close

Qiyas İbrahimovun həbs müddəti başa çatdı

Qiyas İbrahim. Foto: Ülviyyə Əli

İctimai fəal azadlığa çıxıb

İctimai fəal Qiyas İbrahimov iyulun 24-də həbsdən buraxılıb. Onun 32 günlük inzibati həbs cəzası başa çatıb.

Qiyas İbrahimov iyunun 22-də İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə saxlanmış, ardınca Nizami rayon Məhkəməsinin qərarıyla 30 sutka həbs olunmuşdu.

Həbsdə ola-ola – iyunun 24-də yenidən məhkəmə qarşısına çıxarılan ictimai fəalın cəzası artırılmışdı. Bu dəfə o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1 (internet resursuna qadağan olunmuş məlumatların yerləşdirilməsi) maddəsilə ittiham olunurdu. Söhbət Qiyas İbrahimovun iyunun 22-də “Facebook” hesabında yazdığı statusdan gedirdi. Həmin statusa görə ictimai fəala daha 30 sutka cəza kəsilmiş, bu cəzanın çəkilmə müddəti iyunun 24-dən hesablanmışdı. Belə olan halda, iki qərar birləşdirildikdə onun ümumi cəzası 32 gün olurdu.

İctimai fəalın anası Şura Əmiraslanova Meydan TV-yə bildirib ki, əslində, Qiyas İbrahimov elə birinci dəfə – iyunun 22-də həmin statusa görə həbs olunmuşdu. Status paylaşılandan sonra evlərinə polislər gələrək, Qiyas İbrahimovdan paylaşımını silməyi tələb ediblər. Lakin oğlu silməkdən imtina edib. Bundan sonra Qiyas İbrahimovu götürüb polis bölməsinə, oradan da məhkəməyə aparıblar.

Sözügedən statusda Qiyas İbrahimov polisin Gədəbəyin Söyüdlü kəndində əhaliyə qarşı davranışına, daha sonra etirazçıların həbsinə kəskin ifadələrlə etiraz edib.

Qiyas İbrahimov 2016-cı ildə digər gənc fəal Bayram Məmmədovla birlikdə mərhum prezident Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” yazandan sonra narkotik ittihamıyla həbs olunmuş, onların hər birinə 10 il həbs cəzası kəsilmişdi. Təxminən 3 il sonra onlar əfv sərəncamıyla azadlığa buraxıldılar. “Amnesty İnternational” onları “vicdan məhbusu” elan etmişdi.

Ana səhifəXəbərlərQiyas İbrahimovun həbs müddəti başa çatdı