close

Sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək

İşsizlikdən Sığorta ödənişi. Foto: “vergiler.az”

Vüqar Bayramov: “Sığorta ödənişinə görə əlavə isə ailədəki bütün uşaqlara şamil ediləcək”

2024-cü ildə İşsizlikdən Sığorta Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 238 milyon manat nəzərdə tutulub. Bunun əvvəlki ilə baxanda 20,3 milyon manat və ya 9,3 faiz çox olduğu bildirilib.

Rəqəmlər Milli Məclisin sonuncu plenar iclasında açıqlanıb. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 6 milyard 919,9 milyon manat proqnozlaşdırılır.

“Bu, cari ilin büdcəsinə nisbətən 651,9 milyon manat və ya 10,4 faiz çoxdur”.

İclasda büdcənin əvvəlki ilə baxanda çox olması açıqlanıb, lakin hansı işlər görüləcəyi ilə bağlı detal verilməyib.

Deputat, iqtisadçı Vüqar Bayramov deyir ki, “İşsizlikdən sığorta haqqında” Qanuna edilən yeni dəyişikliklər ilə sığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək. Məsələn, müəssisənin mülkiyyətçisi dəyişəndə, əvvəllər müvafiq işdə çalışan işçi işə bərpa ediləndə, həmin müəssisədə çalışmış işçi müddətli hərbi xidmətdən ehtiyata buraxıldılqdan sonra öz işinə qayıtdıqda da ödənişlər ediləcək.

“Sığorta ödənişinə görə əlavə isə ailədəki bütün uşaqlara şamil ediləcək. İndi bu əlavələr 20 faiz ilə məhdudlaşır. Yeni dəyişliklər ilə məhdudlaşma olmayacaq. Bu zaman həmin ödəniş müddətli əmək müqaviləsinin bitməsi ilə xitam hallarına da şamil ediləcək”, – deputat deyib.

Deputat bildirir ki, işsizlərə sığorta verilməsi zamanı müddətli əmək müqaviləsi üzrə tələb olunan sığorta stajının 30 aydan 24 ayadək endirilməsi də həyata keçirilir. Bu, daha çox vətəndaşların ödəniş almasına imkan yaradacaq.

Vüqar Bayramov
Foto: Meydan TV

“Digər dəyişiklik fərdi məşğulluq proqramının üzrlü səbəbdən icra edilə bilmədiyi halda ödənişlərin verilməsidir. Bu zaman qanunda üzrlü halların konkret olaraq müəyyənləşdirilməsi də həyata keçirilib. Bütövlükdə, qanuna edilən dəyişiklik sığorta ödənişlərinə əlçatanlığı artırmaqla yanaşı daha çox vətəndaşımızın bu imkandan faydalanmasına şərait yaradacaq”.

Rəsmi rəqəmlərə görə, bu ilin əvvəlinə ölkədə işsizlik göstəricisi 5.6 faiz olub.

Göstəricilərə görə, Azərbaycanda işsizlik səviyyəsinin ən yüksək olduğu əhali qrupu şəhər yerlərində yaşayan kişilərdir. İlin əvvəlində şəhərlərdə yaşayan 20-24 yaşlı kişilər arasında işsizlik səviyyəsi 21.2 faiz olub. Bu, ölkə ortalamasından təxminən dörd dəfə yüksək göstəricidir. Eyni yaş qrupundakı qadınlar arasında işsizlik səviyyəsi isə 15 faizə yaxındır.

Ana səhifəİqtisadiyyatSığorta ödənişi alacaq işsizlərin dairəsi genişlənəcək