close

Mingəçevirdə: “Xəstəxananın doğum şöbəsində zibillər otağa yığılır”

Fotolar: Meydan TV

Zibillərin vaxtında daşınmaması anti-sanitariya vəziyyəti yaradıb

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının doğum şöbəsində müalicə alanlar kəskin iydən, natəmizlikdən gileylidirlər.

Yeni ana olmuş M.A deyib ki, yatdığı palatada iydən nəfəs tutulur, divarlarda böcəklər gəzir.
Xəstəxananın işdən çıxarılma qorxusu ilə adının çəkilməsini istəməyən əməkdaşı da hamilə qadınların, yeni ana olanların narazılığını haqlı sayır.

“Doğum evində tullantılar vaxtlı-vaxtında daşınmır, boş otağa yığılır. Nəticədə qalanmış tullantıların kəskin iyi palatalara yayılır, ən təhlükəlisi isə odur ki, natəmizlikdən yaranan həşəratlar bütün xəstəxanaya yayılır. Təsəvvür edin, divarlarda, xəstənin şkafında, çarpayılarda böcəklər gəzir, onsuz da doğuşdan sonra zəifləmiş, yaxud gərginlik içində olan qadınlar daha da narahat olurlar”,-xəstəxananın əməkdaşı deyib.

O bildirib ki, xəstələrin müalicəsi ilə məşğul olan müəssisənin özü xəstəlik mənbəyinə çevrilib. Xəstələrin narazılıqları nəzərə alınmır, işçilər isə qorxularından səslərini çıxara bilmirlər.

Tullantıların vaxtlı-vaxtında daşınmamasının səbəbi kimi xəstəxananın Mingəçevir Şəhər Yaşıllaşdırma və Sanitar-Təmizlik İdarəsi ilə müqavilə bağlamaması göstərilir.

Tibbi tullantıların idarəolunmasına dair tələblər mövcuddur. Tibb müəssisəsində tullantıları infeksion və ya qeyri-infeksion (məişət) tullantılarına ayırmalı, tullantılar daşınandan sonra təyinatına uyğun məhv edilməlidir. Hələ pandemiyanın pik vaxtlarında xəstəxanalarda tullantıların daşınması ilə bağlı problemlərin olduğu məlum olmuşdu.

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasından Meydan TV-nin suallarını cavablandırmaqdan imtina ediblər. Bildiriblər ki, mətbuatın suallarına TƏBİB cavab verə bilər. TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova isə məzuniyyətdə olduğunu bildirib, digər əməkdaşlar isə sualları cavablandırmayıblar.

Ana səhifəBölgəMingəçevirdə: “Xəstəxananın doğum şöbəsində zibillər otağa yığılır”