close

Mətləbin cövhəri

Foto: Meydan TV

Zərdüşt Əlizadə

Avropada məgər hər hansı bir dövlət o biri dövlətə “öz sərhəddində niyə SBM qoymusan” sualını verə bilər?

Xətrini çox istədiyim bir arkadaş namə yazıb soruşur ki, “əgər Sərhəd Buraxılış Məntəqəsi  (SBM) Ermənistanın ziyanına idisə, bəs nə üçün özü onu öz tərəfində birinci qoymuşdu?”

Gözəl sualdır, sübut edir ki, arkadaşım fəhmli insandır. Müxtəlif və çoxsaylı hadisələr axınında ən mühümlərini ayırd edə bilir.

Fikirləşdim ki, bu mətləbi xırdalamağa dəyər, zira bu SBM mətləbini düzgün anlayan kəs qəziyyənin cövhərini və bütün mənzərəni tam görə və anlaya bilər.

Düzdür, məni yenə sui-qəsd fərziyyəsinə uymaqda ittiham edəcəklər, neynək, olsun, SSRİ kimi nəhəng dövlətin dağıdılması kimi dahiyanə və iblisanə nəqşəni vaxtında duyub anlamış insan üçün bu ittiham, bəlkə də, ittiham deyil, tərif vətəqdirdir.

Təsəvvürünüzə gətirin ki, qoca və xəstə bir adam can verir. Hamı anlayır ki, onun ölümü qaçılmazdır, lakin yenə onun həyatda qalması uğrunda tibbi tədbirləri görürlər.

Nə üçün? Cəmiyyətin əxlaqı, davranış qaydaları bunu tələb edir.

Yerevanda arif adamlar artıq çoxdan və çox gözəl anlayıblar ki, Qarabağ Ermənistan üçün bilmərrə itirilib və onun qaytarılması üçün güc və imkan yoxdur. Lakin xəstə qocanın yatağı ətrafına toplaşmış qohumlara kim birinci deyəcək ki, “durun gedin yas tədarükünə başlayın, ölümə çarə yoxdur”?

Bunu demək əvəzinə xəstə qocanı xilas etmək naminə fədakarlıqla çalışırlar.

Yazırlar ki, ixtisasca həkim olan Çexov ölüm ayağında heç bir təlaş keçirmədən sakitcə demişdi: “finita lə komediya”.  Yəni komediya qurtardı. Bu sözləri demək üçün insan gərək Çexov qədər bilikli, ülvi və iradəli insan olsun.

Canlılar üçün ən sirli, yenilməz və qaçılmaz, lakin vahimə doğuran hadisə ölümdür. Tarixi hadisələrin cərəyanında da qaçılmaz sonluq eynilə təşviş doğurur.

Laçın yolunun Ermənistana çatan nöqtəsində SBM-in qoyulması və rəsmi Ermənistanın buna fəal etiraz etməməsi, müxalifətin isə vaveyla qoparması o deməkdir ki, qohumlar dəxi ölümcül xəstə qocanın xilası naminə təcil tibbi yardıma zəng etməyəcəklər.

Əzize-mən arkadaş soruşur ki, “nə üçün SBM-i Ermənistan birinci qoymuşdu”? Məne-biçarə sakitcə soruşuram ki, “sənə kim dedi ki, Karnidzor yaxınlığındakı bu SBM-i Ermənistan qoyub”?

İndiki Ermənistan bənzəyir bizim 1920-ci ildəki şanlı və əziz Azərbaycan Cümhuriyyətinə. Yəni rəsmən adı var, özünün gücü və qüdrəti yox. Onun taleyini başqaları təyin edir, onun ərazisində yadelli qoşunlar ondan icazə istəmədən at çapır.

Bu SBM-i Rusiya qoyub. Qoyub ki, ertmənilər Karnidzordan sərbəst keçib Laçın yoluna girməsinlər, gedib-gedib gəlib “ekofəalların piketi”nə çatmasınlar, onlarla orada adam balası kimi danışmasınlar, anlaşandan və hətta mehribanlaşandan sonra Xankəndinə varid olmasınlar və oradakı aldadılıb-qorxudulmuş camaata deməsinlər ki, “ara, qorxmayın, ruslara da inanmayın, turkesin bizimlə işi yoxdur, sənədi yoxlayıb boşlayırlar, hələ “yaxşı yol” da deyirlər”.

Bax, mətləbin cövhəri budur. RF istəmir ki, Azərbaycan Laçın yolunda SBM qoysun. Fəqət  özünün Ermənistan ərazisində SBM qoymasını öz haqqı sayır, zira hesab edir ki, Qarabağın da, Ermənistanın da sahibi odur. Təsadüfi deyil ki, Armen Qriqoryan da, başqa erməni siyasiləri də deyirlər ki,” Laçin prinadlejit Rossii”.

Sovet sistemində ali məqamlarda mütərcim kimi işləmiş məne-biçarəyə aydındır ki, bu məsələdə ikili standart əsas götürülür. Rusiyaya olar, Azərbaycana olmaz.

Kimə isə milyard oğurlamaq olar, kim isə beş manat oğurlasa, tutular.

Mən Lavrovun Bakıya son səfərinin mahiyyətini gözəl anlayıram. Gəlmişdi İlham Əliyevə anlatsın ki, SBM-i qoymaq olmaz. İlham Əliyev isə çətin və uzun sürmüş səmərəsiz danışıqlardan sonra nəhayət ki, SBM-i qoydu və dedi ki, “Zəmanə dəyişib, əlindən gələni beş qaba çək”.

“Atan kazaklardır”. Rus hərbçiləri həm də Qarabağ ermənilərinə imkan vermirdilər ki, Xankəndidən gəlib “ekofəallara” çatsınlar və danışmağa başlasınlar.

Allah sənə rəhmət eləsin, Cəfər Cabbarlı! İki kəlmə ilə min alimin, min bir politoloqun və tarixçinin qalaq-qalaq yazılarından daha qiymətli fikri Azərbayca nmillətinə çatdırmısan.

Du gəl ki, bu iki kəlmənin cövhərini anlamayıblar, sazı götürüb rus notları əsasında başlayıblar “əbədi-əzəli erməni xisləti” barədə bayatılar qoşmağa.

Sual yaranır ki, bəs nə üçün erməni müxalif siyasətində və mediasında Laçın SBM-i ətrafında şivən qopub?

Mərasim, ictimai əxlaq qaydaları tələb edir ki, qoca öləndən sonra qohumlar ağlasın və şivən qoparsın. Azərbaycanın bəzi kənd yerlərində zənən xeylağı hətta dırnaqları ilə üzlərini də çırırlar, hərçənd ki, ölü bundan dirilməz. Yerevanda hakimiyyət naminə aramsız gedən dava-dalaşın qaydaları tələb edir ki, müxalifətdəkilər  bu qaçılmaz siyasi ölüm hadisəsini əhaliyə milli faciə kimi təqdim etsinlər və Nikol Paşinyana “satdın vətəni, xain köpək oğlu” desinlər.

Əslində isə Ermənistanda arif adamlar gözəl anlayır ki, SBM qoyulmaqla iki qonşu dövlət Rusiyanın onların boynuna saldığı qandalı qırır və qarşılıqlı anlaşma yoluna qədəm qoyur. Necə deyərlər, “Avropa dəyərləri” zəfər çalır.

Avropada məgər hər hansı bir dövlət o biri dövlətə “öz sərhəddində niyə SBM qoymusan” sualını verə bilər?

Hələ neçə ay bundan əqdəm Azərbaycan prezidenti günün günorta çağı elan vermişdi ki, “Ermənistan da gərək Zəngəzurda SBM qoysun”. Bunun adi dilə tərcüməsi nədir? Siz SBM qoyun, biz də SBM qoyaq, cəncəlli mübahisə qurtarsın.

Bunu Rusiya istəmirdi.  Rusiya, Molla Nəsrəddin lətifəsində olduğu kimi, evi satıb divara çalınmış mıxı satmaq istəmirdi ki, toy günü öz ölü eşşəyinin cəmdəyini sürüyüb girsin toya və şənliyi pozsun. Rusiya istəyir ki, Azərbaycanın təzyiqi ilə Ermənistana elə bir sənədə imza atdırsın ki, Zəngəzur yolu Rusiyanın nəzarətində qalsın.

Əzizi-mən arkadaş soruşa bilər ki, “bəs Nikol niyə bunu millətinə demir”?

Çox sadə səbəbdən. Milləti elə ağlar günə qoyublar ki, söz qanmağa halı qalmayıb. Başını elə xarab ediblər ki,  orada bircə “Artsax” qalıb, fərqli fikir bu başa girə bilmir.

Azərbaycanlıya kim indi deyə bilər ki, dünyada Qarabağdan başqa insan haqları, iqtisadi tərəqqi, maddi rifah, ədalətli cəmiyyət, müstəqil məhkəmə, insan şərəf və ləyaqəti var? Dinləməyinə dinləyər, sonra isə soruşar ki, “qardaş,  çox sağ ol, bunlar heç, de görüm bu Xankəndiyə nə vaxt bayraq sancacayıq”?

Erməni də həmin halətdə. Yadınıza gəlirmi, 1988-ci ildə Spitakda zəlzələdən üç gün sonra uçqunun altından bir qarını qazıb çıxardılar, televiziya bu hadisəni canlı yayımda göstərirdi, qarı ağzını açan kimi soruşdu: “Qarabağı bizə verdilər”?

Ağır atletika üzrə Avropa yarışlarının açılışında bir dılqır gəda bayrağımızı yandıranda Nikolun sifətinin ifadəsinə fikir verdinizmi? Ermənistanın bir nömrəli dövlət xadiminin çox yazıq görkəmi var idi. Gözəl anlayırdı ki, bi təxribatı Azərbaycana qarşı deyil, şəxsən ona qarşı törədirlər, lakin onu da anlayırdı ki, bu təxribatın qarşısını dövlətin gücü ilə alsa, millət ona “davaçan, xain” deyəcək. Çünki başı xarab olmuş, zehni zəhərlənmiş kəslər məntiqi düşünə bilmir, xeyri şərdən, savabı günahdan ayıra bilmir. Məhz bu səbəbdən həmin təxribatçı gədanı boşladılar ki,  gedib öz ucuz “qəhrəmanlığı”nın bəhrəsini dərsin.

Nikol özü də hakimiyyətə doğru müzəffər yürüşündə xalqın bu xəstə halından yetərincə faydalanmışdı.

Vaxtilə, 2000-ci illərin əvvəllərində dostum Georgiy Vanyanla birgə sülh axtarmış, bunun üçün zövcəsini də götürüb Finlandiyanın Aland adalarına getmiş, bu birgəyaşayışın əla nümunəsini öyrənmiş Nikol, hansısa məqamda dostu Georgiyə demişdi: “Sülhpərvərliyin gələcəyi yoxdur, siyasətə girişmək lazımdır”.

Bəli, girişmişdi siyasətə, və siyasətin qaydalarına uyğun olaraq mitinqdə başlamışdı bağırmağa “Artsax, Artsax”. Nəticədə hakimiyyətə gəlmişdi və… Artsax tələsinin əsirinə çevrilmişdi. İndi hey çapalayır ki, tələdən çıxsın, fəqət ya qolunu, ya ayağını tələdə qoyub qurtulmalıdır.

SBM mətləbi qurtardı, Qarabağ erməniləri  bizim Laçın SBM-indən keçirlər, bizim sərhədçilər də, xidməti təlimata uyğun olaraq, onlara “yaxşı yol” deyirlər.

İndi “Sülh sazişi” mətləbi masanın üstündədir. Vaşinqtonda Entoni Blinken müəllim Ceyhun müəllimə və Ararat müəllimə izah edir ki, “qorxmayın, sizin prezidentlər Moskvaya gedəndə Putinə “yox” desinlər, biz sizin arxanızda dağ kimi durmuşuq”.

Ceyhun müəllim və Ararat müəllim Entoni müəllimi ədəb-ərkanla dinləyib heç nə demirlər, fəqət mən bilirəm onlar nə fikirləşirlər. Fikirləşirlər ki, “siz Mişaya da söz vermişdiniz, nooldu”?

Siyasət elminin bir xüsusiyyəti var ki, o, tək elm deyil, həm də incəsənətdir. Siyasətdə dəmir qaydalarla yanaşı təxəyyül və yaradıcılıq köhləni dördnala çapır və hara qaçacağını hələ ki, heç kəs dəqiq deyə bilmir.

Odur ki, indiki Vaşinqton danışıqlarının nəticələri təxminən bu ilin sonunda bilinəcək.

Ana səhifəMənim FikrimcəMətləbin cövhəri