close

Milli Şura inanclı vətəndaşların kütləvi həbsinə etiraz edir

Foto: Meydan TV

Təşkilat ölkədə ikinci “Tərtər hadisəsi”nin yaşanmasını istəmir

Demokratik Qüvvələrin Milli Şurası Azərbaycanda inanclı vətəndaşların kütləvi şəkildə həbsilə bağlı etiraz bəyanatı yayıb.

Milli Şura İranın, yaxud başqa bir ölkənin xeyrinə casusluq etməyi ən ağır cinayət sayır və bildirir ki, gerçəkdən də xəyanət edən şəxslərin ədalətli və açıq  məhkəmələr tərəfindən cəzalandırılmasına tərəfdardır:

“Ancaq biz onu da unutmamışıq ki, Tərtər cinayətlərində Ermənistana casusluq etmək ittihamı ilə həbs olunmuş, işgəncəyə məruz qalmış, bir çox hallarda işgəncə ilə öldürülmüş şəxslərin mütləq əksəriyyətinin sonda cinayətkar, casus yox, cinayət qurbanı olduğu sübuta yetirilib”.

Milli Şura hesab edir ki, Azərbaycanda heç bir halda növbəti “Tərtər cinayəti” kimi xarakterizə oluna biləcək cinayətlər baş verməməli, insanlar kütləvi və əsasız həbs edilməməlidir:

“Həbs olunmuş şəxslərin hər birinə qarşı ittihamlar yenidən və ciddi şəkildə araşdırılmalı, cinayət törətməmiş bütün şəxslər azad edilməlidir”.

Bəyanatda inanclı vətəndaşların kütləvi şəkildə həbsi, bəzi hallarda onlara işgəncə verilməsi haqda məlumatlardan narahatlıq ifadə olunur.

Milli Şura hakimiyyətə çağırış edir ki, İran casusu axtara-axtara ölkənin indiki halda günahsız olan insanlarını kütləvi şəkildə həbs etməsin:

“Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi bizim üçün qırmızı xətdir və toxunulmazdır. İran hakimiyyətindəki müxtəlif dairələrin Azərbaycana qarşı əsassız iddia və təhdidlərini də qətiyyətlə pisləyir və rədd edirik”.

Milli Şura İranda azərbaycanlıların öz hüquqlarını tələb etdiyi üçün kütləvi şəkildə həbsindən də narahatdır:

“Azərbaycan-İran münasibətlərinin gərginləşməsindən həm Azərbaycanda, həm də İranda yaşayan sadə azərbaycanlıların zərər görməsi bizi ciddi şəkildə narahat edir. İnanırıq ki, dövlətlərarası münasibətlərdə yaranan gərginliyə görə hər iki ölkədə yaşayan azərbaycanlıların kütləvi həbsi səhvdir və durdurulmalıdır”.

Təşkilat Azərbaycan-İran arasında mübahisə yaratmış məsələlərin diplomatik vasitələr və danışıqlar yolu ilə həllinə tərəfdardır.

Aprelin 2-də sosial şəbəkələrdə Milli Məclisin üzvü Fazil Mustafaya qarşı silahlı hücumla əlaqədar tutulması haqda sosial şəbəkələrdə məlumat yayılmışdı.

Həmin vaxt DİN-in mətbuat xidməti 6 nəfərin şübhəli şəxs qismində saxlandığını təsdiqləsə də, adları və başqa detalları açıqlamamışdı.

Sosial şəbəkələrdə açıqlanan adlar arasında Arif Cümşüdov və başqalarıyla yanaşı, İlkin Süleymanov adlı şəxsin də adı vardı.

Lakin onun yaxınları iki gün sonra Meydan TV-yə müsahibə verərək, onun təqsirsiz olduğunu, saxlandığı yer haqda ailə üzvlərinin məlumatlandırılmadığını bildirdilər.

Aprelin 5-də isə məlum oldu ki, İlkin Süleymanovun barəsində narkotik ittihamıyla cinayət işi başlanıb. İddia edilir ki, o, Binəqədi rayonu ərazisində saxlanılıb, üzərindən təxminən qram narkotik maddə tapılıb.

Ancaq aprelin 6-da hüquq-mühafizə orqanları Azərbaycanda şəriət qanunları ilə idarə olunan “Kərimə” dövlətinin qurulması məqsədilə dəstə yaradıldığı haqda növbəti açıqlama yayıb.

Məlumatda iddia olunur ki, İranın xüsusi xidmət orqanları maddiyyat və dini təbliğatla bir qrup adamı ələ alıb, Azərbaycanda sabitliyin pozulması istiqamətində cinayətlər hazırlanıb:

“İranda yaşayan Rufulla Axundzadə və Bəxtiyar Bayramov Tərtər rayon sakini Arif Cümşüdova şirnikləndirci vədlərlə silahlı iğtişaşlar yoluyla hakimiyyəti ələ keçirmək, şəriət qanunlarıyla idarə olunan “Kərimə” dövləti qurmaq üçün “müqavimətçi dəstə” yaratmaq haqda  tapşırıqlar veriblər”.

Ana səhifəSiyasətMilli Şura inanclı vətəndaşların kütləvi həbsinə etiraz edir