close

Media və televiziyanın ödənişli təşviqat rəqəmləri: “YAP-ın da seçki fondundan çoxdur”

Telekanallarda efir vaxtı. Foto: arxiv

Əliyev seçki fondunun vəsaitinə görə öndədir: 250 min manat 

Yanvarın 15-də Azərbaycanda növbədənkənar Prezident seçkisinin təşviqat kampaniyasına start verilib.

Dünən Mərkəzi Seçki Komissiyası ödənişli seçki təşviqatı barədə məlumat da yayıb.

Maraqlıdır ki, yanvarın 15-də bu barədə MSK-nın saytına qoyulan siyahı bu gün səhər saatlarında götürülüb.

Qəribədir ki, namizədlərin seçki fondları haqda da məlumatlar saytdan “qeyb” olub. Ancaq hər iki məlumat günün ikinci yarısında yenidən sayta yerləşdirilib.

Meydan TV MSK-nın Mətbuat Xidmətindən məlumatların silinməsinin və yenidən yerləşdirilməsinin səbəblərini öyrənməyə çalışsa da, zənglərə cavab verilməyib.

Mərkəzi Seçki Komissiyası (MSK). Foto: Azərtac

7 namizədin seçki fondu barədə ötən həftə yayılan məlumata gəlincə, hakim partiyanın namizədi İlham Əliyev öndə olub.

Onun seçki fonduna 250 min manat daxil edilib. Vəsaitin partiya hesabından gəldiyi qeyd edilsə də, hesabatın xərclər hissəsi boş idi.

İkinci yerdə Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) prezidentliyə namizədi Qüdrət Həsənquliyevdir.

BAXCP sədrinin hesabatında 20 min manat gəlir əksini tapıb.

Həsənquliyev xüsusi vəsaiti 10 min, fiziki şəxslərdən də 10 min manat gəlir əldə etdiyini qeyd edib. Həmçinin vəsaitin 15 min manatının seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatına, seçici imzalarının toplanması üçün müvafiq şəxslərə sərf edildiyi vurğulanıb.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Zahid Orucun maliyyə hesabatında 19 min manat gəlir göstərilib.

Bildirilib ki, onun da 8 min manatı seçici imzalarının toplanmasına, texniki tədbirlərin maliyyə təminatına sərf edilib.

Böyük Quruluş Partiyasının (BQP) namizədi Fazil Mustafanın maliyyə hesabatında 10 min manat gəlir qeyd olunub. Bunun da namizədin xüsusi vəsaiti olduğu vurğulanıb.

F.Mustafa 8 min manatın xərclərə sərf edildiyini qeyd edib.

Namizədlər arasında ən az seçki fondu Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayevin, Fuad Əliyevin və Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayevindir.

MCP sədri R.Nurullayev fiziki şəxslərdən 3 min manat gəlir əldə etdiyini qeyd etsə də, xərclər hissəsində heç bir rəqəm göstərməyib.

Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayevin hesabatda fiziki şəxslərdən 1500 manat gəlir əldə etdiyini bildirib.

O, vəsaitin 1000 manatını seçici imzalarının toplanmasına yönəlmiş texniki tədbirlərin maliyyə təminatına, habelə bu işdə fəaliyyət göstərən müvafiq şəxslərə sərf etdiyini vurğulayıb.

Namizədliyi özü tərəfindən irəli sürülmüş Fuad Əliyev isə maliyyə hesabatında 2 min manat gəlir göstərib. O da xərc hissəsini açıqlamayıb.

MSK-nın saytında namizədlərə ödənişli təşviqat üçün yerləşdirilən məlumatda isə media orqanlarının təqdim etdiyi qiymətlər bir-birindən fərqlənsə də, kifayət qədər böyük məbləğlər də olub.

Bəs bu, namizədlərin büdcəsinə uyğun gəlirmi?

Böyük Azərbaycan Partiyasının namizədi Elşad Musayev Meydan TV-yə deyib ki, ödənişli efir vaxtından istifadə etməkdənsə, rayonlarda seçicilərlə görüşlərə üstünlük verəcək:

Azərbaycanda prezident seçkiləri
Source: AP

“Bu, həm də vaxt darlığı yaradır, ona görə yalnız İTV-in ödənişsiz efirindən istifadə edəcəyik. Lazım olsa, pullu efirlərdən də istifadə edərik, amma seçki kampaniyasını daha çox əyalətlərdə görüşlərə yönəltmişik”.

Namizəd Fuad Əliyevin səlahiyyətli nümayəndəsi Xəzər Teyyublu Meydan TV-yə deyib ki, onların Seçki Qərargahı hələ ki ödənişsiz efir vaxtına üstünlük verir:

İndiki halda ödənişli efir vaxtından istifadə və ya çap mətbuatına təbliğat materialı vermək nəzərdə tutulmayıb”.

“Bəs seçki fondunun vəsaiti ödənişli təbliğata yer ayıran media orqanlarından istifadəyə yetirmi?” sualına Teyyublu konkret cavab verməyib:

Ciddi, oxunaqlı media orqanları ilə əməkdaşlıq haqda düşünürük. Əgər müsbət qərara gəlsək, məlumat yayacaq. Onsuz da rəsmi qəzetlər bizə ödənişsiz yer verəcək”.

Ödəniş məbləğləri hətta hakim partiyanın da seçki fondunun vəsaitinə uyğun deyil”

Seçki Müşahidə Alyansının sədri Məmməd Məmmədzadə Meydan TV-yə deyib ki, əgər bir namizəd 10 dəqiqə efir vaxtı götürürsə, gündəlik 18 min manat ödəməlidir:

2 telekanala isə 36 min manat ödəməlidir. Əgər 22 gündən götürsək, bu, 396 min manat edir. Yox, gündə 3 televiziyada efir vaxtı götürəcəksə, təxminən 1 milyon 200 min manat edir. Amma bu efir vaxtı saat 8-10 arasıdır, saniyəsi 30 manatdır. Səhər saatları bir qədər ucuzdur”.

Foto: Məmməd Məmmədzadənin şəxsi arxivindən

Məmmədzadənin sözlərinə görə, göstərilən ödəniş məbləğləri nəinki seçki fondu az olan namizədlərin, hətta hakim partiyanın da seçki fondunun vəsaitinə uyğun deyil:

“Düzdür, YAP yeni büdcəni elan edəcək. Bununla belə hakim partiyanın namizədinin ayırdığı vəsait 3 televiziyada 10 dəqiqə çıxış etməyə kifayət deyil”.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Namizədliyi qeydə alnmış şəxslər – ölkə başçısı İlham Əliyev, deputatlar – Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, MüsavatKlassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkiləri 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçkilər də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.

Ana səhifəSiyasətMedia və televiziyanın ödənişli təşviqat rəqəmləri: “YAP-ın da seçki fondundan çoxdur”