close

Mövlam Şıxəliyev general-mayor rütbəsindən məhrum edildi

Foto: Mövlam Şıxəliyevin yaxınlarının arxivindən

Prezidentin sərəncamı ilə “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medalları da əlindən alınıb

Uzun illər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinə rəhbərlik etmiş, 2021-ci ilin aprelindən həbsdə olan Mövlam Şıxəliyev iyulun 24-də general-mayor rütbəsindən məhrum edilib. Bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən,Mövlam Şıxəliyev general-mayor rütbəsilə yanaşı, həm də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından da məhrum edilib.

Bakı Hərbi Məhkəməsinin Mövlam Şıxəliyev haqqında 21 sentyabr 2022-ci il tarixli hökmündə onun 12 il azadlıqdan məhrum edilməsilə yanaşı, həm də rütbəsinin, orden və medallarının alınması, əmlaklarının müsadirəsi məsələsi əksini tapmışdı. General rütbəsi, müəyyən orden və medalları prezident verdiyinə görə onların alınması da onun sərəncamıyla həyata keçirilir.

Mövlam Şıxəliyev haqqında hökm 2023-cü ilin aprelində – apelyasiya məhkəməsinin qərarından sonra qüvvəyə minib. O, hökmdən şikayət verərək, bəraət istəsə də, şikayəti təmin olunmayıb. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişmədən qüvvədə saxlanılıb.

Mövlam Şıxəliyev vaxtilə MTN-də onun tabeliyində işləmiş üç polkovniklə birlikdə – İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov, II şöbənin rəisi Vüsal Ələkbərov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovla mühakimə olunurdu. Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib. Onların da rütbələri, orden və medallarının alınması məsələsi hökmdə əksini tapıb.

Yasin Məmmədov və Sahib Ələkbərov. Foto: Meydan TV

Bu, Vüsal Ələkbərovun ikinci məhkumluğudur. Birinci dəfə onun rütbəsi də, mükafatları da alınmışdı. Yasin Məmmədov və Sahib Ələkbərova gəlincə, onlar da prezidentin 24 iyul 2023-cü il tarixli sərəncamına əsasən, “Vətən uğrunda” medalından məhrum ediliblər.

Adları çəkilən keçmiş MTN-çilər haqqında cinayət işinin materiallarında göstərilib ki, onlar müxtəlif iş adamlarını hədələyib, onları zorla nazirliyə gətirdiblər. Orada onların barəsində saxta ittihamlarla cinayət işi başlanıb, bir müddət həbsdə saxlandıqdan sonra külli miqdarda pullarını, əmlaklarını alıb, xəstə olmaları haqda ekspertiza rəyilə azad ediblər.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər. Deyirlər ki, bu işləri özbaşına eləyə bilməzdilər, kiminsə haqqında cinayət işi başlanması, yaxud həbsdən buraxılması üçün mütləq prokurorluğun yazılı razılığı olmalıydı. Onlar keçmiş Baş prokuror Zakir Qaralov və onun birinci müavini olmuş Rüstəm Usubovun məhkəməyə çağırılıb dindirilməsini də tələb edirdilər.

Ana səhifəSiyasətMövlam Şıxəliyev general-mayor rütbəsindən məhrum edildi