close

Moskva Bakı və Yerevanın sülh sazişinə hazır olmadığını deyir

Ermənistan, Rusiya və Azərbaycan. Foto: Borka Kiss/shutterstock

Denis Qonçar: “Həllini gözləyən çətin məsələlər var”

Rusiya Azərbaycan və Ermənistanın heç bir şərtlə sülh müqaviləsi bağlamağa hazır olmadığını deyir.

Bu barədə avqustun 4-də Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar SİTA-ya müsahibəsində bildirib.

Denis Qonçar hələ həllini gözləyən çətin məsələlərin olduğunu vurğulayıb.

Bu ölkələr arasında sülhün bərqərar olmasına hansı problemlər mane olur?” sualına Qonçar belə cavab verib:

“Bakı və Yerevandan mümkün qədər tez sülhə nail olmaq öhdəliyi ilə bağlı siqnallar o demək deyil ki, tərəflər istənilən şərtlərlə razılaşmağa hazırdır. Biz hələ də bir sıra çətin mövzular üzrə həll yollarını tapmalıyıq”.

Diplomatın sözlərinə görə, problemlərdən ən mühümü Azərbaycanın hüquq sistemində Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyinin təmin edilməsi və hamı tərəfindən tanınmış hüquqlarına riayət olunmasıdır:

“Tərəflər qarşılıqlı olaraq 1991-ci il Alma-Ata Bəyannaməsinin effektivliyini təsdiq edib. Sülh sazişinin həyata keçirilməsi üçün elə bir beynəlxalq dəstək mexanizmi tələb olunur ki, Ermənistanla Azərbaycanın suverenliyini və siyasi müstəqilliyini şübhə altına almasın”.

O vurğulayıb ki, Rusiya sülh müqaviləsinin hazırlanmasında tərəflərə fəal şəkildə kömək edir:

Denis Qonçar. Mənbə: mid.ru

“Ermənistan-Azərbaycan sülh müqaviləsinin hazırlanması Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli sazişlərin elementlərindən biridir. Rusiya bütün səviyyələrdə siyasi-diplomatik kanallardan istifadə edərək bu sənədin hazırlanmasında Bakı və Yerevana fəal şəkildə kömək edir: üçtərəfli sammitlər hər il keçirilir, xarici işlər nazirləri müntəzəm olaraq görüşürlər”.

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Denis Qonçarın söylədiklərini Meydan TV-yə şərh edərkən Rusiyanın postsovet məkanında real imkanlarının məhdud olduğunu bildirib:

“Moskva, sadəcə, ya Yerevanın, yaxud da Bakının xeyrinə olan bəyanatlarla öz mövqeyini gündəmdə saxlamaq istəyir. Ona görə də belə bəyanatlara çox da önəm vermək lazım deyil. Çünki Qonçarın nə demək istədiyini başa düşürük və Moskvanın bu məsələdə hansısa rolunu görmürük. Hələ 2 il əvvəl Azərbaycan dövlət başçısı Rusiya Prezidenti ilə görüşdə birmənalı şəkildə bəyan etdi ki, bu məsələ artıq bitib və daxili məsələmizdir. Yəni o deməkdir ki, kiminsə rəyini və müdaxiləsini gözləmirik”.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov
Tofiq Zülfüqarov, Foto: Axar.az

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 2-də “Euronews” televiziyasına müsahibəsində demişdi ki, sülh üçün ardıcıl işləmək lazımdır:

Heç kim sülhə nail olmağın asan olacağına söz vermədi. Əgər asan olsaydı, sülh çoxdan bərqərar olardı”.

Elə həmin tarixdə “Euronews”a müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistandakı ermənilərə: “Biz onların dövləti ilə sülh istəyirik, bizim Ermənistana qarşı ərazi iddialarımız yoxdur”, – deyə mesajını vermişdi.

Münaqişənin qısa xronikası

Azərbaycan və Ermənistan arasında olan Qarabağ münaqişəsinin ilkin mərhələsi 1988-ci ildə başlayıb.

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayan və 1994-cü ildə imzalanan atəşkəs razılaşması ilə bitən Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı üçtərəfli birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Hazırkı mərhələdə ərazidə tez-tez atəşkəs pozulur, hətta günlərlə sürən döyüşlər baş verir.

Nəticədə hər iki tərəf itki verir və buna görə bir-birlərini günahlandırırlar.

Ana səhifəSiyasətMoskva Bakı və Yerevanın sülh sazişinə hazır olmadığını deyir