close

Maskalı adamlar “Kavkazski uzel”in jurnalistinin ailəsinə hədə-qorxu gəliblər

Videodan screenshot

Jurnalistin nömrəsinə çoxsaylı zənglər və mikrokredit təşkilatlarından mesajlar gəlməyə başlayıb

Özlərini “veteran” kimi təqdim edən maskalı adamlar “Kavkazski uzel”in müxbiri Vyaçeslav Yaşenkonun mənzilinin qapısını sındırmağa çalışıblar. Daha sonra həmin adamlar binanın mərtəbəsindəki bütün işıqları söndürüblər. Bu zaman evdə təkcə jurnalistin arvadı olub və o, polisə müraciət edib.

“Kavkazski uzel” yazır ki, yanvarın 18-də səhər polislər Volqoqradda “Kavkazski uzel”in jurnalisti Vyaçeslav Yaşenkonun evində axtarış keçiriblər və telefonunu, noutbukunu və digər məlumat daşıyıcılarını götürüblər. Onlar ordu haqqında saxta məlumatların yayılmasında ittiham olunan fəal Yevgeni Koçeqinin işi üzrə axtarış apardıqlarını deyiblər.

“Yaşenkonun evində axtarış aparılarkən qanun pozuntusuna yol verilib”, – Yaşenkonun vəkili belə söyləyib.

Jurnalistin arvadının “Kavkazski uzel”in müxbirinə söylədiyinə görə, maskalı adamlar onun arxasınca binaya giriblər, qadın mənzilə daxil olandan sonra isə israrla qapının zəngini basmağa başlayıblar. Əvvəlcə özlərini “qonşular”, sonra “xüsusi hərbi əməliyyatın veteranları” adlandıran bu şəxslər əlləri ilə qapının gözlüyünü tutublar.

Naməlum şəxslər qışqıra-qışqıra mənzilin qapısının açılmasını və Vyaçeslav Yaşenkonun bayıra çıxmasını tələb ediblər. İstəklərinə nail olmayan bu şəxslər qapıya bir neçə dəfə zərblə təpik vurublar, daha sonra mənzilin işığı sönüb. Jurnalistin arvadının dediyinə görə, onlar bundan sonra liftə miniblər.

Maskalı adamlar təkcə Yaşenkonun mənzilinin deyil, mərtəbədəki bütün mənzillərin işığını söndürüblər. Videodan da göründüyü kimi, jurnalistin qonşularından biri mənzilindən qorxu içində çıxıb işıq lövhəsinə yaxınlaşır və polis çağırmaları üçün digər qonşulara səslənir.

Foto: “Kavkazski uzel”

Mənzilin giriş qapısının ağzında naməlum şəxslərin çəkmələrinin izləri qalıb. Bir azdan hadisə yerinə gələn polislər bu izlərin şəklini çəkib, ərizəni qəbul ediblər və maskalı adamlar peyda olduğu təqdirdə zərərçəkənlərin yenidən zəng vurmalarını söyləyiblər.

Vyaçeslav Yaşenko hələ naməlum şəxslər gəlməzdən əvvəl spam-hücuma məruz qalıb: mənzilində axtarış aparılarkən götürülmüş və bloklanmış vəziyyətdə olmayan telefonu bir sutkaya yaxın güc strukturları əməkdaşlarının əlində olandan sonra jurnalistin nömrəsinə çoxsaylı zənglər və mikrokredit təşkilatlarından mesajlar gəlməyə başlayıb.

Yanvarın 23-də ordunu gözdən salmaqda təqsirli bilinən təqaüdçü Natalya Dorojnovanın il başlayandan ikinci dəfə keçirilən məhkəməsinə getdikdən sonra jurnalistin nömrəsinə spam hücumu təkrarlanıb. Yaşenko xüsusilə böyük miqyasda dələduzluq cəhdinin olduğunu ehtimal edib.

Jurnalist və vəkili şəxsi məlumatların açıqlanması ilə bağlı şikayət etməyi planlaşdırır:

“Biz şikayət ərizəsində şəxsi məlumatın yayılması faktını mütləq qeyd edəcəyik. Böyük məbləğdə kredit götürülməsi üçün mənim mobil nömrəmdən istifadə olunur və onlara bu məlumatın məhkəmədə səsləndirilməsi lazımdır”.

“Təsəvvürünüzə gətirin ki, məni saxlayıblar və sonra buraxmırlar, mən həbs olunmuşam. Mən bu prosesi saxlaya bilməzdim və boynumda milyonluq borc qalardı”, – Yaşenko qeyd edib.

Ana səhifəSosialMaskalı adamlar “Kavkazski uzel”in jurnalistinin ailəsinə hədə-qorxu gəliblər