close

Korsika, Yeni Kaledoniya… köhnə Kürdəxanı

Həbs edilən jurnalistlər, foto: Meydan TV

Rövşən Hacıbəyli

Türmədəki jurnalist dostların adına bağışlayıram

Zaman ən yaxşı hakimdir, deyirlər. Yəni gec də olsa, ədalət qalib gəlir – bu anlamda deyilib. Açığı, Azərbaycanda bu deyimə elə də inam olmayıb, xalq zülm altında qala-qala belə bir şeyə necə inansın? Kim olsa, inanmaz. Hər cür ədalətsizlik, səfalət içində, heç bir hüququn qorunmadığı şəraitdə, Qlobal Media Forumu keçirilən ölkədə, söz üstündə jurnalistlərin həbsə atıldığı, hakimin ədalətsiz qərarlar verdiyi yerdə deyilənə inanmaq olmaz; illah da zülm altında olanda, üstəlik, zamanla bağlı problem yaşananda…

Bu günlərdə – daha dəqiqi iyulun 17-18-i tarixlərində Bakıda bir qurultay keçirilib. Çox təəssüf, iştirak imkanımız olmayıb, bunu şanssızlıq da saymaq olar, belə bir fürsət hər zaman ələ düşmür. Əziz və sayğılı oxucularımızın bu tədbirlə bağlı yetərincə bilgi aldıqlarını düşünürəm, çünki AzTV-lər hələ neçə gün qabaqdan xalqımızı dolğun informasiya ilə təmin edib belə bir tədbirin anonsunu vermişdi. Fransa müstəmləkəçiliyindən əziyyət çəkənlərin yığıncağını deyirəm…

Rövşən Hacıbəyli
Mənbə: Meydan TV

Rəsmi Bakı neçə vaxtdır Makronla dava döyür. Əslində, 44 günlük savaşdan sonra Fransanın ermənipərəst mövqeyi (əslində, 44 günlük savaşdan qabaq da Fransa elə bu mövqedəydi, belə görünür mövqeyini dəyişən bizik) hakimiyyəti, yəni YAP hakimiyyətini çox qıcıqlandırmışdı. Niyəsi bilinmir, çünki Fransa ATƏT-in Minsk Qrupunun üzvü olanda da, ondan qabaq da, bu qrup işini dayandırandan sonra da həmişə ermənilərin yanında olub. Sadə vətəndaşlarımız da, politoloqlar da, onlara efir vaxtı ayıran telekanallar da, Prezident Administrasiyası da bunu bilib və heç vaxt Fransaya qarşı belə aqressiv olmayıb. 30 illik işğal dönəmində də Fransa ilə rəsmi Bakının münasibətləri həmişə yüksək səviyyədə olub. Fransanın Azərbaycandakı səfirliyinin hər il 14 iyulla bağlı keçirdiyi tədbirlərdə də dövlət rəsmiləri məclisin də (tribunanın), yeyib-içmək masasının da başında dayanıb, bəzən yeməyi növbəsiz də götürüb, fransız çaxırından da hamıdan artıq içiblər. Bundan başqa, Heydər Əliyev Fondunun dəstəyi ilə Fransada 20 ilə yaxındır sayı 70-ə çatan tədbir keçirilib, eyni zamanda 7 qəsəbədə 7 kilsə fondun maliyyəsi ilə təmir edilib. Aşağı Normandiya regionunda 20-yə yaxın katolik kilsəsinin bərpasına fond dəstək verib, Versal sarayının parkındakı abidələr bərpa olunub. Strasburqda kafedral kilsə də Heydər Əliyev Fondunun vəsaiti hesabına təmir edilib. 2011-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilib, 2014-cü ildəsə liseyin açılışı olub… Heydər Əliyevin xaricə ilk rəsmi səfəri (19-22 dekabr 1993-cü il) Fransa prezidenti Fransua Mitteranın dəvəti ilə Fransaya olub. 2003-cü ildə prezident seçilən İlham Əliyev də xaricə ilk rəsmi səfərinə Fransadan başlayıb (23 yanvar 2004-cü il). Jak Şirak, Nikola Sarkozi, Fransua Oland əziz qonağımız olub. Nəsə Makronla alınmır…

Görünür, bizimkilər bu illərdə Fransanın müstəmləkəçilik siyasətindən xəbərsiz olub. Elə bu xəbərsizliyin nəticəsidir ki, belə bir yığıncağın Bakıda keçirilməsinə qol qoyublar, yəni çox yubanıblar. Onlar da – müstəmləkəçilikdən əziyyət çəkənlər,  fürsətdən yararlanıb Bakıda Azadlıq Cəbhəsi yaradıblar. Bu barədə rəsmi, qeyri-rəsmi qəzetlər, MEDİA-nın puluyla xəbər yazan bütün saytlar informasiya yayıblar:

“Qvadelupanın Azadlığı Naminə Xalq Birliyinin təşkilatçılığı və Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 20-yə yaxın siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxsləri Azərbaycan paytaxtında keçirilən birinci qurultayda qapalı müzakirələrin yekunu olaraq Fransa Koloniyalarının Beynəlxalq Azadlıq Cəbhəsinin yaradılmasına dair razılığa gəliblər”.

Bunların harası müstəmləkə zülmündən əzab çəkən oldu, bunlar bizə meydan oxuyur, məgər bilmirlər ki, Azərbaycanda Azadlıq, Cəbhə sözlərinə dəhşət nifrət var?!

Sonda gəlin tarixə də baxaq: Korsika 1764-cü, Yeni Kaledoniya 1853-cü, Polineziya 1880-ci ildən Fransanın müstəmləkəsi altındadır. Azərbaycanın bu gün bütün gücüylə müdafiə etdiyi, dəstək verdiyi, hətta aksiyalara AzTV-lərin müxbirlərini göndərdiyi, yəni ölkəmizdə uşaqdan-böyuyə artıq hamının tanıdığı Yeni Kaledoniya 171 ildir Fransanın müstəmləkəsidir. Korsikada bu tarix 260 ildir…

Deyəsən, nəsə illəri, ya da əsrləri qarışıq salıblar… Həm də bizdə hakimlər zamana baxmır, onların qərarı orta əsrlərə də aid ola bilər, ibtidiai icma quruluşuna da…

Ana səhifəUncategorized @azKorsika, Yeni Kaledoniya… köhnə Kürdəxanı