zamanı 40 min avro müəyyən etdiyi iddia olunur. Ülvi Həsənli pul vəsaitinin ona aid olmadığını bildirib.

Əziz Orucov, foto: Meydan Tv
Əziz Orucov, Foto: Meydan Tv

Daha sonra “Kanal 13” internet televiziyasının direktoru Əziz Orucov barəsində CM-in 188.2-ci (Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti…) maddəsi ilə cinayət işi açılıb. Əziz Orucov barəsində həbs qətimkan tədbiri seçilib.

Həbs edilən jurnalistlər onlara qarşı ittihamı qəbul etmir və bunun peşə fəaliyyətləri ilə bağlı olduğunu bildirirlər.

Ana səhifəİqtisadiyyatKorrupsiya faktlarını ifşa edənlərin həbsdə olduğu Azərbaycan “COP29 iqlim dəyişikliyi sammiti”nə hazırlaşır