close

Məktəblərdə zorakılıq, qətl və intiharlar: “Bu sistemdə nazir adi bir poçtalyondur”

Məktəbdə qısnama. Foto: Meydan TV

İctimai şura üzvü isə cəmiyyəti qınayır

Son günlər iki ümumtəhsil müəssisələrində baş verən hadisələr yenidən bullinq (alçaltma, ələsalma, psixoloji təzyiq) mövzusunu aktuallaşdırıb.

Bir neçə gün öncə sosial şəbəkələrdə Bakı şəhəri 6 nömrəli məktəb-liseydə 2-ci sinif şagirdinin həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən dəfələrlə cinsi-seksual hərəkətlərə məruz qaldığına dair məlumatlar yayıldı.

6 nömrəli məktəbin direktoru Gülşən Orucova mətbuata açıqlamasında bildirdi ki, 7-ci sinif şagirdi 2-ci sinif şagirdinə mobil telefonda əxlaqsız video göstərib.

Bu həmin videoya baxan uşağa psixoloji olaraq pis təsir edib.

Hadisə məlum olandan sonra 7-ci sinif şagirdi öz valideyninin istəyi ilə başqa məktəbə köçürülüb.

Direktorun sözlərinə görə, ayaqyolundan kabinlərə qədər kamera quraşdırılıb.

6 nömrəli məktəb. Foto: Wiki

Görüntülərə baxılıb və həmin uşaqların deyilən vaxtlarda ayaqyolunda birgə olmadığı müəyyən edilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva APA-ya deyib ki, Bakı aparılan araşdırmalardan sonra məktəb rəhbərliyinə xəbərdarlıq edilib.

VII sinif şagirdlərindən birinin başqa məktəbə keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Gəncədə isə məktəbli qətlə yetirilib.

Hadisə yanvarın 23-də səhər Molla Pənah Vaqif adına 8 saylı orta məktəbdə baş verib.

Qətlə yetirilən də həmin məktəbin 11-ci sinif şagirdi Raul Rəhimovdur.

Azərbaycanda bullinq 2019-cu ilin aprelində 162 saylı məktəbin 14 yaşlı şagirdi Elina Hacıyevanın tənəffüsdə özünü məktəbin üçüncü mərtəbəsinin binasından ataraq, intihar etməsindən sonra daha çox müzakirə olunan mövzulardan biridir.

Hətta 2021-ci ildə Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, məktəbdaxili qısnama halları ilə mübarizə mexanizmi hazırlanır.

Emin Əmrullayev, Foto: Azərtac

Ötən il isə məktəblərdə davranış qaydaları ilə bağlı yeni normalar müəyyənləşdirildi.

Azərbaycanda 2016-cı ildən “Məktəblinin dostu” layihəsi reallaşıb.

Layihə Bakıda 191, Abşeronda 12, Sumqayıtda 23 olmaqla ümumilikdə 226 ümumi təhsil müəssisəsində fəaliyyət göstərir.

400 minə yaxın şagirdi əhatə edən layihə üzrə hazırda 300 sosial əməkdaş çalışır.

Elm və Təhsil Nazirliyinin məlumatına görə, bu ildən layihə Gəncə, Lənkəran, Masallı, Cəlilabad şəhərlərini də əhatə edəcək.

Layihə ümumilikdə 237 məktəbdə fəaliyyət göstərəcək.

Son bir neçə gündə ölkənin iki ayrı təhsil müəssisəsində baş verən hadisə göstərir ki, bu istiqamətdə atılan addımlar effektiv deyil.

Feminist fəal, tədqiqatçı Lalə Mahmudova hesab edir ki, Azərbaycanda bullinqlə mübarizəyə qarşı qanun layihəsinə ehtiyac var:

Lalə Mahmudova. Foto: screenshot

Bullinqlə mübarizə çoxmərhələli və çoxşaxəli prosesdir. Burada məktəb rəhbərliyi, valideynlər, rayon təhsil şöbələri, yerli icra hakimiyyətləri ilə birgə çalışmaq lazımdır. Hər bir məktəb xüsusən qısnamanın qarşısının alınması üçün bullinq əleyhinə məktəbdaxili qaydalar toplusu işləyib hazırlaya bilər”.

Bullinqin baş verdiyi an şagirdlər bunun məhz bullinq olduğunu və onun baş verdiyi vaxt nə edəcəklərindən məlumatları olmaya bilər. Buna görə də hər bir məktəb öz kurikulumunda hər rüb bullinq, bu problemin həllində şagirdlərin nə kimi rolu ola biləcəyi ilə əlaqədar məlumat verməli, icbari sinif müzakirələrini təşkil etməlidirlər”, – Lalə Mahmudova bildirib.

Sosioloq Aynur Hacıyeva isə hesab edir ki, “Məktəblinin dostu” layihəsi bütünlükdə ölkə üzrə bütün məktəbləri əhatə etməlidir.

Aynur Hacıyeva. Foto: screenshot İTV

Həmçinin məktəblərdə psixoloqla yanaşı, bir neçə sosial işçi ştatı da olmalıdır:

“Məktəblərdə bir neçə sosial işçinin olması, bullinq hallarının daha tez aşkar edilib, qarşısının alınmasını təmin edə bilər. Psixoloq deyil, məhz sosial işçilər daim tənəffüslərdə, boş dərslərdə şagirdlərlə ünsiyyətdə olub, onların sosiallaşması, dostları və ailələri ilə əlaqəsini müəyyən, təyin edir. Əgər bir problem aşkar edərlərsə, psixoloji dəstəyə ehtiyac varsa, aidiyyəti üzrə yönləndirirlər”.

Təhsil eksperti Elçin Əfəndi hesab edir ki, təhsil müəssisələrinin hər bir auditoriyasında müvafiq olaraq kamera olmalıdır.

Kamera təkcə görüntü üçün deyil, həmçinin dinləmə funksiyasını da yerinə yetirməlidir.

Həmçinin deyir ki, bu kimi halları önləmək üçün təhsil müəssisəsi valideynlərlə daim əlaqədə olmalıdır:

Problemli ailələr varsa, təhsil müəssisəsi təşəbbüs irəli sürməlidir ki, onlar psixoloq konsultasiyası alsınlar. Ailələrin problemləri uşaqlara yansımasın. Uşaq da ailəsində olan problemi auditoriyaya daşımasın. Görünən odur ki, təhsil müəssisəsi də biganə yanaşdığı üçün artıq baş verənlər üst-üstə toplanıb və nəticədə xoşagəlməz hallar-cinsi zorakılıq, bullinqə məruz qoymaq, şiddət göstərmək, bıçaqlanmaq, ölüm faktı baş verib”.

Təhsil ekspert Elçin Əfəndi

Elçin Əfəndi hesab edir ki, bu istiqamətdə atılan addımlar hər təhsil müəssisəsi üçün də effektli olmaya bilir:

Düzdür, Elm və Təhsil Nazirliyi son illər müəyyən pilot layihələr etməyə cəhd edir və keçirir də. Məsələn, “Məktəblinin dostu” layihəsi. Amma yenə baxırıq, hadisə harada baş verib? Paytaxtda. Orada pilot layihə tətbiq olunubmu? Bəli olunub. Yəni bu, bəzi ərazi üzrə fayda verir, bəzisi üzrə isə yox. Demək ki, fayda verməyən əraziyə başqa üsul tətbiq etmək daha məqsədəuyğundur”.

Təhsil eksperti Nabatəli Qulamoğu isə deyir ki, baş verənlərin əsas səbəbi cəmiyyətdəki aqressiyadır.

Cəmiyyətdəki aqressiya da məktəblərə yansıyır:

Azərbaycanda təhsildə icraçı rolu faktiki olaraq Elm və Təhsil Nazirliyindədir. Amma təhsil demək olar ki, rayon və mərkəzi icra hakimiyyətlərinin əlindədir. Naziri, nazirliyi günahlandırırlar. İş burasındadır ki, nazir adi bir poçtalyondur. Ona mərkəzdən – Prezident Adminstrasiyasından nə deyirlər, onu da yerinə yetirir. Hansı ölkədə bir həftədə altı jurnalist həbs olunub? Ölkədə fərqli fikir söyləyənin cibinə nəşə atıb, tuturlarsa, deməli, məktəbdə qətl hadisəsinin olmasını gözləmək olar. Məktəblərdə zorakılıq hallarının ən başlıca səbəblərindən biri də cəmiyyətdə təbəqələşmənin olmasıdır. Təbəqələşmə özü də münaqişə yaradan haldır. Bütün bunların hamısının kökündə də siyasi sistem dayanır. Siyasi sistem o qədər cinayət törədib ki, bu, məktəblərə də paylanıb”.

Nabatəli Qulamoğlu. Foto: sosial şəbəkə

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü və katibi İlqar Orucov deyir ki, bu kimi şagird davranışlarının kökündə məktəb, təhsil müəssisəsi deyil, ailə, valideynlər dayanır:

“Heç bir məktəbdə zorakılıq aşılana bilməz və aşılanmır da. Birmənalı olaraq, bu aqressiyanın kökü məktəbdə deyil. Azərbaycanda son illərdə ailədaxili münasibətlərdə gərginlik var. Bu gərginlik daha sonra da övladlar vasitəsilə cəmiyyətə transfer olunur. Hər bir valideyn övladının tərbiyəsi ilə məşğul olmalıdır. Belə olsa, Gəncədəki məktəblinin cibindən bıçaq çıxmaz. Məktəbyaşlı uşaq kriminal dünyanın avtoritetini özünə kumir seçməz və onun cibindən alışqan, kibrit, siqaret, kəsici-deşici silahlar, təsbeh çıxmaz”.

Foto: İlqar Orucovun şəxsi arxivindən

Məktəb tərbiyə müəssisəsidir. Yanız müsbət davranışlar təlqin oluna bilər və belə də olur. Bu kimi halların təhsil adına, təhsil müəssisəsi adına bağlamaq yanlışdır. Bütün hallarda fikirləşirəm ki, bu məsələlərdə günahkar həm də cəmiyyətdir. Çünki biz cəmiyyət deyəndə daha geniş kontekstdə başa düşürük. Cəmiyyət mənəm, sizsiniz, ailələrimizdir, ətrafımızdır. Günah bizdədir. Günah ətrafımızdadır. Nazirlik bu istiqamətdə kifayət qədər işlər görür. Müəllimlərlə, şagirdlərlə, məktəb psixoloqları ilə iş aparılır”, – İlqar Orucov bildirib.

Psixoloq-terapevt Nərgiz Hüseynova deyir ki, qısnama, zorakılıq hallarında təkcə təhsil müəssisəsini, orada çalışan pedaqoji və yaxud idarəedici heyəti günahlandırmaq da doğru deyil:

Nərgiz Hüseynova. Foto: Youtube-dən screenshot

Məsələyə müxtəlif tərəfdən baxmaq lazımdır. İlk növbədə uşağın erkən yaş dövrünü araşdırmaq lazımdır. Bu uşaq erkən yaş dövründə valideyn himayəsində necə, hansı formada böyüyüb? Bulinq və yaxud da bıçaqlama varsa, insanın daxilindəki aqressiyanın göstəricisidir. Uşağın daxilindəki aqressiya ailədən də gələ bilər,  yeniyetməlik dövründədirsə məktəblə də əlaqədar ola bilər. Burada məsələyə birtərəfli baxmaq olmaz. Həm ailəni, həm də məktəbi yoxlamaq lazımdır”.

Ana səhifəSosialMəktəblərdə zorakılıq, qətl və intiharlar: “Bu sistemdə nazir adi bir poçtalyondur”