close

Milli Şura beynəlxalq təşkilatları Əliyev rejiminə sanksiyalar tətbiq etməyə çağırdı

Foto: Meydan TV

“Beynəlxalq təşkilatları və demokratik dünyanı Əliyev rejiminə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”

Demokratik Qüvvələrin Milli Şurası Tofiq Yaqubluya qarşı açılan cinayət işini “rejimin qisas aktı” kimi dəyərləndirir.

Bu barədə Milli Şuranın yaydığı bəyanatda qeyd olunub.

Milli Şura hesab edir ki, azad mediaya divan tutulması, cəmiyyətin yüksək rəğbətini qazanmış Qubad İbadoğlu, Tofiq Yaqublu kimi siyasi liderlərin əsassız və gülünc iddialarla həbsə atılması xalqın hiddətinə səbəb olub:

Bu addımlar eyni dərəcədə irtica rejiminin ölkədə gündən-günə ağırlaşan sosial durum, dərinləşən iqtisadi böhran, eləcə də bütün bölgəni əhatə edən avrointeqrasiya hərəkatı və dünya çapında gözlənilən qlobal dəyişikliklər – demokratiyanın avtoritarizm üzərində qələbəsi fonunda ölkənin siyasi müstəvisini sıfırlamaq, alternativsizlik mühiti yaratmaqla özünü perspektiv geosiyasi və daxili sosial təhlükələrdən sığortalamaq cəhdidir”.

Milli Şura İlham Əliyev rejimini Azərbaycanı totalitar idarəçilik yoluna sürükləmək cəhdlərindən çəkinməyə çağırır:

Tofiq Yaqublu. Foto: Meydan TV
Tofiq Yaqublu. Foto: Meydan TV

Ailə hakimiyyətini qorumaq naminə yüz illik demokratiya ənənəsi olan dövlətimizi aid olduğu Güney Qafqaz geosiyasi müstəvisindən çıxarıb şərqə doğru itələmək bütün anlamlarda perspektivsiz və ziyanlı işdir. Tofiq Yaqublu, Qubad İbadoğlu, Hafiz Babalı, Sevinc Vaqifqızı, Ülvi Həsənli və digər siyasi məhbuslar dərhal azad edilməlidir. Beynəlxalq təşkilatları və demokratik dünyanı Azərbaycanda tüğyan edən repressiya rejiminin anti-insani əməllərinə biganə qalmamağa, insan hüquqları və azadlıqların düşməninə çevrilmiş Əliyev rejiminə qarşı ünvanlı sanksiyalar tətbiq etməyə çağırırıq”.

Dekabrın 13-də Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu həbs edilib.

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsi Tofiq Yaqublu haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib.

Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham olunan Tofiq Yaqublu məhkəmədə bu ittihamların saxta olduğunu bildirib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib. 6 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.

O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub. İddia olunub ki, o, “8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.

Bu dəfə Nizami Rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib. Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.

Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.

2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.

Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.

Bundan başqa, o, 2021-ci il dekabrın 1-də etiraz aksiyasında saxlanmış, həmin gün axşam saatlarında buraxılmışdı.

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı.

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi.

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ana səhifəSiyasətMilli Şura beynəlxalq təşkilatları Əliyev rejiminə sanksiyalar tətbiq etməyə çağırdı