close

Peskov: “Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyi azalda bilər”

Dmitri Peskov, Foto: ID1974/shutterstock

Putinin mətbuat katibi üçtərəfli sazişləri problemin həllində real vasitə sayır

“Dağlıq Qarabağ üzrə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli sazişlər vəziyyətin həlli üçün yeganə real əsasdır və onların həyata keçirilməsi zəruridir”.

Bunu aprelin 19-da Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

Azərbaycan və Ermənistan rəsmilərinin son bəyanatlarını şərh edərkən Peskov bildirib ki, Rusiya gərginliyi azalda bilər:

Biz tərəflərin gərginliyin azaldılmasına gətirib çıxara biləcək və üçtərəfli razılaşmaların həyata keçirilməsi istiqamətində gələcək irəliləyişə töhfə verəcək istənilən addımı alqışlamağa hazırıq”.

Onun sözlərinə görə, üçtərəfli razılaşmalar indi nizamlanma üçün yeganə real əsasdır:

Ona görə də biz bütün müddəaların icrası yolunda irəliləyişi mübahisəsiz və hamı üçün zəruri hesab edirik”.

Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 18-də parlamentdə bildirib ki, Yerevan 2007-ci ildə “Madrid Prinsipləri”inə əsasən, Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıb:

“Bütün problem ondadır ki, 2018-ci ildə aldığı danışıqlar irsində Dağlıq Qarabağ xalqı anlayışı yoxdur, əhalisi anlayışı var. Bu sözlər çox önəmlidir. Bəli, Helsinki Aktına və bütün digər qanunlara görə, xalq konstitusiya subyektidir. Əhali konstitusiya subyekti deyil, yəni suverenliyin subyekti deyil. İkincisi, öz müqəddəratını təyinetmə deyiriksə, o zaman kimdən və haradan öz müqəddəratını təyin edirik? Məsələn, biz niyə Ermənistana öz müqəddəratını təyinetmə haqqında demirik, çünki Ermənistan 1991-ci il Almatı Bəyannaməsinə görə öz müqəddəratını təyin edib”.

O, Azərbaycanla sülhə hazır olduğunu ifadə edib:

Mən bu gün deyirəm: gəlin bununla üzləşəcəyimizə qərar verək, yoxsa bu reallıqla üzləşməsək, heç nə alınmayacaq”, – Paşinyan bildirib”.

İlham Əliyev aprelin 18-də Az.Tv-yə müsahibəsində söyləyib ki, Ermənistan tərəfinin mövqeyində son iki il ərzində müxtəlif ziqzaqlar, yəni dəyişikliklər olub:

“Nəticə etibarilə bizə belə gəlir ki, Ermənistan da prinsip etibarilə bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Qarabağda yaşayan ermənilər ya Azərbaycan vətəndaşlığını qəbul etməlidirlər, ya da ki, özləri üçün başqa yaşayış yeri tapmalıdırlar”.

“Burada tam sərbəstlik var, bütün demokratik əsaslar təklif olunur. Bu məsələ insan hüquqları əsasında öz həllini tapmalıdır. Bu gün bizim hərəkətlərimiz onu göstərir və niyyətimiz ondan ibarətdir ki, tezliklə sülh müqaviləsi imzalansın, Azərbaycanla Ermənistan arasında bu qarşıdurmaya son qoyulsun”, – Əliyev qeyd edib.

Tarixçə

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında qarşıdurma başlayıb.

Ümumilikdə 44 gün sürən və İkinci Qarabağ müharibəsi adlandırılan münaqişədə hər iki tərəfdən 6 mindən artıq hərbçi həlak olub.

Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb.

Bundan sonra Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib.

İkinci Qarabağ müharibəsindən öncə, 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

Münaqişə SSRİ dönəmindən Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb.

Ana səhifəSiyasətPeskov: “Rusiya Azərbaycanla Ermənistan arasında gərginliyi azalda bilər”