close

Minsk Qrupunun sabiq həmsədri: “Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq”

Keri Kavano. Foto: screenshot

Keri Kavano Azərbaycana sanksiyaların tətbiq ediləcəyinə inanmır

ATƏT-in Minsk Qrupunun sabiq amerikalı həmsədri, Kentukki Universitetinin Patterson diplomatiya məktəbinin professoru Keri Kavano Qarabağda baş verən son hadisələrlə bağlı “News.az”ın “Güc faktoru” proqramında danışıb.

O, Azərbaycanın son hərbi əməliyyatına və bu ölkənin Dağlıq Qarabağda (“Artsax”) etnik təmizləmə aparıb-aparmaması məsələsinə də toxunub.

“Zənnimcə, Əliyev hərbi əməliyyata başlayarkən xüsusi bir qarşıdurma və əhəmiyyətli təzyiqlə qarşılaşmayacağını anlamışdı. O, problemin hərbi yolla həll olunması üçün əlverişli şərait gözləyirdi və lazım olan anda bunu gerçəkləşdirdi”.

Diplomatın sözlərinə görə, Əliyev üçün ilk siqnal Laçın dəhlizi bağlanandan sonra onun açılması üçün xüsusi təzyiqlərin edilməməsi olub.

“Üstəlik, iyun ayında mühasirə sərtləşəndən sonra o yenə heç bir addımın atılmadığını gördü. Əliyev, əlbəttə, bilirdi ki, Moskvanın başı Ukraynadakı hadisələrə qarışıb. Odur ki, Əliyev problemi hərbi yolla həll etmək üçün əlverişli şərait gözləyirdi və şərait yaranan kimi hərəkətə keçdi”, – Kavano qeyd edib.

Kavano deyib ki, rusiyalı sülhməramlılar Azərbaycanın hücumunun qarşısını almaq üçün yetərincə silahlanmayıblar:

Rusiya bölgəyə yaxın olduğu üçün münaqişənin tənzimlənməsində aparıcı rol oynayırdı. Üstəlik, Ermənistanda Rusiyanın hərbi bazası yerləşirdi. Daha sonra Rusiya Dağlıq Qarabağ vətəndaşlarının müdafiəsində öz üzərinə böyük bir məsuliyyət götürdü. Bu məsuliyyət 2020-ci ildə imzalanmış razılaşmadan sonra daha da artdı. Amma biz rusiyalı hərbçilərin heç bir addım atmadığını gördük”.

Etiraf edirəm ki, orada dəhlizlə keçidi təmin edən və ümumilikdə təmas xəttində hərbi əməliyyatların qarşısını alan 1960 sülhməramlı ötən həftə baş verənlərin qarşısını almaq üçün yetərincə silaha malik deyildilər. Odur ki, onlar bu halda heç nə edə bilməzdilər. Bu, beynəlxalq ictimaiyyət üçün də aydın idi. Yol bağlı olarkən onların həmin yolu açacaqlarını gözləyirdilər, lakin bu baş vermədi”, – Minsk Qrupunun sabiq həmsədri qeyd edib.

Kavanonun fikrincə, indi baş verənlər yetərincə səy göstərilməyən və xüsusi bir addım atmayan vasitəçilərin iflasıdır:

Digər tərəfdən, ABŞ və Avropa tərəflərə hər hansı bir qərarı sırıya bilməz. Tərəflərin özü həll yolu tapa bilməyib, onlar bir neçə dəfə buna yaxın olublar, lakin həmin xətti keçə bilməyiblər, bu reallığı qəbul etməyiblər, ya da xalqlarını ona hazırlamaq üçün siyasi cəsarətə malik olmayıblar və beləcə, ona nail olmaq üçün zəruri addımları atmayıblar”.

Ermənistan-Azərbaycan danışıqlarına vasitəçi kimi cəlb olunmuş ABŞ və Avropa Birliyi son aylar təsdiqləyirdilər ki, Azərbaycan Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarına zəmanət verməlidir, lakin Azərbaycan yenə hərbi yolla getdi, Artsax (“Dağlıq Qarabağ”) xalqını zorla deportasiya etdi və erməniləri öz vətənlərindən getməyə məcbur etdi. Niyə Qərb vasitəçiləri, məsələn, Dağlıq Qarabağdakı etnik təmizləmənin qarşısını almaq üçün Azərbaycana qarşı sanksiya tətbiq etmədilər?” sualına cavab verən Kavano ümid edir ki, ABŞ və Aİ hazırda məlum variantı nəzərdən keçirəcək:

Hazırda bu məsələyə baxıldığına və onların Qarabağ ermənilərinin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycana qarşı sanksiya tətbiq edəcəklərinə ümid bəsləyirəm. Danışıqlar gedərkən dialoq pozitiv yöndə idi, baş tutan görüşlərsə sanki uğur vəd edirdi. Düşünmürəm ki, Avropa ölkələri bu şərtlər altında Azərbaycana münasibətdə sanksiyalar tətbiq etsinlər”, – Kavano qeyd edib.

O deyib ki, vəziyyətin bu həddə çatması kədərlidir.

Sabiq həmsədrin fikrincə, tamamilə başqa nəticələrin olması üçün xeyli imkan var idi:

Sülh danışıqlarının keçdiyi üç onillik ərzində elə anlar var idi ki, sanki nəyəsə nai oluna bilərdi. Diplomatik dialoq sayəsində sülh yarana bilərdi. Bu günsə 2020-ci ildə baş verənlər təkrarlandı: Azərbaycan diplomatik dialoqdan imtina etdi və öz məqsədlərinə nail olmaq üçün güc tətbiq etdi. Nəticədə hazırda biz Dağlıq Qarabağdan qaçan, sonu görünməyən insan axınının şahidi oluruq. Belə ki, onlar öz təhlükəsizliklərinə görə narahatdırlar və bundan belə orada yaşaya biləcəklərinə əmin deyillər”.

Ermənilərin Qarabağdan kütləvi axını

Qarabağdan Ermənistana gedənlərin sayının 76 407 nəfər olduğu deyilir.

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan yerli mediaya danışıb.

Onun sözlərinə görə, gələnlərdən 17 153 nəfəri Ermənistan hökuməti tərəfindən verilən mənzillərdən istifadə edir.

Azərbaycan rəsmi orqanları bölgəni tərk edən ermənilərin statistikasını hələ açıqlamayıb.

Separatçı “DQR”-in ləğvi

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Mövcud ağır hərbi-siyasi vəziyyətlə əlaqədar olaraq, Rusiya sülhməramlı qüvvələri komandanlığının vasitəçiliyi ilə əldə edilmiş razılaşmanı nəzərə alaraq, Artsax xalqının fiziki təhlükəsizliyinin və həyati maraqlarının təmin edilməsi prioritetinə əsaslanaraq Azərbaycan Respublikasının nümayəndələri ilə şərtlənir ki, Dağlıq Qarabağ sakinlərinin, o cümlədən silahı yerə qoymuş hərbi qulluqçuların əmlakı öz nəqliyyat vasitələri ilə Laçın dəhlizi ilə sərbəst, könüllü və maneəsiz gediş-gəlişi Azərbaycan Respublikasının Qanununun 93-cü maddəsini rəhbər tutmaqla təmin edilir”, – deyə sənəddə bildirilir.

Separatçı respublika nə vaxt yaranıb?

1991-ci il dekabrın 10-da azərbaycanlıların boykot etdiyi və yalnız ermənilərin qatıldığı referendum keçirilib.

Referendumun nəticəsinə görə, 6 yanvar 1992-ci ildə “Dağlıq Qarabağ Respublikası” rəsmən elan olunub. Lakin Ermənistan da daxil olmaqla, heç bir ölkə və ya beynəlxalq qurum rejimin müstəqilliyini tanımayıb.

Dağlıq Qarabağ və digər işğal edilmiş ərazilər BMT-də daxil olmaqla, bütün dünya dövlətləri tərəfindən Azərbaycanın suveren ərazisi kimi tanınıb.

Qarabağda son əməliyyatlar

Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 19-da Qarabağda lokal hərbi əməliyyatlara başladığını açıqlayıb.

Qurumun yaydığı rəsmi məlumatda deyilir ki, buna səbəb törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazidən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsidir.

Əməliyyatlar sentyabrın 19-da səhərə yaxın saat 4:30 radələrində Xocavəndin Tağaverd kəndi ərazisində yeni inşa olunan tunel yolunda polis əməkdaşlarının olduğu “Kamaz”ın minaya düşməsi və nəticədə 4 polisin, həmçinin “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin iki əməkdaşının hadisə yerində həlak olması ilə əsaslandırılır.

İkinci Qarabağ münaqişənin qısa xronikası

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Tərəflər arasında indiyə kimi sülh sazişi imzalanmayıb.

Azərbaycan Xankəndi və digər ərazilərdə qanunsuz erməni silahlı birləşmələrinin olduğunu iddia edirdi.

Ana səhifəSiyasətMinsk Qrupunun sabiq həmsədri: “Əliyev bilirdi ki, ona ciddi təzyiq olmayacaq”