close

Pünhan arzular

Foto: “Azərtac”

Zərdüşt Əlizadə

Hakimiyyət mümkün qədər barışdırıcı addım atmalıdır

2021-ci ildə Nikol Paşinyanın partiyası 44 günlük müharibədə ağır məğlubiyyətdən sonra növbədənkənar parlament seçkiləri keçirmək barədə qərar çıxardı. Partiya seçki proqramında Qarabağla bağlı əsas hədəfini belə ifadə etdi: “XİLAS NAMİNƏ AYRILMA”.

Zərdüşt Əlizadə
Foto: Meydan TV

Bu üç sözü erməni seçicisinə belə izah etdilər: Ermənistan Qarabağ müşkülünü Kosovo nümunəsinə uyğun həll etməlidir. Kosovo nümunəsi isə, bilənlər bilir, birləşmiş Qərb, ilk növbədə ABŞ silahlı qüvvələrinin Serbiya üzərində hərbi qələbəsindən sonra əlbir olaraq “alban əhalisini etnik təmizləmədən və soyqırımdan xilas etmək məqsədilə Kosovonu Serbiyadan ayırmaq, onu müstəqil dövlətə çevirməkdən” ibarət idi. Bu nümunə, əlbəttə ki, beynəlxalq hüququ kobud pozurdu, zira beynəlxalq qanuna görə, “heç bir dövlətin ərazisi onun iradəsinə rəğmən ondan ayrıla bilməz”. Lakin beynəlxalq hüququn böylə gözgörəsi ayaqlanmasına qərar verən Qərb (oxu: ABŞ) bu aşkar özbaşınalığı alban əhalisinə qarşı Serbiyanın yürütdüyü etnik təmizləmə siyasətinin (300 000 -dən çox serbiyalı alban Albaniyaya qaçmışdı) qarşısını almaq niyyəti ilə izah etdi və dünya ictimaiyyətini sakitləşdirmək üçün dedi ki: “bu, presedent ola bilməz”. Yəni cinayət törədib qanunu bir dəfə pozuruq, lakin bu pozuntu örnək olmayacaq və bir daha təkrarlanmayacaq.

ABŞ-ın kölgəsində yaşayıb dolanan təxminən 100 dövlət quzu balası kimi beynəlxalq hüququ, Serbiyanın ərazi bütövlüyünü tapdaladı və Kosovonun müstəqilliyini tanıdı.

İndi Qərb 30 ildir Serbiyanın qolunu burur, istəyir ki, Serbiya özü bu cinayətin qanuniliyini tanısın və demokratik Qərbin aşkar azğınlığına bəraət qazandırsın. Əvəzində Serbiyaya qoğal, yəni Avropa İttifaqına üzvlük və maddi yardım vəd edirlər.

“Presedent deyil” deməyinə dedilər, lakin bu cinayət hər bir azğın dövlət üçün örnək oldu. Rusiya 2008-ci ilin avqust ayının 8-də Gürcüstana hücum etdi, onun ordusunu darmadağın etdi və bundan sonra separatçı Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanıdı. Suriya, Nikaraqua və Eritreya kimi bir neçə üç manatlıq dövlət Rusiyaya dəstək verdi.

Qərbin və Rusiyanın beynəlxalq hüququ aşkar pozmasından ruhlanan erməni irredentistləri ümidlərini məhz bu “xilas naminə ayrılma” modelinə bağlayıb onu özlərinə örnək seçiblər. 

Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ ermənilərinin bu mütəşəkkil köçünü “etnik təmizləmə” adlandırır.

Hakimiyyət, bu, hərbi sirr deyil, öz inteqrasiya və reinteqrasiya təkliflərini açıqlamalı, bütün dünyaya göstərməlidir.

Bəli, indi bizim ictimaiyyət, bəziləri sevincək, bəziləri heyrətlə, Qarabağ ermənilərinin bu aramsız köçünə tamaşa edib bu kütləviliyin mənasını anlamır. Lakin həqiqətən böyük insan faciəsi olan bu köçə tamaşa edən Yerevan siyasiləri sevinərək deyirlər ki, “əla, xilas naminə ayrılma” əməliyyatı üçün gözəl fürsət yaranır.

Onlar ümid edirlər ki, Qarabağın bütün erməni əhalisini özləri qova-qova Ermənistana gətirəndən sonra erməni strategiyasının növbəti “ŞƏR” mərhələsi başlanacaq. Bu dəfə artıq ortaya Fransa və ola bilsin ki, ABŞ düşüb bütün dünyaya haray salacaqlar, qışqırıb-ağlayıb hamıya deyəcəklər ki, Azərbaycan rəhbərliyi bu məsum və zavallı Qarabağ ermənilərini etnik təmizləməyə məruz qoyub, doğma yurdundan qovub, onların hüquqlarını təmin edib evlərinə qaytarmaq, onları xilas etmək üçün Qarabağı Azərbaycandan ayırmaq lazımdır.

Azərbaycanda kim, hansı səsini azca da olsa çıxarmağa cürət edən insan deyə bilər ki, “Yox, demokratik Qərb belə ədalətsizliyə getməz”? Bəli, bizim əhali arasında mənim kədərlə “demşiza”, yəni “demokratik şizofrenik” adlandırdığım vücudlar var. Onlar, dünya dağılsa da, özləri əmindirlər və hamını inandırırlar ki, Qərb dövlətləri öz siyasətlərində yalnız və yalnız ülvi amallara riayət edirlər.

Belələrinə nəyisə izah etmək əbəsdir.

Bəli, bizim əhali arasında dünyadan bixəbər, yalnız instinktlərlə yaşayan insanlar var ki, indi onlar bədbəxt Qarabağ ermənilərinin bu köçünə tamaşa edib öz ibtidai qisas hissini söndürməkdən həzz alırlar.  Onlar bir-birinin yanında iki fotoşəkli yerləşdirib 1992-ci ildə azərbaycanlıların qucaqlarında uşaq, qarlı keçidlərdən ayaqyalın piyada qaçmasını və erməni əhalisinin 2023-cü ildə avtobus , yük və minik avtomobillərində nisbətən rahat köçünü göstərib deyirlər ki, “ədalət bax, belə zəfər çalır”.

Belələri də insaf, comərdlik və mürvətin nə olduğunu anlamaz.

Deyə bilmərəm ki, erməni siyasilərinin bu pünhan arzuları həyata keçəcək. Çox ola bilsin ki, arzuları, necə ki, bundan əvvəl də çox belə olub, ürəklərində qalacaq. Allah eləsin.

Lakin nə dövlət, nə də cəmiyyət sayıqlığını itirməlidir. Siyasətçilərin əksəriyyəti, – içi erməni siyasətçiləri qarışıq, – elə məxluqdur ki, öz məqsədləri naminə istənilən sayda insanı bada verə bilər. Bada verdiklərinin doğma və ya yad millətə mənsub olmasının onlar üçün zərrə qədər əhəmiyyəti yoxdur.  Biz müasir tariximizdə dəfələrlə görmüşük ki, erməni siyasətçiləri erməni əhalisini olmazın qırğınlara veriblər ki, siyasi mənfəət qazansınlar.

Məncə, bu məqamda bizim dövlətə “şər deməsən, xeyir gəlməz” məsəlinə uyğun hərəkət etmək, gözlənilən təhlükəni qabaqlamaq lazımdır.

Hakimiyyət mümkün qədər barışdırıcı addım atmalıdır. Çalışmalıdır ki, Xankəndidə mümkün qədər çox erməni əhalisi qalsın. Son 30 il ərzində Qarabağ erməniləri ilə insani əlaqələrini saxlamış vətəndaş cəmiyyəti fəallarına imkan yaratmalıdır ki, elə indinin özündə öz həmkarları ilə ünsiyyət qursunlar. Hakimiyyət, bu, hərbi sirr deyil, öz inteqrasiya və reinteqrasiya təkliflərini açıqlamalı, bütün dünyaya göstərməlidir.

Əks halda heç kim zəmanət verə bilməz ki, ermənilərin pünhan arzularını gerçəkləşdirmək üçün başda Fransa olmaqla beynəlxalq missiyalar meydana düşməyəcək.

Ana səhifəMənim FikrimcəPünhan arzular