close

Liviyada daşqından ölənlərin sayı 6 minə çatır

Foto: “alhadath.net”

Ölkədə 3 günlük matəm elan olunub

Liviyada leysan yağış və daşqınlar nəticəsində ölənlərin sayının 6 minə yaxınlaşdığı bildirilir. Bu barədə “Al Hadath” telekanalı mənbələrə istinadən məlumat yayıb.

“Asharq” telekanalının məlumatına görə isə Səhiyyə Nazirliyi Liviyanın şərqindəki
Dernan şəhərinin bütün sakinlərini müvəqqəti təxliyə etməyi planlaşdırır. 

Nazirlik nümayəndəsinin sözlərinə görə, daşqın nəticəsində ölənlərin hamısını dəfn etmək mümkün olmadığı üçün epidemiya yayılmasından ehtiyat edirlər. Həmçinin itkin düşənlərin sağ qalması ehtimalının az olduğu qeyd edilir.

Sentyabrın 10-da “Daniel” siklonu Liviyanın şimal-şərqini vurub və Aralıq dənizi sahillərindəki şəhərlərə fırtınalı külək, tufan ilə leysan gətirib. Bir çox yaşayış binaları, xəstəxanalar və infrastruktur su altında qalıb. İki bəndin dağıldığı və fəlakətli vəziyyətin yarandığı Derna şəhəri daha çox zərər çəkib.

Liviya siyasi cəhətdən Şərq və Qərb arasında bölünüb və hökumət xidmətləri 2011-ci ildə baş verən və illərlə qarşıdurmalara səbəb olan qiyamdan sonra iflasa uğrayıb. Tripolidə beynəlxalq səviyyədə tanınan hökumət şərq bölgələrinə nəzarət etmir, lakin sentyabrın 12-də qərbi Misrata şəhərindən Dernaya yardım göndərilib. Digər ölkələr, o cümlədən ABŞ da yardım edəcəklərini bildirib. Liviya Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe ölkədə sel fəlakətində həyatını itirənlər üçün 3 günlük matəm elan edildiyini açıqlayıb.

Ana səhifəDünyaLiviyada daşqından ölənlərin sayı 6 minə çatır