close

Dələduzlar tək bizdə deyil

Dələduzluq. Foto: Meydan TV

Zərdüşt Əlizadə

Ən dəqiq müşahidələr göstərir ki, dələduz olmayan yer, demək olar ki, yoxdur

Ömrüm boyu dələduzlara rast gəlmişəm və tədricən onları tanımaq fəndini öyrənmişəm. Lakin bu fəndi bilmək insanı dələduzların zəhlətökən sırtıqlığından əsla sığortalamır. Zira dələduzlar çox cildə girə bilirlər: məsum yazıq, zülm qurbanı, vətən fədaisi, ədalət carçısı, mömin bəndə. Bu cildlər və qiyafələr kara gəlməyəndə son və ən mükəmməl bildikləri rola girirlər: həyasız SIRTIQ! Həyasız sırtıq dələduzluğun ən ali mərhələsidir.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Milli ədəbiyyatımız belə dələduzların çeşidli surətlərini Azərbaycan rəiyyətinə təqdim və agah edib, yəni məlumatlandırıb. Ən məşhuru Şeyx Nəsrullahdır. Lakin məlumatlandırılmış əhali yenə dələduzların qurbanına çevrilmək qismətindən sığortalanmayıb, zira bu ərazidə bir-birini əvəz edən dövlətlərin quruluşu və işlək mexanizmləri dələduzlar üçün çox münasib fürsətlər yaradırdı və yaradır: istər xan-bəy, istər çarizm, istər proletar diktaturası, istər də gül-be-şəkər müstəqillik illərimiz.

Bir insan ömrü ərzində bizim rəiyyət leninizmə canını fəda etməyə hazır olan alovlu kompartiya katiblərinin ani sıçrayışla müstəqil Azərbaycana canlarını fəda etməyə hazır olmaları barədə milli himni xorla oxuyan nazir və deputatlara çevrilməsini görüb, müşahidə edib, fəqət onların mahiyyətini hələ də dərk etməyib.

Dələduzlar qaynaşır, cəmdəyə şığıyan yaşıl milçəklər kimi vızıldayır. İllah ki, azca müftə gəlir olan yerdə bu məxluqat o qədər çoxalır ki, aldadılmalı həriflər uğrunda əməlli-başlı rəqabət gedir. Rəqabət isə zəif dələduzları çıxdaş edir, məharətli dələduzlar rəqabətdə qalib gəlir. Beləliklə, dövlətimiz bu sahədə, digər sahələrdən fərqli olaraq, dünyanın öncülləri sırasında yüksək, fəqət şərəfsiz yer tutur.

Bizim məmləkətdə dələduzların hansı sahədə bol, hansı sahədə qıt olduğunu müəyyən etmək o qədər də çətin deyil. Dələduzları ilk nəvbədə karbohidrogen ehtiyatları, büdcə vəsaiti, rəsmi dövlət vəzifələri, hüquq-mühafizə qurumları, topdansatış ticarət, tikinti, təhsil, elm və səhiyyə sistemlərindəki yuxarı səf vəzifələr, bələdiyyələr, yaradıcılıq ittifaqları və hətta müxalifət partiyaları maraqlandırır.

Aşağı səviyyəli dələduzlara ev və avtomobil təmiri, alver, sərnişin daşımaları, jurnalistika və hətta vətəndaş cəmiyyəti dərnəklərində rast gəlmək mümkündür. Dələduzlar nəinki yüksək gəlirli sahələri, hətta azgəlirli sahələri duyub ora girişməyi bacarırlar.

Müxtəsər, bizin məmləkətdə dələduzlar üçün ovlaq olmayan sahəni çox çətin taparsınız. Köhnə əyyamda deyirdilər ki, cəmiyyət əsasən fəhlə-kəndlidən ibarətdir. Fəqət zəmanə və dövran dəyişib, ən dəqiq müşahidələr göstərir ki, dələduz olmayan yer, demək olar ki, yoxdur. Prokurorlar deyinir ki, cinayət işlərinin 80%-i dələləduzluq maddələridir. Deməli, dələduz bizim rəiyyət daxilində ən çox yayılmış ictimai-siyasi vücud olaraq dəllaldan sonra ikinci yeri tutur. Cəmiyyətimiz artıq fəhlə-kəndli deyil, dəllal-dələduz cəmiyyətidir.

Birdən məmləkətimizdə dələduz bolluğundan sarsılıb dünyanın işlərindən və rəiyyətimizin gələcəyindən bədgüman olarsınız, gələcək gözünüzə qaranlıq görünər. Yapmayın! Təsəllli, təskinlik tapın! Dünyanın hər yerində bütün xalqlar belədir, hamısında bəs qədər dələduz tapılar. Uzağa getməyin, nəhəng Rusiyaya baxın, görün orada nə qədər məharətinə qibtə ediləcək dələduz var! Dövlətin bütün mərtəbələrində, bütün siyasi düşərgələrdə. Rusiyanın Kommunist Partiyasının rəhbər dələduzları liberal qanadın dələduzlarını Volqa çayına susuz aparıb, susuz gətirər. Bəs bizim qonşu Ermənistan dələduzları! Bu sahədə erməni xalqı yalnız yəhudi xalqı ilə yarışa bilər, zira dünyanın maliyyə sahəsinin 70%-i onların əlindədir.
Lakin, pardon, pardon, biz də hərif deyilik. Biz bu sahədə heç də geridə qalmırıq. Bizim məmləkətin quruluşu dələduzların asudə həyatı və törəyib-çoxalması üçün müstəsna münbit şərait yaratdığından onlar bizdə digər dövlətlərə nisbətdə, əl-həmdu li-llah, boldur.
Bu sözü elə-belə, söz xatirinə demirəm. Məsələn, Gürcüstanda yaşayış binası tikilməyə başlamazdan ondakı hər mənzil tikinti layihəsinə görə yerli “Asan xidmət”də öz nömrəsini alır və binanı satmaq istəyən sahibkar onu özü yox, yalnız “Asan xidmət” vasitəsilə sata bilər. Alqı-satqı əməliyyatını yalnız dövlət idarəsi olan “Asan xidmət” sənədləşdirir. İşdir, gürcü sahibkar bir mənzili iki adama satmaq istəsə, və aldatmaq istədiyi müştəri ilə “Asan xidmət”ə gəlsə, müştəriyə elə oradaca deyəcəklər ki, mənzil artıq satılıb, “kupça” filankəsin adınadır. Bizdə isə tikinti sahəsinin dələduzları mənzilləri özləri satırlar və özləri alqı-satqını sənədləşdirirlər, buna görə minlərlə aldadılmış müştəri illərlə məhkəmələrdə can çürüdür.

Lakin Avropa dələduzu! Ah, Avropa dələduzu! O, elə mükəmməl hərifləmə sistemləri icad edib ki, sizin dələduzun yatsa yuxusuna girməz. Əşşi, niyə danışıb özümə nahaq əziyyət verirəm, həvəsin olsa, Avropa filmlərinin xeyli hissəsinin süjetləri dələduzların müstəsna ağlı-fərasəti, onların icad etdikləri dahiyanə işləklərin uğurları və ya iflası barədədir.

Və ya oxuyuruq ki, polis polkovniki general-mayor qaynatasını aldatdığına görə dələduzluqda ittiham olunur. Hərif adam yazılanı elə belə, yazıldığı kimi də oxuyacaq. Lakn arif adam oxuyacaq ki, “Dələduz polkovnik dələduz generalı aldatdığına görə istintaqa cəlb edilir”.

Canımın sözü nədir? Odur ki, bizim dövlət işləri elə qurub ki, məmləkətimiz dələduz ovlağına çevrilib. İsmayıllı rayonunun icra başçısı İvanovka kəndinin torpaqlarını satır. Neynəsin axı! Kimdir ona çox yox, cəmi 1 milyon ton nefti satmağa verən? Yoxdur, vermirlər, özləri satırlar. O yazıq da məcbur olub İvanovka kəndlilərinin torpağını satır. Dərindən baxanda, bu dələduzluq deyil, milli dəyərlərə sədaqətin təzahürüdür.

Lakin yenə Azərbaycandan bədgüman olmayın! Dələduzluq sahəsində biz dünyada tək deyilik. Təxminən on il bundan əqdəm məni bir rumın diplomat tapdı. Rus dilini yaxşı bilirdi və mütaliə həvəskarı idi. Haradansa əlinə mənim bir məqaləm keçmişdi, oxuyub bəyənmişdi, fəqət hesab edirdi ki, müəllifin Avropa barədə təsəvvürləri yanlış və bəsitdir, təshih edilib dəqiqləşdirilməyə ehtiyac var. Eləmə tənbəllik, məni tapıb başlamışdı bəzi Avropa mətləblərini izah etməyə.

Dediyinin cövhəri bundan ibarət idi ki, a kişi, nə salmısan Avropa elə, Avropa belə, heç bilirsən Avropa nədir? Ə bə mən avropalıyam, orada doğulub böyümüşəm, gənclik illərimdən bizneslə məşğul olmuşam, bütün Avropa ölkələrini dolaşıb işləmişəm, biznes ortaqlarım hər ölkədə olub, sonra Avropa dələduzlarının əlindən bezar olub biznesi tərgitmişəm və gəlib diplomat olmuşam. Sizin ölkədə oxuyanda ki, Avropada insanlar huri-qılmanların əhatəsində yaşayır, hirs vurur təpəmə. A kişi, Avropada korrupsiya da, dələduzluq da sizdəkindən artıqdır. Niyə? Çünki Avropada pul sizdəkindən qat-qat çoxdur. Ölkənizin fəxr etdiyi neft-qaz gəlirləri Avropada ortabab bir şirkətin və ya bir bankın cibxərcliyidir, siz onlardan ötrü burada boğuşursunuz. Avropada dələduzluğun səviyyəsi sizdəkindən bir yox, beş tərtib yuxarıdır, çünki bu zaman daha mükəmməl hüquqi və psixoloji fəndlərdən və qurğulardan istifadə olunur. Sizdəki dələduzluq Avropada, əgər xəbər tutsalar, yalnız istehza və rişxənd doğura bilər. Sizin dələduzlar olsa-olsa bir mənzili iki-üç müştəriyə satıb ümidini sizin məhkəmə sisteminin naqisliyinə və ləngliyinə bağlaya bilər. Sizin dələduz özünü ali məqam sahibinin qohumu kimi təqdim edib rüşvət tamarzısından yüksək mənsəb vədi ilə pul qopara bilər.

Lakin Avropa dələduzu! Ah, Avropa dələduzu! O, elə mükəmməl hərifləmə sistemləri icad edib ki, sizin dələduzun yatsa yuxusuna girməz. Əşşi, niyə danışıb özümə nahaq əziyyət verirəm, həvəsin olsa, Avropa filmlərinin xeyli hissəsinin süjetləri dələduzların müstəsna ağlı-fərasəti, onların icad etdikləri dahiyanə işləklərin uğurları və ya iflası barədədir.

Baxın və öyrənin, vaxtdır, bəsdir fil qulağında yatdınız.

Söz tapmayıb rumın diplomata səmimi təşəkkürümü bildirdim. Ürəyimdə isə fikirləşdim ki, Avropadan bizə nə? Biz hara, Avropa hara? Biz əsl milli məmləkətdə yaşayırıq və bundan artığı bizə heç lazım deyil. Bizim qismətimiz elə belə dələduzlardır, qismətdən artıq yemək olmaz.
Gəzməyə qərib ölkə, ölməyə vətən yaxşı.

Ana səhifəMənim FikrimcəDələduzlar tək bizdə deyil