close

“Mahir ay brat” ləqəbli meyxanaçı şərləndiyini, “Bandotdel”də döyüldüyünü deyir

Mahir Qonşuyev. Foto: sosial şəbəkə

 Prokurorun çıxışından sonra ittihama münasibət bildirən Mahir Qonşuyev deyib ki, özünü təqsirli bilmir və bu dəfə saxlanılanda üstündə narkotik olmayıb

Narkotik ittihamıyla həbsdə olan meyxanaçı Mahir Qonşuyev özünü təqsirli bilmir. O, Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verərkən bildirib ki, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində (“Bandotdel” kimi tanınır) narkotiklə şərlənib.

Dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyilə keçirilən məhkəmə prosesində prokuror Orxan Kəngərli ittiham aktını elan edib.

1984-cü il təvəllüdlü Mahir Qonşuyev iyunun 6-dan həbsdədir. Ona qarşı ittihamda göstərilib ki, küçədə – Binəqədi rayonu, Azadlıq prospekti 145 ünvanının qarşısında saxlanılıb.

Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində üstünə baxış keçiriləndə cibindən 3,818 qram metamfetamin (“patı”, “şüşə”) çıxıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb.

Prokuror ittihamı elan edəndə onu da bildirib ki, Mahir Qonşuyev bundan əvvəl məhkum edilib. O, 7 il öncə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrilə təqsirli bilinib və 8 il 6 ay azadlıqdan məhrum edilib. Apelyasiya məhkəməsi bu müddəti 8 ilə endirib. Cinayət Məcəlləsinə dəyişikliklərdən sonra onun işinə yenidən baxılıb və cəza 7 ilə endirilib.

Prokurorun çıxışından sonra ittihama münasibət bildirən Mahir Qonşuyev deyib ki, özünü təqsirli bilmir və bu dəfə saxlanılanda üstündə narkotik olmayıb. O, etiraf edib ki, əvvəllər narkotik istifadəçisi olub. Amma əvvəlki həbsindən sonra narkotikdən istifadə etməyib.

Onun sözlərinə görə, budəfəki həbsindən əvvəl bir neçə dəfə polis idarəsinə çağırıb, onunla meyxanalarıyla əlaqədar profilaktik söhbətlər aparmışdılar. Kriminal elementlər olan meyxanalar oxumamağı tələb etmişdilər.

Meyxanaçı deyir ki, hüquq-mühafizə orqanlarında çalışan tanışları ona bu cür xəbərdarlıqlara ciddi yanaşmağı məsləhət görürdülər:

“Mən neyləyim, çörəyim meyxanadan çıxır. Ona görə oxuyurdum”.

Mahir Qonşuyev necə həbs olunması haqda da danışıb. O bildirib ki, ittiham aktında göstərilən yerdə saxlanmayıb. Dəvət aldığı “Hollivud” restoranına prodüseri ilə birlikdə gedəndə liftdən çıxarkən hər ikisini tutublar. Onları “Bandotdel”ə aparıblar. Sonradan prodüseri buraxsalar da, ona qarşı külli miqdarda narkotik ittihamı irəli sürülüb.

Təqsirləndirilən meyxanaçı polislərin onu döydüyünü, təhqir etdiyini, bu üzdən özünə aidiyyəti olmayan narkotiklə bağlı etiraf ifadəsinə imza atdığını bildirib:

“Başıma yumruq, kürəyimə təpiklə vururdular. Elə söyüşlər söyürdülər ki, məcbur olub qol çəkdim. Neyləyə bilərdim?!”.

Meyxanaçının məhkəməsi yanvarın 9-da davam edəcək.

Mahir Qonşuyev əsasən “Ay brat” meyxanasından sonra məşhurlaşmışdı.
Meyxanaçı həmçinin “Youtube”da “Mahir Ay Brat” adlı səhifədə cinayətkarlığı, narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşmaqda ittiham olunurdu.

Ana səhifəSosial“Mahir ay brat” ləqəbli meyxanaçı şərləndiyini, “Bandotdel”də döyüldüyünü deyir