close

Meyxanaçının anası oğlunun aldadılaraq həbs edildiyini, işgəncə gördüyünü deyir

Mahir Qonşuyev. Foto: sosial şəbəkə


“Oğluma deyiblər ki, səni mahnıya görə çağırsaq da, “mal”a görə saxlamışıq, ona görə imza atmalısan”

“Ay brat” meyxanası ilə tanınan Mahir Qonşuyevin anası Prezident İlham Əliyevə və Birincu vitse-prezident Mehriban Əliyevaya müraciət edib.

Ananın yayılmış videomüraciətində deyilir ki, Mahir Qonşuyev aldadılaraq həbs edilib və işgəncəyə məruz qalıb. O,  oğlunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel” kimi tanınır) tərəfindən saxlanıldığını bildirib:

“Oğlumun kartına pul ataraq toya çağırıblar. Çağırılan yerə gedəndə məlum olub ki, toy yoxdur, elə ordan da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıblar”.

“Banditizm”də oğlumu “toka” veriblər, başına döyüb, dişini sındırıblar. Oğluma deyiblər ki, səni mahnıya görə çağırsaq da, “mal”a görə saxlamışıq, ona görə imza atmalısan. Övladım etiraz etsə də, işgəncə veriblər, möhkəm döyüblər ki, imzalasın. Vəziyyə o həddə çatıb ki, uşağım özünə qəsd etmək istəyib”,- deyə meyxanaçının anası əlavə edib.

Ana Prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edərək şikayətinə diqqətlə yanaşmağı xahiş edib:

“Banditizm”də bir mahnıya görə mənim balamı işgəncəyə məruz qoyublar. Bunun nəticəsində övladım saxta sənədə imza atıb ki, guya onda narkotika olub. Allaha and olsun ki, balamda heç nə olmayıb. Onu toy adına çağırıb həbs ediblər”.

Mahir Qonşuyevin anası

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti isə iddiaları əsassız sayır. Qurumun bir müddət əvvəl yaydığı məlumatda deyilir ki, polisin keçirdiyi əməliyyat zamanı keçmiş məhkumdan psixotrop maddə olan “metamfetamin” aşkar edilib.

Araşdırmalarla M.Qonşuyevin sosial şəbəkələrdə “Mahir Ay Brat” adlı səhifə yaradaq əsasən gənclər və yeniyetmələr arasında cinayətkarlığı, eləcə də narkotik maddələrin istifadəsi kimi zərərli vərdişləri təbliğ edən musiqili meyxanalar paylaşdığı müəyyən edilib.

Qeyd olunan faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. M.Qonşuyev barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Sonda sosial şəbəkə istifaçilərinə, gənclərə, yeniyetmələrə, özündə cinayətkarlığı və zərərli vərdişləri ehtiva edən videolar, musiqilər, həmçinin digər bu tipli mövzularda olan məlumatları paylaşmamağı tövsiyə edirik”, – məlumatda deyilir.

Məhkəmə ilkin istintaq dövrü üçün onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Bakı Apelyasiya Məhkəməsi isə həmin qərardan verilmiş şikayəti təmin etməyib.

Ana səhifəSosialMeyxanaçının anası oğlunun aldadılaraq həbs edildiyini, işgəncə gördüyünü deyir