close

Hökumətin siyasətini tənqid edən fəal saxlanılıb

Foto: Emin İbrahimovun arxivindən

Emin İbrahimovun kimisə bıçaqladığı iddia edilir

Əvvəllər Azərbaycanın ABŞ-dakı səfirliyində, Uruqvaydakı diplomatik missiyada çalışmış, son bir neçə ildə isə sosial media hesablarında hökumətin siyasətini tənqid edən Emin İbrahimov saxlanılıb. Bu barədə onun vəkili Aqil Layıc məlumat verib.

“Emin İbrahimovu Nizami Rayon Polis İdarəsində saxlayıblar. Güya adam bıçaqlayıb. Bu da yeni tendensiyadır…”, – vəkil bildirib.

Hüquq müdafiəçisi Rüfət Səfərovun yazdığına görə, Emin İbrahimov Nizami rayonu, 24-cü polis bölməsində işgəncəyə məruz qalıb. Onun bədəninə “tok” verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev də keçmiş diplomatın saxlandığını təsdiqləyib. O iddia edir ki, Emin İbrahimov başqa birinə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb:

“Belə bir hadisə baş verib. Emin İbrahimov saxlanılıb. Bıçaq xəsarəti yetirdiyi şəxs xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır”.

Emin İbrahimov 2023-cü ilin sentyabrında da həbs olunmuşdu. Həmin vaxt ona 30 sutka inzibati həbs cəzası verilmişdi. O zaman da Emin İbrahimov bildirmişdi ki, həbsinin səbəbi “Facebook” və “X” (Twitter) hesabındakı tənqidi paylaşımlarıdır.

Azərbaycanda son illərdə bir sıra fəallar bıçaqla kiməsə xəsarət yetirməkdə təqsirləndirilərək həbs olunsalar da, onlar ittihamı qəbul etmirlər. Deyirlər ki, bıçaqlandığı iddia olunan şəxslərə nəinki xəsarət yetirmək, hətta toxunmayıblar. Onlar əvvəldən öyrədilmiş ssenari üzrə özlərinə xəsarət yetirərək, bıçaqlanmaları görüntüsünü yaradıblar.

Bu cür ittihamla həbsdə olanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev, Almaniyada Azərbaycan hökuməti əleyhinə etiraz aksiyalarında iştirak etmiş, ölkəyə qayıdandan az sonra həbs olunmuş Samir Aşurov, işçilərin hüquqlarının müdafiəsilə məşğul olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyətinin sədri Afiəddin Məmmədov da var.

AXCP üzvü Zamin Salayev məhkəməsində dəfələrlə tələb etdi ki, hadisənin baş verdiyi ərazidə – Lökbatan dairəsində olan təhlükəsizlik kameralarının görüntülərinə baxış keçirilsin. Onun sözlərinə görə, görüntülərə baxılsa, kimsəyə xəsarət yetirmədiyi, əlində bıçaq olmadığı, zərərçəkmişin özünün özünə xəsarət yetirdiyi məlum olacaq. Lakin görüntülərə baxılmadı, bildirildi ki, həmin vaxt ərazidə olan 8 kameranın heç biri işləməyib.

Ana səhifəSiyasətHökumətin siyasətini tənqid edən fəal saxlanılıb